İbrahimbəyov itkisi...

O, təpədən-dırnağa köhnə Bakının, çoxmillətli məhəllənin adamı idi, sonadək də yaradıcılığında, düşüncələrində bu qlafdan çıxa bilmədi, bəlkə də özü istəmədi...

Ötən ilin aprelində Rusiyanın incəsənət adamları üçün təsis etdiyi “Nika”nın xüsusi mükafatı alanlar sırasında Rüstəm İbrahimbəyov da vardı. İbrahimbəyov çoxdan idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi və qısa çıxışında ölüm haqda danışması anlaşılan idi. İbrahimbəyov Bakıdakı uşaqlığını yada salaraq, qonşularından birinin dediyini fikri xatırlamışdı: "O deyərdi ki, uşaqlar, çalışın elə yaşayın ki, öləndə dəfninizə dəyərli adamlar gəlsinlər.." İbrahimbəyov sonda əlavə etmişdi ki, bütün həyatı boyu bu kredo ilə yaşayıb. Maraqlı etirafdır, deyilmi?

Onun adının qarşısında xalq yazıçısı, dramaturq, ssenarist və rejissor yazmasan belə, Rüstəm İbrahimbəyov demək kifayətdir ki, söhbətin kimdən getdiyi məlum olsun. 84 yaşlı İbrahimbəyovun həyatdan getməsi Azərbaycan mədəniyyəti, kinosu üçün ciddi itkidir. Belə zəka və istedad sahibləri məmləkətimizdə az-az doğulur. Bakıda doğulması, “şəhər uşağı”, İçərişərli olması onun sonrakı zəngin yaradıcılığına qiymətsiz “xammal” vermişdi. Məhz bu səbəbdən Bakı, adamları və məhəllələri onun ssenari müəllifi olduğu filmlərdə qırmızı xətlə keçirdi. Onun Bakı, darısqal küçələri, Xəzəri anladan sənədli və bədii filmləri çoxdur.

İbrahimbəyov təpədən-dırnağa köhnə Bakının, çoxmillətli məhəllənin adamı idi. Sonadək də yaradıcılığında, düşüncələrində bu qlafdan çıxa bilmədi, bəlkə də özü istəmədi. O, yeni Bakıya, “yeni azərbaycanlılara”, bəlkə elə paytaxtın hündürmərtəbəli binalarına da öyrəşə, alışa bilmədi. İbrahimbəyov sürətlə dəyişən yeni dünya ilə köhnəlik arasında var-gəl edərək özünü tapmağa çalışdı, amma hərdən İçərişəhərin labirint küçələrindəki kimi “itdi”, yolları qarışdırdı...

Məhz bunun nəticəsi idi ki, ötən əsrin 60-cı ilində “Bir cənub şəhərində”ni ərsəyə gətirən İbrahimbəyov nədənsə, 1996-cı ildə “Əlvida, cənub şəhəri” adlı film çəkməyə qərar vermiş, paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə yovuşmaz münasibətlərini ekranlaşdırmışdı. Yaradıcı adam üçün əlbəttə ki, mövzu tabusu olmamalıdır. Amma İbrahimbəyov kimi masştablı, yaradıcı imkanları geniş olan bir adamın mövzusu da bu olmamalı idi...

İbrahimbəyovun milli adam olmadığını deyənlərlə razılaşmaq olar da, etiraz da etmək...Onun böyüdüyü sovet mühiti, sonrakı Moskva həyatı, teatr və kino yaradıcılığı prosesində rastlaşdığı ən müxtəlif millətlərin nümayəndələrinin arasında “əriyib getdiyini” demək də insafsızlıq olardı. İbrahimbəyov Bakını da, onun keçmiş olmuş adamlarını da, dənizini də hədsiz sevirdi, bunu yaradıcılığında gücü yetdiyi qədər ekranlaşdırıb da. Amma onun Azərbaycanı böyük mənada qucaqlamağa ya qollarının gücü çatmırdı, ya da bunu sadəcə, istəmirdi. O, həbsxanadan buraxılmış məsələn, Balaqardaşı adam öldürməsini anlaya bilirdi, amma erməni zülmündən qaçıb Bakıya sığınmağa məcbur olmuş qaçqının dərdini isə yox... O da faktdır ki, İbrahimbəyov bu illər ərzində Qarabağ dərdini güclü qələmi, dərin zəkası ilə ekrana gətirməyə həvəs göstərmədi. Biz də itirdik, o da...

İbrahimbəyov bəşəri temalara girişirdi, dərin posixoloji qatlara nüfuz edirdi, “ Şərq-Qərb” (ssenarisini yazdığı məşhur filmlərindən biri belə adlanır) arasında körpü sala bilirdi, “Oskar”da alırdı. Fəqət millətinin faciələri içindəki həyatı mövzu olaraq onu cəlb etmirdi. Onun qələmindən çıxan bu mövzulara dünyanın da baxışı fərqli olacaqdı, Azərbaycan gerçəkləri daha çox auditoriyaya çatacaqdı. İbrahimbəyov isə bunları istəmədi, bəlkə də uğur qazanmayacağını düşündü. “Aşağı kassa” filmləri sırasına daxil olacağından ehtiyat etdi, çəkindi. Amma bəs belədirsə, İbrahimbəyov sonuncu filmi olan, Azərbaycanda ciddi etirazlar doğuran ”Qafqaz üçlüyü”nü niyə ssenariləşdirməkdən çəkinmədi? İbrahimbəyovu Bakıdan incik salan nələrsə vardı, amma bu, ona yaşının ahıl çağında bu cür “film”i ssenarişlədirmək üçün bəhanə ola bilməzdi...

Hakimiyyət İbrahimbəyovlara( böyük qardaşı, xalq yazıçı Maqsud İbrahimbəyov ölkənin ən ali mükafatları ilə təltif edilmişdi) hər zaman diqqətlə yanaşdı, bu da danılmaz faktdır. Rüstəm İbrahimbəyov günlərin birində Moskvada yazılmış çox primitiv Milli Şura “ssenarisində” yer alanda da hakimiyyət onunla “pərdəni açmadı”. Prezident İlham Əliyevin İbrahimbəyovun vəfatı ilə bağlı imzaladığı nekroloq da onun yaradıcılığına verilən qiymətdir.

...İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür. Rusiya ilə nəqliyyat əlaqələrinin çətinliyinə baxmayaraq, hökumətin bu işi ən tez bir zamanda həll edəcəyinə şübhə yoxdur. Onun I Fəxri Xiyabanda dəfn ediləcəyi deyilir. İbrahimbəyov çox sevdiyi Bakıya qovuşacaq, xatirələrdə və filmlərində yaşayacaq...

Allah rəhmət etsin.

 

Nazim SABİROĞLU,

Xudaferin.eu

12:17