“Demokrat” riyakar qiyafəsində

Fransa Senatının qərəzli qətnaməsindən iki həftə sonra bu ölkənin Milli Assambleyasının qəbul etdiyi eyni məzmunlu, deyərdim ki, əvvəlki qətnamənin təkrarı olan kağız parçası ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt idi. Əslində, bu çirkin siyasi kampaniyada əsas niyyət Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq və dünya birliyində getdikcə artan nüfuzuna xələl gətirmək idi. Fransa Senatı və Milli Assambleyasının qəbul etdikləri eyni məzmunlu qətnamələr özünü “demokrat” hesab edən ölkənin siyasi riyakarlığının bariz göstəricisidir. Necə deyərlər, “demokrat” bu dəfə riyakar qiyafəsində peyda olub. Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə cəhd göstərən Fransanın təxribatçı addımları regionda yeni təhlükələrin yaranmasına şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O, 256 deputatın lehinə səs verdiyi Milli Assambleyanın qəbul etdiyi qərəzli qətnamədən söhbət açaraq bildirib ki, Fransa dönüb keçmişinə nəzər salsa, bir daha görər ki, 50-dən artıq dövlətin ərazisini işğal etmiş, talamışdır. Həmin ölkələrin xalqlarını uzun müddət əsarətdə saxlaması və insanlıq əleyhinə dəhşətli cinayətlər törətməsi dünya ictimaiyyətinə də bəllidir. Bu soyqırımı faktları Fransa kimi “demokratik” ölkənin tarixində silinməz qara ləkədir. Bütün bunları sanki “yaddan çıxaran” Fransanın bu gün işğalçı Ermənistanın müdafiəsinə qalxması və törətdiyi dəhşətli qətllərin üstünü malalamağa çalışması başadüşüləndir. Çünki Ermənistan da Fransanın yolunu davam etdirir.

Siyasi şərhçi fransalı deputatlara xatırladıb ki, 30 il işğal altında qalan, bu müddət ərzində viranə qoyulmuş yaşayış məntəqələri, tarixi mədəni abidələr Azərbaycana məxsus idi və doğma ata-baba yurdlarından didərgin salınan, evləri çapıb-talanan, dəhşətli soyqırımına, terrora məruz qalanlar da Azərbaycan vətəndaşları idi, “zavallı” ermənilər yox. Əlcəzair və Afrikada əli qana batmış Fransanın Azərbaycanı təcavüzkar dövlət adlandırması ağa qara deməyə bənzəyir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iyirmi səkkiz il vasitəçilik etmiş, bu gün tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olmuş, bu müddət ərzində işğalçı ilə işğala məruz qalan ölkəni müəyyənləşdirə bilməməsi Fransanın “obyektivliyi”nin bariz nümunəsidir.

Əliqismət Bədəlov Fransa Xarici İşlər Nazirliyinin “Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə Parisin rəsmi mövqeyini əks etdirmir” bəyanatına da münasibət bildirib. Deyib ki, bu da növbəti riyakarlıqdır: “Çünki hər iki qətnamə layihəsinin həmmüəllifləri ölkə Prezidenti Emmanuel Makronun Renessans partiyasının üzvləri olan deputatlardır. Bu fakt qətnamələrin arxasında Fransa hökumətinin dayandığından xəbər verir. Beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olan hər iki qətnamə bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xələl gətirir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq tədbirdəki çıxışını xatırladan siyasi şərhçi deyib: “Dövlətimizin başçısı ilk dəfə deyildi ki, “düşünən beyinlər” qarşısında daxili və xarici, eyni zamanda, Azərbaycanın prinsipial mövqeyi barədə çıxış edirdi. Azərbaycan Prezidentinin bu çıxışı dünya ictimaiyyətinin diqqətini cəlb etdi və Avropanın aparıcı kütləvi informasiya vasitələrində geniş müzakirə olundu. Prezident dünyaya önəmli mesajlar verdi: “Heç bir dövlət Azərbaycanın müstəqilliyini və suveren hüquqlarını poza və sərhədlərinin qurulmasına mane ola bilməz”.

“Prezident İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri ilə gözlənilən görüşdən imtina etməsinin səbəbi tamamilə məntiqlidir. Artıq dünya Azərbaycanı qalib ölkə kimi qəbul edir. Müstəqilliyini yeni qazanmış və hazırda dünyada söz sahibinə çevrilmiş kiçik bir dövlətin liderinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin – Fransa Prezidenti Emmanuel Makronun da iştirak edəcəyi görüşdən imtinası Azərbaycanın gücünün, getdikcə artan reytinqinin və öz hüquqlarını qorumaq bacarığına malik olmasının göstəricisidir”, – deyə Ə.Bədəlov bildirib.

Xudaferin.eu

16:41