“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

Xarici media Azərbaycanın İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alması barədə materiallar dərc ediblər.

Xudaferin.eu AZƏRTAC-a istianadən xəbər verir ki, Rusiyanın “AviaPort” profilli informasiya agentliyinin və ABŞ-ın “The Defense Post” nəşrinin materiallarında bildirilir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Materiallarda qeyd olunur ki, dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, əməliyyat və digər göstəriciləri barədə məlumat verilib.

“AviaPort” agentliyi Prezident Administrasiyasının məlumatına istinadla yazır: “Çətin coğrafi və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadir olan təyyarə hərbi daşımalar, paraşütçülərin və yüklərin havadan buraxılması, həmçinin tibbi missiyalar üçün istifadə olunacaq”.

“The Defence Post” nəşri “C-27J Spartan” təyyarəsinin Azərbaycanda hərbi-nəqliyyat əməliyyatlarında və tibbi missiyalarda istifadə olunacağı barədə məlumat verməklə yanaşı, oxucuları təyyarənin xüsusiyyətləri ilə də tanış edir. Məqalədə qeyd olunur ki, onun maksimal faydalı yük əmsalı 11500 kiloqram, ən uzaq uçuş məsafəsi isə 1760 kilometrdir. Təyyarənin güc qurğusu iki “Rolls-Royce” turbovintli mühərrikdən ibarətdir.

Materialların tam mətni ilə göstərilən media orqanlarının saytlarında tanış olmaq mümkündür.

Xudaferin.eu

16:15