Fətəli Xan Xoyskinin Qarabağ və Zəngəzur haqqında parlamentdə tarixi çıxışı

Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andranik başına bir dəstə çeteci yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. Burasını deməliyəm ki, Andranik Türkiyə təbəəsidir. O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isti cavab etmişdir ki, Andranik sizin tərəfinizdən iş görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidirmi?

Erməni hökuməti cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. Fəqət, gücü yoxdur, iş görə bilmir. Sizə məlumdur ki, Andranik iyul ayında Zəngəzur mahalında böyük fənalıqlar yaparaq bir çox köylər dağıtdı, nəhayət Şuşa qəzasına keçərək Əsgəran yolunu bağladı. O zaman böyük fəlakətlər çıxırdı. Fəqət Azərbaycan hökumətinin əsgəri qüvvəsi o zaman yalnız Bakı məsələsinə münhəsir idi. Ona görə də ancaq Gəncədən iki dəfə erməni, müsəlman deleqasiyonu göndərildi. Lakin bundan bir şey çıxmadı. Andranik öz işində davam edirdi. Sentyabr ayında Bakı alınandan sonra hökumət buraya köçdü və dərhal bu məsələyə diqqət verərək, özünə borc bildi ki, Andranik məsələsinə xitam versin. Ona görə də çeteçilər müqabilinə bir miqdar əsgəri dəstə göndərdi. Qoşunumuz müharibə nətisəsində Andraniki Əsgərandan çıxarıb, tamam Şuşa uyezdindən və Zəngəzur mahalının çox yerindən qovdu. Andranik qaçdı. Demək istəmədiyim bəzi səbəblərə görə bundan sonra artıq yürüşümüzü davam etdirə bilməz idik. Bu oktyabr ayında idi. O zaman sakitlik hökmfərman idi. Andranik Gorusda idisə, heç bir fəaliyyətdə bulunmurdu. Noyabrın ortalarında işlər tamamilə dəyişdi və müttəfiqlərin təklifinə görə türk əsgərləri Azərbaycanın hər yerindən çıxıb getdi. Övza dəyişib əhval qeyrimüəyyən oldu. Noyabrın 20 və 23-dən sonra Andranik yenə baş qaldırıb, ayın 25-dən sonra fəlakətlər çıxarmağa başladı, böyük xətalar əmələ gəldi. Bu xüsusda mənə gələn teleqramlar qəzetlərdə vardı, hamınıza da məlumdur ki, Zəngəzur mahalında nə qədər kəndlər dağıldı, yandırıldı, əhaliyə nə qədər böyük zərər və xəsarətlər dəydi, şübhəsiz ki, bu işlərə hökumət laqeyd baxa bilməzdi. Biz öz tərəfimizdən lazım və mümkün olan qədər çalışıb tədbirlər gördük. Onların müqabilinə əsgəri qüvvə göndərilməsi barəsində teleqraf ilə binagüzarlıq etdik. Eyni zamanda borc bildim, müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verim. Çünki o mənə də deyib, qəzetlərdə də xəbər veribdir ki, müttəfiqlərin məqsədi Qafqaziyada sülh və müsəlmanı davam etdirməkdir. Binaən-ileyh mən teleqramların bir surətini və bir məktub general Tomsona göndərdim. Tomson dərhal əhval tədbirlər görməyi vacib bildi.

Mən general Tomsona məktubu ancaq xəbərdarlıq kimi yazmışdım, daha yazmamışdım ki, təvəqqə edirəm, bizə kömək edin. O, özü lazım bildi ki, Qarabağa bir heyət göndərsin ki, onun məktubunu Andranikə yetirsin. Heyət ingilis, müsəlman və erməni nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson bir çox teleqramlar çəkdi. Noyabrın 27-də bu deleqasiya Şuşa və Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyəti ümumqəza əhalisinə təklif etdi ki, əmin və asayişlə yaşasınlar və xəbər verdi ki, ingilislər və onların müttəfiqləri heç bir vaxt xəta və iğtişaş törətməyə razı olmayacaqlardır. Bir neçə gün Şuşada qaldıqdan sonra deleqasiya Zabuğ deyilən yerə getdi ki, həmən yerdə müharibə gedirdi. İngiltərə nümayəndəsi Andranikin yanına gedib məktubu vermiş və bildirmişdir ki, asayiş bərpa edilməsə bütün məsuliyyət onun öhdəsinə düşəcəkdir. Bundan əlavə Tomson bir neçə teleqramlar daha vurdu, çünki o zaman ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax, Cavanşir və Cəbrayıl qəzalarında quldur dəstələri kimi iş gördülər. Hər yerə Tomson teleqramlar çəkdi və eyni məzmunda Andranikə məktub yazdı, məktubu mən görməmişəm. Ancaq özlərinin dediklərinə görə bu məktub bu məzmunda imiş: hamı ermənilər öz yerlərində sakit oturub, hücum və təcavüzatda bulunmasınlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verərsə, məsuliyyət təmamən onların öhdəsinə düşəcəkdir.

Bundan sonra general Tomson teleqrafnan və məktubnan Şuşa və Zəngəzura göndərilmiş heyətə Tərtərə və başqa qəzalara (da) getməsini təklif eyləmiş, onların məzmunu belə imiş. (Oxuyur). Mən sizə ərz eləyirəm ki, bu işlərdən sonra iki-üç günlük sakitlik oldu. Elə bil ki, heç şey yox imiş. Daha Zəngəzur və Şuşa uyezdlərindən bir xəbər gəlmədi, hamı da arxayın oldu. Fəqət, yenə iki-üç gün keçmədi ki, teleqram teleqram üstündən gəlməyə başladı ki, Andranik baş qaldırıb, ermənilər ilə bərabər yenə öz hərəkatında davam edir.

Müsəlmanlar ingilis heyətinə inanıb, öz səngərlərində, çıxıb getmişlər. Ermənilər həmən saat başlamışlar kəndləri yandırıb dağıtmağa, belə ki, arvad-uşaq dağlara, meşələrə səfil-sərkərdan qalmışdır. Bu xəbər belə yetişən kimi bizdə olan hər növ tədbirləri gördük və dekabrın 3-də Tomsona belə bir məktub yazdım. (Oxuyur). Aldığımız teleqramların surətini məktubla göndərmişəm. Teleqramları oxumağa ehtiyac yoxdur, çünki qəzetlərdə çap edilmişdir. Biz öz tərəfimizdən qoşun qüvvəmizi onun qarşısına göndərməklə bərabər Tomsona da təklif etdik ki, bu barədə tədbirlər görsün. Tomson Zəngəzura təzədən heyət göndərməyi lazım bilib, mənə də xəbər verdi ki, bu dəfə heyət əvvəlki kimi olmayıb, bir qədər əsgəri surətdə olmalıdır.

Ona görə də iki zirehli avtomobil, on beş ingilis əsgər və zabiti, bir nəfər bizim nümayəndəmiz Rüstəmbəyovdan ibarət olaraq heyət göndərdi və Andranikə yenə kağız göndərdi. Heyət hələ qayıtmayıb, kim ilə görüşüb, nə ediblər, hələ bilmirdik. Şuşadan ətrafa getmələri haqqında hələ bir xəbər yoxdur. Bu barədə məlumatlar olar isə borcluyam ki, sizə xəbər verəm. Burasını ərz etməliyəm ki, bu müddət arasında qəzetdə oxuduğumuz üzrə bir xəbər çıxdı ki, guya Tomson tərəfindən əvvəl göndərilən heyət və məktub ilə guya Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırmış imiş.

Şübhəsizdir ki, əgər belə olsa idi, burası bizim üçün böyük bir iş idi. Əgər burası belə olsa idi, onda hökumətimizin kökünə əl atılmış olur, bu iş Azərbaycanın hüququna təcavüz olur idi. Halbuki biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər. (Alqış).

Hökumət aşkar baxa bilməzdi ki, başqası gəlib Azərbaycanda hakim olsun. Mən bu xəbərləri eşidib o zaman təhqiqata başladım. Mən heç vaxt özümü inandıra bilməzdim ki, ingilis və müttəfiqlər mədəni hökumət olduqları halda hüququmuzu, ixtiyarımızı belə bir məqamda təpik vurub əlimizdən alır məqamına gəlsinlər. Mən əminəm ki, belə olmaz. Mənim fikrim dürüst oldu. Buna çox sübutlar var ki, sizə söyləmək istəmirəm.

Əmin ola bilərsiniz ki, Tomson tərəfindən qəzetlər yazdığı məzmunda Andranikə məktub yazılmamışdır. Andranikə bayaq oxuduğum məzmunda Tomson tərəfindən məktub yazılmışdır ki, hamı ermənilər öz yerində sakit oturub hücum və təcvuzatda bulunmamalıdırlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verər isə məsuliyyət bütünlüklə onların öhdəsinə düşəcəkdir. Tomson tərəfindən yazılan kağız bu məzmunda olmuşdur. Qəzetlərdə yazılan yanlış məktuba həmin qəzetlər vasitəsilə etiraz olacaqdır.

Qarabağa zirehli avtomobillər və əsgərlər ilə heyət gedən vaxtda istərəm Tomsona yazıb xəbər verəm ki, Qafqasiya əhalisi bu tövr heyətləri çox görmüşdür. Bunlar ilə iş düzəlməyib nətisəsiz qalacaqdır. Burada iş görmək üçün söz ilə deyil, başqa yol ilə təsir etməlidir. Göndərilən heyətin nə iş gördüyü və nəticəsi məlum deyildir. Məlum olduğu üzrə heyət Şuşaya çatıb və oradan keçmiş də olsun. Görünür ki, ermənilər öz hərəkətlərində davam edirlər. Neçə gün əvvəl alınan teleqramları oxuyalım. Bu teleqram kanun əvvəlin 14-də alınmışdır. Sabahı dəxi belə bir teleqram gəlmişdir. (Oxuyur) (Teleqramların mətni stenoqrammada yoxdur. Onlar haqqında “Azərbaycan” qəzetinin 6, 11, 19 dekabr 1918-ci il tarixli nömrələrində məlumat verilmişdir.).

Deyilənlərdən əlavə bir çox digər teleqramlar da vardır ki, erməni hərəkatının davamını göstərir. Sizə məlum olduğu üzrə ingilis və müttəfiqlər ilə lazım olan tədbiri görmüşəm və indiyə qədər də erməni hərəkatı haqqında alınan məlumatı müttəfiqlərə göndərmişəm. Bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz vardır. Bacardığımız qədər tədbirlər intixaz olunubdur. General Tomsona lazım gələn məktublar yazılıb, əsgəri qüvvələrimizin silah gücü ilə hərəkət etməsi əmri verilib, bir çox başqa tədbirlər də görülmüş, onların hamısını burada söyləməyə lazım görmürəm. Andronikin başında olan dəstə çetə və quldur dəstəsindən ibarətdir. Bunların nə fikirdə olduqları və bu fikrin də müəyyən olduğu məlumdur. Bunların aşkar fikirləri budur ki, Zəngəzur və Şuşa uyezdlərini Azərbaycandan ayırıb, Ermənistana mülhəq etsinlər. Bacardıqları qədər bu yolda işləyirlər, bunların qarşısına qüvvə göndərdikdə bir müddət sakit olub, yenə fürsət tapdıqda öz fikirlərində sabit olub, əməllərinə nail olmaqdan ötəri işə başlayırlar. Azərbaycan hökuməti nə keçmişdə, nə də indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək arzusunda olmamışdır. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmiş isə də, biz özümüz deyil, bizi məcbur etmişlər.

İxtilaflı sərhəd məsələlərinin sülh ilə həll olunmasını təklif etmişik. Başqaları ilə hər bir məsələni sülh ilə həll etməyə çalışmış, Azərbaycanda nə erməni, nə müsəlman, nə də başqalarının qanı tökülməmək üçün əlimizdən gəldiyi qədər səy etmişik. İndi də heyət göndərib məsələlərin sülh ilə həll olunmasına mümkün qədər çalışmalıyıq. Lazımi təqdirdə silaha sarılsaq, hamı bunu bilir ki, bizi belə vəsiləyə əl uzatmağı məcbur ediblər. Hökumət tərəfindən ərz edirəm ki, mümkün qədər zərərsiz, qansız, sülh ilə hər məsələnin xitamə yetməsinə çalışmaq, hökumət şimdi də belə müamilədə bulunacaqdır. Əks surətdə hökumət özü, öz gücümüzlə, qüvvəsilə Azərbaycan hökumətini hər bir təcavüzdən mühafizə edəcəkdi. (Mərkəzdən, sağdan alqış). (enter.news)

20 dekabr 1918-ci il

Yazı, “Fətəli xan Xoyski — həyat və fəaliyyəti (sənəd və materiallar)” kitabından götürülüb.

Mənbə fedai.az
Xudaferin.eu

11:26