Dörd Ayın Əsgəri Ölüb, Yoxsa Öldürülüb...

Azərbaycan şəraitində min bir əzab-əziyyətlə uşaq böyüdən analar sağlam oğul göndərir vətənə xidmətə, əvəzində isə bəzən müəmmalı şəkildə ölmüş (bəlkə də, öldürülmüş) taput alırlar...

Söhbət Kəlbəcər hərbi hissələrinin birində özünü öldürdüyü deyilən kasıb bir ailənin pəhləvan cüssəli oğlu Qəhrəmanov Ərşad Maarif oğlundan gedir.

Əvvəlcə gəlin Müdafiə Naziliyinin rəsmi açıqlamasına baxaq:

"29 iyul 2024-cü il Kəlbəcərdə əsgər özünü öldürüb. Müdafiə Nazirliyinin N saylı hərbi bölməsinin hərbi qulluqçusu əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi Prakurorluğuna məlumat daxil olub. Bu barədə hərbi Prakurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında, Kəlbəcər hərbi Prakurorluğunun və Azərbaycan respublikası hərbi Prakurorluğunun kriminalistika və informasiya texnologiyası idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Belə ki, iş üçün əhəmiyyət kəsb edən predmentlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər hərbi Prakrorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib və müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkatları həyata keçirilib. Firad Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Bu Ağcabədi rayonunun Minaxorlu kəndindən olan əsgər Qəhrəmanov Ərşadın ölümü ilə bağlı rəsmi məlumatdır. Gəlin indi həqiqəti bilməyə və hadisələrə biganə yanaşmamağa çalışaq.
Bir gün belə bir hadisə hər birimizin qapısını döyə bilər. Xüsusilə kimsəsiz, arxasız, kasıb azərbaycanlı qapısını belə hadisələr tez-tez döyə bilər...

Oxucular üçün bildirim ki, Minaxorlu kəndi rəsmi Ağcabədi rayonuna baxsa da, məsafəcə Ağdama yaxındı. 30 il təmas xəttində yerləşən bu kəndin camaatı daima atəşkəsin pozulduğu bir vəziyyətdə min bir əziyyətlə əkinçilik və heyvandarlıqla məşğul olublar. Qarabağda Minaxorlu camaatı ən dinc, dürüst və əməksevər camaat kimi tanınır.

Məlumat üçün bildirim ki, bizə çox doğma olan Ərşad Qəhrəmanovlar ailənin çox zülümlə böyütdüyü iki oğul övladından biri və kiçiyidir. Valideynləri də təsdiq edir ki, hələ 44 günlük müharibədə Ərşadın yaşı düşmədiyi halda belə, dəfələrlə könüllü cəbhəyə getmək istəyibdir. Yaşının az olduğunu nəzərə alıb qəbul etməyiblər.

Bundan əlavə Ərşad doğulduğu gündən onda allergiya xəstəliyi olub, hətta onu yararsız bilib əsgərliyə aparmırdılar. Amma o, çox prinsiplə anasına, atasına qarşı çıxaraq əsgərliyə getdi. Özü gedib Bakıda komissiyadan keçdi və sağlam olduğunu sübut elədi. Bundan əlavə onu tanıyanlar, onunla bir yerdə böyüyənlər, ona dərs deyən müəllimləri onun nə qədər iradəli, həyat eşqli insan olduğunu deyirlər ki, onun özünü intihar etməsi inandırıcı deyil.

O, özünü hansı şəraitdə intihar edə bilər?

Allaha şükür müharibə deyil ki, düşmənə əsir düşməmək üçün özünü intihar edə. Yəni intihar qərarı belə asan qərar deyil...
Ərşad komandirlərinin telefonları ilə tez-tez valideynləri ilə əlaqə saxlayıb, hərbi xidmətdə olduğundan daima fərəhləndirici söhbətlər edərmiş...

Ancaq çox qəribədir ki, Ərşadı ölümündən bir gün sonra gecə saat 2:00-da gətiriblər Minaxorlu kəndinin qəbiristanlığına, projektorlar işığında heç kimi də yaxın qoymadan özləri qapalı basdırıblar və tapşırıblar ki, bir kəs toxunmayacaq.

Valideynlərinə və kənd camaatına isə bildiriblər ki, Ərşad özü özünü avtomat silahla vurub öldürüb. Necə deyərlər, tabuta belə sığmayan, pəhləvan cüssəli, həyat eşqi ilə yaşayan çox cəsur bir oğul heç nədən vurub özün oldürüb... Acı bir istehza...

Ərşadın məzarını tək Minaxorlu kəndindən deyil, qonşu kəndlərdən belə ziyarətə gələnlər var. Bu 22 yaşlı nakam gəncimizin ölümü ilə bağlı şaiyələr isə baş alıb gedir...

Yəni heç kim ölümünün səbəbini dəqiq bilmir. Elə belə quru bir informasiya verilib, vəssalam. Ağcabədi Hərbi Komissarlığı belə biganə susmaqdadır... Minaxorlu kəndindən mənə yaxın olan bir kənd ziyalısı bildiridi ki, Ağcabədi Hərbi Komissarlığı çalışır ki, bu cinsyət ört-basdır edilsin. Onlar hətta dolayı yolla Ərşadın doğmalarına çatdırırlar ki, sakit otursun yerlərində, ora-bura şikayət eləsələr onlara pis olacaq. Sakit otursalar ovladlarına "Şəhidlik" statusu verəcəklər. Görün övladın itirmiş valideynə Ağcabədi Hərbi Komissarı necə başsağlığı verir, ailənin dərdinə şərik olur... Doğrudanmı, Azərbaycanda qanun işləmir?... Yaxşı, qanun susur, bəs vicdan?...

Avropada yaşayan hörmətli bir rəssamımız öz kanalları ilə Ağcabədi rayon Hərbi Komissarlığında çalışan biri ilə əlaqə saxlayıb bildirdi ki, hərbi hissədən deyiblər ki, şikayət etməyin biz ona şəhid statusu da verə bilərik, əks təqdirdə cinayətkar elan edərik. Ümumiyyətcə, deyilənlərdən belə başa düşürük ki, bunlar hətta belə çox çalışırlar ki, bu ölkə rəhbərliyinə çatmasın və bu cinayət unudulsun.
Şaiyələr isə baş alıb gedir...

Bir şaiyə var ki, Ərşadı hərbi hissədə daima bir qrup adamlar incidiblər və o da məcbur olub bu addımı atıb.

İkinci bir şaiyə var ki, komandiri Ərşada ana, bacı söyüşü söyüb bu da ona adekvat cavab verməyibdir, çünki o, çox tərbiyyəli uşaq olubdur. Şaiyəyə görə bu komandirinə əl qaldırıb komandiri isə onu güllələyibdir.

Atası isə deyir ki, ölümündən bir gün qabaq telefonla zəng edib gec də olsa atasının ad günün təbrik edib. Bu zaman kiminsə sərt tonda səsi gəlirmiş. Telefon açıq olduğundan atası Maarif bu səsi eşidirmiş. Ərşad deyirmiş: “Yox komandir, görüntülü zəng etmirəm, atamın ad gününü görüntüsüz təbrik edirəm”.

Görünür, komandir telefonu Ərşadın əlindən alıb və açıq olduğun anlamayıb. Komandirin yüksək tonla dediyi sözləri də Ərşadın atası eşidib.
"Sən cəmi bir-iki aydır gəlmisən, yaman qudurmusan. Səni mən başa salaram".
Bundan əlavə Ərşadın həmişə hərbi hissədən valideynlərinə zəng etdiyi telefon nömrələri, hətta son dəfə istifadə etdiyi komandirin telefonları qapalıdır. Sizcə, bu Hərbi Prakurorluğunun müstəntiqləri üçün tutarlı ipucu deyilmi?...

Bundan əlavə, başqa bir Avropada mühacir həyatı yaşayan keçmiş hərbçi deyir ki, Azərbaycan Milli Ordusunda, xüsusən də zabitlər heyətində milli azlıqlar qrupları var. Bunlar xüsusən yerli millətdən, kobud desək türkdən, türklərdən olan adamlara çox yaxşı yanaşmırlar. Deyilənə görə, indi də o milli azlıq hegemonluğu zabit heyətin içində hələ də üstünlük təşkil edir.

Mühacir ömrü yaşayan keçmış zabitin dediyinə inansaq: "Ordunun içində milli ayrı seçkilik var və belə xoşagəlməz hadisələr baş alıb gedir”. Dediyinə görə, “vətən müharibəsi vaxtı belə ayrıseçkilik yox idi, amma hal-hazırda yenə var".
Ona görə, mən belə düşünürəm ki, bu şaiyələrin qabağını almaq üçün bir komissiya yaradılmalıdır. Bura ictimaiyyətdən də cəlb eləmək lazımdır. Həmin Minaxorlu kəndin ağsaqqallarından, ona dərs deyən müəllimlərindən də dəvət edilməlidir ki, araşdırsınlar cinayət nə cür və hansı şəraitdə baş veribdir.

Bu adam dörd ayın əsgəridir. Həm də axırıncı günə kimi ailəsi ilə əlaqə yaradıb. Şəkillərinə baxıram bir kədərli şəkli belə yoxdur. Çox pozitiv, optimist insandır. Necə olar ki, birdən-birə belə bir hadisə baş veribdir və əsgəri gətirib milli bayraqsız-zadsız və urvatsız gecə saat 2-də kənd camaatının gözü önündə dəfn ediblər... Nədir? Nə olub? Vətən xayinidir? Evinizdə övladınız yoxdur? ...

Mən güman edirəm ki, bu məsələni ölkə rəhbəri öz sərəncamına götürməyənə kimi bu cinayətin üstü açılmayacaqdır. Ölkəmizin birinci Xanımı da bir səlahiyyətli rəhbər kimi, eləcə də bir mərhəmətli Ana kimi bu cinayətin açılmasında və istintaqın ədalətli getməsinə yardım edəcəyinə inanıram.

Çünki Ölkə Rəhbəri qarışmasa Azərbaycanda hərbidə baş verən belə cinayətlərin tezliklə üstünü örtürlər.

Bəlkə də, əvəllki illərdəki kimi atəşkəs pozulardı, sərhəddə gərginlik olardı, bunun da üstünə şər atardılar ki, bu da erməniyə işləyir...
Ona görədir ki, illərdi vicdanlarını itirmiş bəzi hərbi istintaqçılar arxasız və kimsəsiz azərbaycanlılara zülm verirlər...

Unutmayın ki, hər bir Azərbaycan əsgəri bizim doğma övladımızdır. Onlara qarşı törədilən ən kiçik belə cinayətlərə göz yumarıqsa, onda biz yer üzündə yaşamağa haqqı olmayan bir millət olarıq!

Hələlik isə Ölkəmizin nüfuzunu nəzərə alıb Beynəlxalq Təşkilatlara müraciət etmirik. Ümidvaram ki, Azərbaycan Qanununun Aliliyi öz gücünü göstərəcək...

Elman Mustafazade

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin ( www.xudaferin.eu ) jurnalının baş redaktoru. Amsterdam, Niderland Krallığı.

Xudaferin.eu


10:56