Hüquq müdafiəçisi: Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur

Hər dəfə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşləri ərəfəsində separatçı rejimin sərhədboyu ərazilərdə təxribatlar törətməsi təkcə bizə yox, artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bir həftə əvvəl Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri ilə keçirilən görüş ərəfəsində də bunun şahidi olduq. Bu, faşistlərdən fərqlənməyən növbəti erməni xisləti idi və onların mayasının sanki işğalçılıqdan yoğrulduğuna işarədir. Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin havadarı Fransa Prezidenti Makronla birlikdə ötən ilin sonunda Praqada Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəyanatı imzaladıqdan sonra Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni erməni silahlı terror dəstələri fəallaşmağa başladılar. Buna baxmayaraq, rəsmi Bakı Xankəndi və ətraf bölgədə mövcud vəziyyətə tam nəzarət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalandıqdan sonra regionda gizlənmiş erməni terrorçuları tamamilə zərərsizləşdiriləcək. Təbii ki, Brüsseldə də yekun sülh müqaviləsinin imzalanmasına problem yaradan əsas amillərdən biri barədə razılaşma əldə olunub. Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Praqa razılaşmasından sonra artıq ikinci dəfədir ki, Ermənistan rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edir. Bu, Azərbaycanın irəliyə doğru atdığı daha bir diplomatik addımdır. Ermənistan rəhbərinin Avropanın nüfuzlu qurumunun sammitində Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan etməsi ölkəmizin növbəti diplomatik uğurudur.

Ç.Qənizadə deyib ki, Paşinyanın bu etirafından sonra onun oğluna qarşı sui-qəsdin təşkil olunması, ölkədəki radikal-revanşistlərin və erməni terror təşkilatlarının hərəkətə keçməsi Ermənistanın öz problemidir. Təbii olaraq, Ermənistanın baş naziri də dərk edir ki, sülh müqaviləsini imzalamağa məhkumdur. Daxildəki separatçı qüvvələr hərəkətə keçsələr də, ayrı yol yoxdur. Əsas odur ki, Azərbaycan öz istəyini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində pillə-pillə həyata keçirir.

Komitə sədri bu yaxınlarda Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına da münasibət bildirib. Deyib ki, həmin görüşün nəticələri də Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa ayrı yolu olmadığını təsdiqlədi: “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da görüşün sonunda dedi ki, biz Ermənistan, Azərbaycan və Rusiya rəhbərləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə iş kontekstində yaranan vəziyyəti dəyərləndirdik. Bu razılaşmalar, həmçinin nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına da təsir göstərir. Razılaşmalar humanitar məsələlərin həllini də ehtiva edir. Söhbət, ilk növbədə, sərhədlərin delimitasiyası ilə onun sonradan demarkasiyasından gedir. Bu da sülh müqaviləsinin imzalanmasına aparan yoldur”.

Komitə sədri diqqətə çatdırıb ki, hazırda tərəflər, əsasən bu istiqamətdə iş aparırlar. Digər vasitəçilərin də iştirakı ilə bu yöndə fəal müzakirələr davam etdirilir. Təbii ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da təsdiqlədi. Ermənistanın baş diplomatı Ararat Mirzoyan da görüşdən sonra mümkün sülh müqaviləsi layihəsinin bir neçə bəndi üzrə razılıq əldə edildiyini bildirib. Ermənistan xarici işlər naziri onu da etiraf edib ki, regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sonrakı delimitasiya prosesində də irəliləyişlər əldə olunub .

“Son vaxtlar keçirilən görüşlər iki ölkə arasında münasibətlərin normallaşma prosesində və sülh müqaviləsinin imzalanmasında mühüm rol oynayacaq. Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirləri müavinlərinin iştirakı ilə kommunikasiyaların açılması üzrə üçtərəfli qrupun növbəti iclasının keçiriləcəyi də sülh müqaviləsinə aparan vasitələrdəndir. Bütün bunlar Ermənistanın sülh müqaviləsini imzalamağa yaxınlaşdığını təsdiqləyir. Məlumdur ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına razılığını çoxdan bildirib. Xatırladaq ki, beynəlxalq hüququn normalarına əsasən 5 təklif də irəli sürülüb. Ermənistanın baş nazirinin həmin təklifləri qəbul etdiyi hər kəsə, hətta beynəlxalq ictimaiyyətə də bəllidir.

Bir neçə gün sonra, yəni, mayın 25-də Moskvada Azərbaycan və Rusiya prezidentləri, o cümlədən Ermənistanın baş nazirinin iştirakı ilə birgə keçiriləcək görüşdə də işğalçı ölkənin baş naziri Nikol Paşinyan bir daha dərk edəcək ki, sülh müqaviləsini imzalamağa məhkumdur”, - deyə Ç.Qənizadə vurğulayıb.

Xudaferin.eu

11:37