İcma: Azərbaycanlıların Ermənistandan deportasiyası bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır

Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür. Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqust ayının 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

İcma bir daha bəyan edir ki, Qərbi azərbaycanlılara qarşı törədilmiş bu ədalətsizliyi heç vaxt qəbul etməyəcək. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmasını tələb edir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün təhlükəsizliyin təmin edilməsinə, müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq aktların qəbul edilməsinə dəstək verməyə çağırır. İcma, həmçinin qayıdış hüququ müstəvisində etnik və dini əsasda ayrı-seçkilik cəhdlərini qınayır və bu məsələdə qarşılıqlılıq və hüquq bərabərliyi prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayır.

Xudaferin.eu

16:27