Elçin Bayramov: Azərbaycan diasporu Moldovada ən böyük diasporlardan biridir

Bu gün Moldovada güclü Azərbaycan diasporu mövcuddur. Yaxın keçmişdə bu ölkədə baş vermiş siyasi dəyişikliklər gələcəyə nikbin baxmaq üçün əsas verir.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

-Moldova kiçik bir ölkə olsa da, burada azərbaycanlıların mütəşəkkil diasporu var. Yaxın vaxtlarda Moldova Azərbaycanlıları Konqresinin məqsədləri nədən ibarətdir?

-Biz MAK-ın Nizamnaməsinə ciddi riayət edirik. Orada qeyd edilir ki, bizim məqsədimiz azərbaycanlıların milli ənənələrini, dilini və mədəni irsini qoruyub saxlamaq və inkişaf etdirmək, Azərbaycan və Moldova xalqları arasında beynəlxalq əlaqələri və dostluğu möhkəmləndirmək, milli-mədəni proqramların həyata keçirilməsində iştirak etmək, Azərbaycanın milli-mədəni ənənələrini inkişaf etdirmək, Moldova Respublikasında yaşayan azərbaycanlıların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlıqlarının həyata keçirilməsini və müdafiəsini təmin etməkdir.

Azərbaycan diasporu Moldovada ən böyük diasporlardan biridir. Rəsmi məlumata görə, bu ölkədə əslən Azərbaycandan olan 5 minə yaxın sakin yaşayır. Bu, Konqresin üzərinə böyük məsuliyyət qoyur.

Diasporun aktual tələbatını izləmək, Moldovada yaşayan azərbaycanlıların real maraqlarını və ehtiyaclarını bilmək çox vacibdir. Biz bu məqsədlə müntəzəm olaraq idman tədbirləri, Moldovanın bütün regionlarından olan diaspor nümayəndələri ilə görüşlər keçirir, yəni təkcə paytaxtla məhdudlaşmırıq. Hazırda biz Qaqauz Muxtar Elinin rəhbərliyi ilə fəal əməkdaşlıq qururuq və artıq bir sıra müştərək tədbirlər planlaşdırmışıq.

Bizim fəaliyyətimizin daha bir prioritet məqsədi Azərbaycan diasporunun gənclər cinahı ilə işdən ibarətdir. Biz onların problemlərinin həllində fəal iştirak edirik, perspektivli liderləri və istedadlı gəncləri aşkar etməyə, onların Moldovanın ictimai-siyasi və sosial-mədəni həyatına qoşulmaq cəhdlərini fəal dəstəkləməyə çalışırıq.

Azərbaycanın Moldova Respublikasındakı səfirliyi ilə, səfir Qüdsi Osmanovla sıx əməkdaşlıq edirik. Mədəniyyət, idman, xeyriyyəçilik sahəsində bir sıra maraqlı və mühüm layihələri həyata keçirmişik, qarşıda daha bir neçə analoji təşəbbüslər nəzərdə tutulur.

-Xaricdəki diaspor təşkilatları üçün ən mürəkkəb məsələ bu təşkilatların olduğu ölkənin ictimai həyatına inteqrasiyasıdır. Azərbaycanlıların Moldovanın ictimai həyatına və dövlət strukturlarına inteqrasiyası üçün hansı tədbirlər görülür?

-Əslində hər bir diaspor həm tarixi vətənin, həm də ondan ötrü artıq ikinci evə çevrilmiş ölkənin (bizim halda Moldovanın) uğurlarını və üzləşdiyi çətinlikləri qəlbən və ruhən yaşayır. Ona görə də MAK-ın əsas məqsədi Azərbaycan diasporunun daxilində möhkəm əlaqələr yaratmaq, yaşadığımız ölkənin ictimai həyatına uğurla inteqrasiya etmək, həmvətənlərimizi bu ölkədə həyat şəraitinə uyğunlaşdırmaqdır.

Bu mənada bizim fəaliyyətimiz tamamilə konkret və praktiki xarakter daşıyır. Biz ən müxtəlif səviyyələrdə, o cümlədən dövlət müəssisələri səviyyəsində qarşıya çıxan məsələlərin həlli üçün zəruri məşvərət köməyi göstərir, biznes mühitində münasibətlərin nizamlanmasına kömək edirik. Moldova Azərbaycanlıları Konqresi azərbaycanlı uşaqların Moldovada məktəblərə və universitetlərə qəbul olunmasına, həmvətənlərimizin işə düzəlməsi məsələlərinin həllinə də kömək edir.

Bizim üçün “özgə” problem yoxdur. Biz qarşılıqlı dəstəyə hazır olan səmimi icma yaratmağa çalışırıq və öz nümunəmizdə istənilən vəziyyətdə kömək göstərməyə hazır olduğumuzu nümayiş etdiririk.

-Bu gün Moldovada həm hökumətdə, həm də özəl sektorda güclü erməni diasporu var. Bu fakt sizin fəaliyyətinizdə hansı çətinliklər yaradır?

-Əlbəttə, yaşadığımız ölkədə diasporun hökumət tərəfindən dəstəklənməsi son dərəcədə vacibdir. Diasporun üzləşdiyi məsələlərin operativ və keyfiyyətli həllinə bu cür dəstəyin təsirini qiymətləndirmək çətindir. Biz bunu öz təcrübəmizdə yəqin etmişik. Məhz ona görə biz Moldova Respublikasının indiki hökumətinə böyük ümidlər bəsləyir və həm erməni, həm də Azərbaycan diasporlarının eyni dərəcədə dəstəklənməsi taktikasının praktikada gerçəkləşməsini gözləyirik.

-Bizim xaricdə yaşayan imkanlı həmvətənlərimiz, təəssüf ki, çox vaxt diasporun işlərinə laqeyd qalır. Sizin fikrinizcə, bunun səbəbi nədir?

- Moldova Azərbaycanlıları Konqresi ona göstərilən hər hansı dəstəyə və köməyə görə minnətdardır. Biz təşkilatımız üçün yaranan yeni imkanları həmişə minnətdarlıqla qəbul edirik. Bizə həm mənəvi, həm də maddi dəstək göstərən həmvətənlərimiz çoxdur. Bizə müntəzəm dəstək verən həmvətənlərimizə, onlar bu məsələnin reklam edilməsini istəməsələr belə, dərin hörmət bəsləyirik, çünki bu, hər kəsin şəxsi seçimidir. Bizim fikrimizcə, kömək könüllü olmalı və ürəkdən gəlməlidir.

Emil Hüseynli

Xudaferin.eu

14:54