Diaspor təşkilatlarımız ötən il sentyabr təxribatı ilə bağlı 143 müraciət və bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və 2023-cü ilin fəaliyyət planına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov 2022-ci ilin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində, eyni zamanda, Azərbaycan diaspor hərəkatının tarixində əhəmiyyətli yer tutduğunu bildirib.

Qeyd edilib ki, ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı və Diaspor Gənclərinin III Yay Düşərgəsi kimi mühüm tədbirlər keçirilib. Komitənin 20 illik yubileyi Hadrutda əsgər və zabitlərimizlə birlikdə qeyd olunub. İl ərzində Dövlət Komitəsi Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, maddi-mənəvi irsin kütləvi təbliği, lobbiçiliyin təkamülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirib. Soydaşlarımızın birliyi və azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirib.

Bildirilib ki, hesabat dövründə Azərbaycan diasporu xüsusi aktiv olub, nümunəvi yekdillik və mütəşəkkillik göstərib. Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın 40 ölkəsində Ermənistan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirilib. Ermənistanın 12-14 sentyabr təxribatı ilə əlaqədar Azərbaycan diaspor təşkilatları Avropanın aparıcı paytaxtlarında və şəhərlərində aksiyalar keçirərək, Ermənistan rəhbərliyinə etirazlarını bildiriblər. Ümumilikdə diaspor fəalları yaşadıqları ölkələrin ictimai-siyasi dairələrinə və dövlət-hökumət nümayəndələrinə təxribat barədə 70, diaspor təşkilatları isə 143 müraciət və bəyanat ünvanlayıblar.

Daha sonra DİDK-nın şöbə müdirlərinin hesabatı dinlənilib. Kollegiya iclası Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş komitə əməkdaşlarına orden və medalların təqdim edilməsi ilə yekunlaşıb.

Xudaferin.eu


 

15:38