HANI BİZDƏN OLANLAR

 

Üzeyir Hacıbəyov...ən böyük sevgiyə və sayqıya layiq İNSAN!

O, bu vətən və bu millət üçün nələr etmədi?

O kim idi, nəçi idi, nə biçim yaradılış idi, nə möcüzə idi?

Sənətinin və şəxsiyyətinin həddi, hüdudu  harada başlayıb harada bitir?

Özümü bu suallara cavab verəcək, bu fövqəladə varlığın, bu öyünc zirvəmizin təyinatını edəcək gücdə hesab etmirəm. Buna nə biliyim, nə cürətim çatar. Amma bəlkə də günün birində və təbin aşıb-coşan çağında  ona olan sevgimi ona layiq şəkildə izhar edə bilərəm.  Hüzurunda baş əymək səadəti bəlkə mənə də nəsib olar.

Bu yazıda isə sözüm sosioloq Üzeyir Bəy haqqındadır. Öz toplumunu bilən və vəsfi ilə bildirən  Üzeyir Bəy haqqındadır. İnsanların ruhunu və qəlbini gözləri ilə görən Üzeyir Bəy haqqındadır.

Və... hamının bildiyi bir mövzuda...

”Arşın mal alan” mövzusundadır. Heç bütünlükdə də yox, bu əsərə bütünlükdə qiymət vermək  özü böyük bir araşdırma işidir.

Sadəcə üç gözəl və gənc qız haqda danışardım...

Məmnuniyyətlə, Gülçöhrə, Asiya və Telli  haqqında fikirlərimi bölüşərdim.

Beləcə,  bu üç  qızın  üçü də bir kişinin evində, bir damın altında, lakin çox müxtəlif sevgi, istək , hədəf və ideallarla yaşayırlar. Hərəsinin öz baxışı, öz uydurması, öz fəlsəfəsi var. Hətta deyərdim ki, bir mühitdə olsalar belə hərəsinin öz tərbiyəsi var.

Onları yalnız bir ümumi xətti birləşdirir ki, bu da tezliklə bu yuvanı tərk etmək, ərə getmək istəyidir.

Gülçöhrə bəy qızıdı. Onun yeganə istəyi ərə gedəcəyi adamı öncədən görməsi və  sevməsidi. Bu isə zamanın və məkanın  şərtlərinə uyğun deyil. Hansı ata, özü də bəy ata buna izin verər? Lakin Gülçöhrə həqiqi bir Bəy qızıdı. Sözü sözdü. Ölər, dönməz. “Görməsə, sevməsə” ərə getməz.

Asiya bəyin qardaşı qızıdı. Gözəldi, eşqlidi. Özü də ərə  getməkdən ötrü sütül ütür. Əmisi kimə versə gedəcək. Bəs necə?  Çünki adət belədi. Qızı hacılar verər, bacılar yox!

Asiya ərə gedəcəyi adamın nə özünü, nə yaşını, nə varını düşünür. Baxda baxdı, qismətinə nə çıxsa demək, yazısı beləymiş. Nəyinə gərəkdi əmisi qızı Gülçöhrə kimi boş-boş şeylərdən ötrü özünü üzsün, fikir çəksin.  Heç əmisi onu pis adama ərə verər? Asiya bircə o günün tez, lap tez, bir an öncə gəlməsi həsrətindədir.

Telli...Telli də gəncdi, gözəldi, dünyadan öz  kamı var... arzuları, istəkləri var. Amma  Telli bəy qızı deyil. Heç bəyin qardaşı qızı da deyil. Kasıb qızdı,  kim bilir, bəlkə də yetim qızdı. Bəy evinin qulluqçusudu. Bu az yaşında kasıbçılığın, dərdin, qəmin nə olduğunu da yaxşı bilir. O da “ canını qurtarmaq”, bu yuvadan pərvazlanıb uçmaq, yəni ərə getmək istəyir. Amma mütləq və mütləq “pulu çox olan oğlana” ərə getmək istəyir. Bir də istəyir ki, “o oğlanın”  həm pulu çox olsun, həm də dərdi, qəmi az olsun.

Mən bu üç gözəli Üzeyir Bəyin dönəmindən çəkib bu günə gətirdim. Xəyalımda üçunə də indiki dövrün geyimlərindən geyindirdim. Amma heyif ki, gözəlliyin doqquzu olan don məsələsi bu yerdə yürümədi. Bizim donumuz ötən bu müddətdə  gözəlliyi artırmadı ki, əsgiltdi.

Nə isə... xəyalımda bu günə gətirdiyim bu üç gözəlin düşüncələrinə boylandım. Qafalarını, qəlblərini ələk-vələk elədim. Ey vah! Onların arasında Gülçöhrəni tapmadım.

                                                        ***

Üç gözəl... üç sevda... üç hədəf...

Hərəsinin öz ədası,  öz nəğməsi, öz süzməsi var.

Ah, Üzeyir Bəy, heyrət sənə! Heyrət!

 Dahi müəllif Gülçöhrəni  Haqq Aşığının dili ilə dindirir. Gülçöhrə heç nə istəmir. Heç nə. Bu gözəlin arşın mal, tirmə şal satan oğlandan tək bir istəyi hərdən ona  nəzər salmasıdı;

 Gögəlim, yar gözəlim,

bir sözüm var, gözəlim,

bu yazıq yarına hərdən,

bir nəzər sal, gözəlim.  

Gülçöhrə aşiqdi. Bir gördü,  bir sevdi! Tamam! Öldü var, döndü yoxdu! İki dünya bir ola,  bu sevdadan əl üzəsi deyil. Gülçöhrə şam kimi əriməkdədir. Belə getsə öləcək, vallah, öləcək. Leyli kimi üzülüb canını tapşıracaq. Gözlərindən bəlli edir, sevdası qara sevdadı. O mərtəbədə ya ölüm olur, ya dirim. O mərtəbədə orta sıra yoxdu.

Lakin Gülçöhrənin cövhəri  Leylidi,  halı Leyli deyil. Gülçöhrə cəsurdu. 20-ci yüzilin qızıdı. O təkcə içində çəkmir, həm də cəhl çəkir. Həm yanır, həm savaşır. Gülçöhrə savaşqan aşiqdi. Gülçöhrə azad qadın mücadiləsinin təməlini atmaqdadır.

 

 ...Asiya da eşqə düşüb. Üzeyir Bəy onu da Füzuli dili ilə dindirir:

Aşiq oldum yenə bir tazə güli- rənaya.

Ki, salır al ilə hərdəm  məni yüz qovğaya.

Asiyanın aşiq olduğu “tazə güli-rəna” bəlkə də bu evə gedib gələn, hər dəfə də elçi zənn edilən, kim bilir, neçənci “rəna”dır. Asiya oynaqdı, çevikdi, qəlbi də yüyrəkdi. Həmən sevəcək, həmən unudacaq. Bilsə ki , yox, bu elçi deyil, eləcə iş adamıdı, əmisini görməyə gəlib, yaxud elə elçidi, amma əmisinin qız verəcəyi adam deyil,  bir o yana, bir bu yana şütüyüb, oynayıb-gülüb yaddan çıxaracaq. Gülə-gülə, oynaya-oynaya qapının yenidən döyülməsini gözləyəcək. Amma bu dəfə gələn elçidi. Süleymandı. Asiya ona, o da Asiyaya heyrandı.

 

...Telli də qapının döyülməsini, gözləyir. Qızların ərə getməsini gözləyir. Çünki qızlar bu evdən getməsə bəy onu  ərə verən deyil. Tellini sevgi-filan da maraqlandırmır. Bu saat bu Vəlini bu qapıdan iti qovan kimi qova bilər. Bəyəm Tellinin işi-gücü azdı ki, hər yetən gədə ilə çənə-boğaz eləsin?  Amma... sən demə, Vəli Əsgər Ağanın nökəri imiş, özü də subay imiş, hələ pulu da varmış. Budur, Telli də sevdi, Vəlini sevdi.  Zarafat deyil, Əsgər Ağanın nökəridi. Nökər olmağına nökərdi... amma pullu nökərdi axı...

                                                     ***

Mən yenə baxıram... baxıram... və bu gündə, bu zamanda yenə Gülçöhrəni görə bilmirəm. Hansı səmtə baxıram gözümə Telli dəyir, `pulun var` sualı dəyir.  

 

İlk baxışdan aşiq olan, gecəsini, gündüzünü itirən, “fələyin verdiyi hicran dərdinə” qatlaşan, şal satan, mal satan sadə bir oğlanın  yolunda hər şeydən keçməyə hazır olan Gülçöhrə harda qaldı?  Bir kasıb “arşınmalçı” ilə, sabahına heç bir güvənci, heç bir təminatı olmayan, adı, şöhrəti, pulu, hətta maşını belə olmayan bir insanla, amma sevdiyi insanla  ömür sürməyə hazır olan bu cəsur ürəkli Bəy qızı  necə oldu? Görünməyən,  bilinməyən gələcəyə atılan cəsur Gülçöhrələr harada qaldı? Bizim dövrlərə gəlib çıxmadımı?

Görünür arşınmalçıya aşiq ola bilmək üçün elə Bəy qızı olmaq lazımdı.

Yəni ürək  lazımdı.  

Bu da toy. Bu da çal-çağır.  Hər kəs  öz ədası, öz siması ilə ortalıqdadı. Biri Bəy qızı kimi, biri bəyin qardaşı qızı kimi, biri də qulluqçu kimi...

Azərbaycan milli rəqslərinin bir qaydası var, anam, bu oyunda bir əl-qol oynayar, bir ayaqlar, başqa heç zad. Olsa-olsa bir az göz süzülər, bir az tel dinər, bir az çiyin dönər, bir az üz gülər. Vəssalam! Bəy qızı Gülçöhrə bu ədadadı... ağır-ağır bir elə dönər, bir belə çevrilər... və bu qədər...

Qəribədi, Üzeyir Bəy bu xas oyunumuzu yalnız Gülçöhrəyə verib. Sən demə, Üzeyir Bəy milli ruhun yalnız azad insanda, xas qanlı xanımda salamat qalmasını mümkün sayırmış.

Asiyanın rəqsi də qəlbi kimi çevikdi. O nə Bəy qızıdı, nə qulluqçudu, o orta sıradı, həm yuxarıdandı, həm aşağıdandı. O bir anda sevər, bir anda unudar, bir anda xoşbəxt ola bilər. O Gülçöhrə qədər çox, Telli qədər az istəməz. Onun öz tələbləri var. O, böyük çırpıntılardan uzaqdı, o, məmnundu. Onun rəqsi, ədası, davranışı da istək və arzularının ahənginə uyğundu. Necə sevirsə elə də rəqs edir. Hər kəsin rəqsi öz  sevgisinə bənzədiyi kimi, hər kəsin havası öz ruhuna bənzədiyi kimi Asiyanın da havası öz qəlbinə və halına bənzəyir.

A Telli...Telli... Telli elə bəxtəvərdi  ki, bütün cismi tüğyan edir. Bütün vücudu qıvır-qıvır qıvrılır. Bu yalnız onun və onun zümrəsinin oyunudu. Bu süzmək deyil, bu dingildəməkdi. Heç Asiya da belə oynamaz ki, Telli oynayır. Asiya Bəy qızı olmasa da hər halda bəyin qardaşı qızıdı axı. O heç istəsə belə rəiyyət elədiyini eləyə bilməz. Qanı bir az başqa qandı.

                                                 

                                                         ***

Mən bu günün toylarına baxıram.  Axı Gülçöhrəni görmürəm, anam. Harda qaldı bu qız., bilmirəm. Niyə görən bu gün hamı,  toyun gəlinindən tutmuş qonağına qədər Telli kimi oynayır. Vücudların sabit  bir  əzası qalmadı, təpədən-dırnağa oyum-oyum oynadı. Nə ayıb gözləndi, nə adət. Nə baş verib, anam?

Hanı bizim olanlar? Hanı bizdən olanlar? Hanı bizim ədalar? Hanı bizim sonalar? Görəsən Üzeyir Bəy bizim günümüzdən, özü də bir evdən üç qız seçməli olsaydı onlarda bu rəngarəng düşüncələri, bu fərqli hədəfləri, bu çeşidli ədaları tapa bilərdimi? Çətin olardı. Bu telliləşmiş cəmiyyətdə Üzeyir Bəyin işi, məncə,  zor olardı.

  • Bəs yaxşı, bu yüz illik yolda niyə biz məhz Gülçöhrəni itirdik. Məgər Gülçöhrənin babası kimi zəngin babalar yoxdumu indi?  
  • Zəngin babalar var, bəy babalar yoxdu, anam. Bəy evində böyüyən xanım qızlar, cəsur qızlar yoxdu. Gülçöhrənin mövcudluğunun vacib şərtlərdən biri Bəy Atanın varlığıdı. Xas qanlı kişinin qızı olmaqdı. Məhz, bəy atanın! Zəngin atanın yox. Gülgöhrələrin yoxluğunun səbəbi zənginlərin bəy olmamasıdı. Çünki Əsgər Ağanın nökəri Vəli gəlib zəngin ola bilər, lap nazir də ola bilər, amma bəy olmaz, kübar olmaz, cövhəri nökər olar.  Biz Gülçöhrəni ona görə itirdik ki, əvvəlcə onun bəy atasını itirdik.

 

Qəribədir, bu gün qızın-qadının, yaşından, başından asılı olmayaraq ərə getmək istəyən hər kəsin ilk sualı budu oğlanın evi, maşını, işi, sənəti -nəyi var? Telli demişkən “pulun var?”  Kasıb da var axtarır, varlı da var axtarır. Kasıb da sökənməyə yer axtarır, varlı da arxa axtarır. Kimsə adam axtarmır, qan axtarmır, soy axtarmır. Sevgi heç yada düşmür. Seviləsi oğlan pulu olan oğlan imiş. Hətta Əsgər Ağanın nökəri olsa belə! Gündə üç dəfə ağasının çəkmələrini silsə belə!  

     -   Telliləşmənin gücünə bax, anam.

 Hətta bu gün zəngin evlərdə böyüyən qızlar belə zəngin ər axtarırlar. Bəs bu niyə belə? Tutaq ki, Telli kasıb idi, pulu yox idi, dərdi, qəmi çox idi, bəs bunlar niyə, bunlar ki ehtiyacın dadını bilmirlər? O zaman bu hərislik nədəndi, hardandı? Görünür bu günkü zənginlik, yeni qazanılan bu varidat  hələ ki, genetik yoxsulluğu, irsi yoxsulluğu, şüuraltı yoxsulluğu və mənəvi yoxsulluğu, bir sözlə candan gələni  dəf edə bilməyib.

Bu iş zaman istəyir. Bundan ötrü bir neçə nəslin zəngin keçinməsi gərəkdir. Çünki sevginin cəsarət işi olması onu maddi deyil, mənəvi zənginliyə bağlayır. Aşiqlik Tanrı yanında elə yüksək mərtəbə sayılır ki, hətta böyük  filosofumuz  İbrahim Haqqı Həzrətləri yazır ki;

  • Eşqi yolunda ölən şəhiddi.
  • Mən də deyirəm ki, Leyli kimi.

 

Qayıdaq bizə, bu günümüzə... eşqində telli, istəyində telli, ədasında telli, rəqsində telli, geyimində telli...

Yox, Üzeyir Bəy, yox, bu gün sənin işin çətin olardı.

Bəli, Üzeyir Bəyin hansı işinə əl atırsan onu ustad görürsən. Üzeyir Bəy dövrünün ən böyük sosioloqudur. O zümrələri tanıyır, o toplumun halını bilir, o sorunları görür və dəyərləndirə bilir. Bu yerdə onun bir məqaləsindən bir fikri  yadıma düşdü, deyir ki, insanda olan ən mühüm cəhət cürətdir. Cürət elə bir zaddır ki, hamıya lazımdır. İstər doktor olsun, istər dumada otursun, istər hakim, lap elə küçə süpürən olsun, insanda cürət olmasa o heç zatdır.

Həqiqətən, qızıl kimi sözlərdi. Yaşa, Üzeyir Bəy,  dünya durduqca var ol. Doğrudan da cürət insanın fəqərə sütunudur, onurğasıdır. Cürət toplumun da onurğa sütunudur. Onurğa sütunu zədələnəndə bədəni dik saxlamaq olmur, bel əyilir. Heç fəsad bununla da bitmir. Bütün üzvlər sıradan çıxır. Ürək, böyrək, mədə, nə varsa, hamısının funksiyası pozulur. Çox maraqlıdır ki, bu fəsad qadınlarda sonsuzluğa qədər gətirib çıxara bilir.

Onurğanın qüdrətinə bax.

Cəmiyyət də belədir. Cürətsiz, onurğasız cəmiyyət sonsuzdur, davamsızdır, bitmişdir. Dinib danışa bilmir, haqqını istəyə bilmir. Haqsızla vuruşa bilmir.

Mən bu yazıda bu onurğasızlaşdırılmış cəmiyyətimizin  halını, daha doğrusu bu halın bir kompanentini araşdırmağa cəhd etdim. Və gördüm ki, əgər yüz il öncə hər yüz gənc qızın otuz üçü Gülçöhrə, otuz üçü Asiya, otuz üçü Telli idisə, bu gün doxsan doqquzu telliləşib. Bu gün hər yüz qızın doxsan doqquzu aşiq olmaq gücünü, sevmək cəsarətini itirib. Cürətsiz və maddiyyatçı olub. Ruhu ölgünləşib, qəlbi solğunlaşıb. Bu gün gənc qız qorxur, məhz  ehtiyacın dadını Telli qədər  bildiyi üçün, təminatsız  gələcəkdən  qorxur. Onun mənəviyyat ölçüləri maddi ölçülərə çevrilir. O “uf” demədən sevgini, işığı, nuru yalançı parıltıya, işıldaquşa dəyişir.  Bunun bir səbəbi onun özünün iman və inam problemindərdirsə, ruzunu və baxtı Tanrının verdiyini bilməməsindədirsə, digər səbəb dövlətin zəifliyində və cəmiyyətdə sosial ədalətin pozulmasındadır.

Əlbəttə, bizim toplumda mizan tərəzi pozulub, bu bəlli hekayətdi. Və bu da bəllidi ki, bu gün belə olan durum əbədi deyil. Xalqların və fərdlərin həyatı enişlərdən və yoxuşlardan toxunub. Mən əminəm ki, bir gün bir yazar əlinə qələm götürüb yazacaq ki, bizim toplumun gülçöhrələri – yəni azad və cəsur xanımları yüzdə əlli birdi. Yalnız o zaman  sürüklənən cəmiyyətimiz “qadınla yüksələcək”. Gülçöhrələr

çoxalacaq, tərəzinin gözü düzələcək.  

Hələ bu adın məna gözəlliyinə bax: gül çöhrə, çöhrəsi gül kimi olan.

Üzeyir Bəy bu adı heç  də təsadüfi seçməyib.

Və heç təsadüf də deyil ki, bu gün bu adı daşımaq dəbdə deyil.

Xudaferin.eu

16:43