GÖYGÖLÜN CƏNNƏT GUŞƏLƏRİN KİM QORUYACAQ?

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,

Göygöl Rayon İcra Hakimiyyətinə və Azərbaycanın aidiyyəti dövlət qurumlarına!

Bu günlərdə Göygöl rayonunun Topalhəsənli, Aşıqlı, Hacıkənd, Yeni Zod, Çaykənd və Toğanalı kəndlərində oldum. İlk dəfə gördüyüm bu təbiət gözəlliyinə heyran olduğum qədərdə, zibilxanaya çevrilmiş bu mənzərələr məni məyyus etdi.

Açığı, gördüklərim məni sarsıtdı.

Allahın Azərbaycana bəxş etdiyi bu möhtəşəm təbiət, bu dağlar, meşələr, çaylar və bulaqlar necə belə bir vəziyyətə düşə bilər? Aman Allah!

Zibil əlindən tərpənmək olmur!

Çaylarda balıq əvəzinə plastik butulkalar üzür. Meşələrdə, yol kənarlarında, istirahət məkanlarında məişət tullantıları qalaqqalaqdır. Vicdanı olan bir Azərbaycan övladı bu mənzərəni görəndə sevinə bilərmi? Əksinə, utanır, xəcalətdən yerə girər.

Aman Allah! Biz bu gözəllikləri nə günə qoymuşuq?!

İndi mən aidiyyəti qurumlara bir neçə sadə sual vermək istəyirəm:

Bu ərazilərə nəzarət edən yoxdur?

Təbiəti çirkləndirənlər niyə cərimələnmir?

Niyə çaylarımızın, meşələrimizin və turizm ərazilərimizin təmizliyinə sistemli nəzarət yoxdur?

Niyə dövlət qurumları yalnız problem böyüyəndən sonra hərəkətə keçirlər?

Niyə bu gözəl yerlərdə zibil qutuları, tullantıların vaxtında daşınması və ciddi nəzarət sistemi qurulmayıb?

Dövlət qurumlarının vəzifəsi yalnız hesabat yazmaq, tədbir keçirmək və gözəl çıxışlarlarla rəhbərə yaltaqlıq etməkdən ibarət deyil! 

Dövlətin vəzifəsi qanunu işlətmək, nəzarət etmək, təbiəti qorumaq və özüdə qanuna tabe olmaqdır!

Onsuzda buradakı bütün turistiq şəbəkələri siz məmurlara məxsusdur. Barı öz obyektlərinizi təmiz saxlayln!

Bəli, vətəndaş da məsuliyyət daşıyır. Zibili yerə atan insan cəzalandırılmalıdır. Amma dövlət qurumları da öz məsuliyyətindən qaça bilməz. 

Çünki illərlə eyni ərazilərdə zibil qalaqlanırsa və buna nəzarət edilmirsə, deməli, problem artıq təkcə mədəniyyətsiz vətəndaş problemi deyil - idarəetmə və nəzarət problemidir! Çünki siz məmurlar qohumluq əıamətinə və bölgələrinizə görə vəzifəyə təyyin edilirdiniz. Bu baxımdan özünüzdə qanuna əməl etmirsiniz. Yuxarı dairələrə isə yalan hesabat göndərirsiniz. Sizlər bu Vətənin təbiyyətin, gözəlliyin deyil, sərvətini sevirsiniz.

Qardaş və bacılar! Qozbeli qəbir düzəldər, Azərbaycanı cərimələr!

Dünyanın inkişaf etmiş ölkələrində insanlar küçəyə, parka, meşəyə və çaya zibil atmağa cəsarət etmirlər. Çünki bilirlər ki, qanunu pozsalar, ciddi cərimələrlə və məsuliyyətlə üzləşəcəklər. 

Bizdə isə bəzən insan zibili yerə atır, sonra rahatca yoluna davam edir. Çünki bilir ki, böyük ehtimalla ona heç kim “niyə belə etdin?” deməyəcək. İçtimai qınaq Azərbaycanda yoxdur!

Bu, dəyişməlidir!

Mən aidiyyəti qurumlardan tələb edirəm:

Göygölün, Gəncənin və ətraf kəndlərin təbiəti təcili şəkildə təmizlənsin!

Çay və meşələrin zibillənməsinə qarşı daimi nəzarət sistemi yaradılsın!

Zibil atan şəxslər real və ciddi şəkildə cərimələnsin!

Turizm ərazilərində zibil qabları quraşdırılsın, tullantıların toplanması və daşınması sistemli şəkildə qurulsun!

Yerli icra qurumlarının və aidiyyəti xidmətlərin fəaliyyətsizliyinə hüquqi qiymət verilsin! Rəhbərliyə bacarıqlı və intizamlı şəxslər təyyin edildin, qohum-əqrabanız yox!

Çünki Göygöl bir rayonun deyil, bütün Azərbaycanın sərvətidir!

Hacıkənd, Çaykənd, Toğanalı və bu ərazilərin hər qarışı bizim milli sərvətimizdir. Biz bu təbiəti babalarımızdan miras almamışıq. Biz onu gələcək nəsillərdən əmanət verməliyik! Təbiətimizi anamız, bacımız, balalarımız kimi sevməliyik!

Əgər bu gün susarıqsa, sabah uşaqlarımıza təmiz çay, təmiz meşə və təmiz təbiət əvəzinə yalnız köhnə mənzərə şəkilləri göstərəcəyik.

Cənablar! Xanımlar və Bəylər! 

Sizin vəzifəniz yalnız kabinetlərdə başınızın üstündə portret asıb səhərdən axşamacan dövlət rəhbərinə məddahlıq etməkdən, sonra oturub kef çəkməkdən ibarət deyil!

Təbiət kömək istəyir!
Göygöl kömək istəyir!

Azərbaycanın çayları, meşələri, dağları kömək istəyir!

İndi sual budur:

Kim eşidəcək bu səsi?
Kim məsuliyyət daşıyacaq?
Və ən əsası - nə vaxt hərəkətə keçəcəksiniz?

Çünki Azərbaycanı sevmək yalnız sözlərlə, şerir qəzəl söyləyib rəhbərliyə məddahcasına şüarlar bağırmaq və bayraqlar yellətməklə olmur. 

Azərbaycanı sevmək onun torpağını, suyunu, meşəsini və təbiətini öz balan kimi sevmək bə qorumaqla sübut olunur!

Göygölü zibillikdən qoruyaq!

Azərbaycanın cənnətini öz əlimizlə məhv etməyək!

Aidiyyəti qurumlar, artıq susmayın və hərəkətə keçin!!!

Qeyrətə gəlin! Milli qeyrətə! Əgər…

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru

Xudaferin.eu

20:50