Deputat: Bəzi beynəlxalq dairələr Türkiyənin güclənməsini həzm edə bilmir

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri demokratiyanın təntənəsi, türk xalqının milli iradəsinin göstəricisidir. Bu seçkilər qardaş ölkədə demokratik dəyərlərin daim öndə olduğunu təsdiqlədi. Yüz yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş prezident və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Parti hakimiyyəti Türkiyəni daha da gücləndirib, bu gün dünyada Türkiyə ilə hesablaşmağa məcburdurlar. Bundan sonra da, böyük hədəflərimizə çatmaq üçün siyasi sabitlik və iqtisadi inkişafın qorunması çox önəmlidir. Bu istiqrarın saxlanılmasında Rəcəb Tayyib Ərdoğanın liderliyi böyük önəm kəsb edir. Parlament seçkilərində AK Parti qələbə qazandı. Prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə öndə oldu. İkinci turda da türk xalqının milli iradəsinin qalib gələcəyinə heç bir şübhə yoxdur.

Deputatın sözlərinə görə, bəzi beynəlxalq dairələr Türkiyənin güclənməsini həzm edə bilmir. Ona görə də, qardaş ölkəni zəif düşürmək üçün çirkin planların mövcudluğu da istisna deyil. Bu baxımdan, türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. İyirmi bir illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir. Türk xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi və ekspertlərin böyük əksəriyyətinin fikrincə, seçkilər ikinci tura qaldısa belə Prezident Ərdoğanın parlaq qələbəsi qaçılmazdır.

“Dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarını və Cümhur İttifaqını ən çox səs toplaması münasibətilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin təzahürüdür. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Bugünkü münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycanla Türkiyə hər zaman bir birinin yanındadır. Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində isə dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, toplumlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Xudaferin.eu

16:28