Əhməd Obalı İranın Azərbaycana qarşı düşmənçiliyindən danışdı

Dekabrın 5-də Mətbuat Şurasında Cənubi Azərbaycanın milli fəalı, "Gunaz TV" rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbirdə İranda son üç ayda baş verən proseslər, orada yaşayan soydaşlarımızın həmin proseslərdə iştirakı, habelə İslam respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, həmçinin İranın artan informasiya təxribatları şəraitində Azərbaycan mediasının diqqət yetirməli olduğu məqamlara aydınlıq gətirilib.

Ə.Obalı çıxışında işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Həmin ərazilərdə Azərbaycan, ümumilikdə türk mirasına qarşı ermənilər tərəfindən vandalizmin törədildiyini, torpaqlarımızın talan olunmasında İranın da yaxından iştirak etdiyini vurğulayıb.

“Regionda Azərbaycana qarşı ən çox düşmənçiliyi İran edir. Prezident İlham Əliyev bir neçə dəfə cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib. Bu, biz cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz hər hansı kənar qüvvələrin işimizə qarışmasını istəmirik”, - deyə o qeyd edib.

Ə.Obalı vurğulayıb ki, İranda 30 milyondan çox cənubi azərbaycanlının hüquqları tapdalanır. Vaxtilə Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu hal daha da güclənib. İranda ana dilimizdəki kitabları yığıb yandırıb, müəllimlərimizi öldürüblər, onlara zülm ediblər.

Görüşdə, eyni zamanda, İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətinin bu sahədəki direktivlərinə əsaslandığı vurğulanıb. Belə xoşagəlməz meyillərin son aylarda daha da artmasının Azərbaycanın apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb.

Toplantıda İranın buna qısqanclıqla yanaşdığı, bu xüsusda rəsmi Tehranın İslam düşməni olan işğalçı Ermənistanla yaxınlığı xüsusi vurğulanıb.

Digər çıxış edənlər Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarının uzun illərdir pozulduğunu vurğulayıblar. Qeyb edilib ki, onların da hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir. Dövlətimizin başçısı son çıxışlarında bu məsələyə toxunub.

Sonda Ə.Obalı müzakirə edilən mövzu ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb.

Xudaferin.eu

 

15:43