“İran Avropadakı bütün Azərbaycan cəmiyyətlərinə öz adamlarını yerləşdirib” - ELMAN MUSTAFAZADƏ

“Bu gün Avropaya gələn azərbaycanlıların bəlkə də 70-80 %-i dövlətin inkişafına mane olan şəxslərdir...”

“"Ya Qarabağ, ya ölüm!" qrupunu yaradanda bizi duelə çağırır, ölümlə hədələyirdilər. Mənə elə gəlir ki, o insanların bir çoxu Rusiyanın əks-kəşfiyyatına xidmət edirdi. İçində erməni əks-kəşfiyyatına xidmət edənlər də var idi...”

“Söz vermişdim ki, kim Qarabağı alsa, onun yanındayam. Mən Ali Baş Komandanı dəstəkləyirəm, mənim Şuşam azaddır. Mən də preizdentin yanındayam və bunun tam səmimiyyətlə deyirəm”

“Azərbaycanın Dostları Cəmiyyətinin” sədri, hazırda Hollandiyada yaşayan tanınmış ziyalımız Elman Mustafazadə ilə rəhbərlik etdiyi təşkilatın, eləcə də xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti ilə bağlı söhbət etdik.

- Elman bəy, bir neçə ay əvvəl rəhbərlik etdiyiniz “Azərbaycanın Dostları Cəmiyyətinin” fəaliyyəti və gördüyünüz işlərlə bağlı sizdən müsahibə götürmüşdük. Daha sonra, sosial şəbəkədə “Ya Qarabağ, ya ölüm” adlı qrup yaratdığınız və bir çox ziyalıları, tanınmış insanları bu qrupa daxil etdiyiniz məlum oldu. İlk olaraq elə bu məsələdən başlayaq. Qarabağ üçün yenidən savaşa ehtiyac olacağını düşünürsünz?

- "Ya Qarabağ, ya ölüm!" qrupu artıq 4-cü ildir yaranıb. Biz bu qrupu çox çətinllklə yaratdıq. Qrupda ABŞ, Kanada, Rusiya, o cümlədən Azərbaycandan 100-dən artıq soydaşımız var. Bu qrupda toplaşan insanların demək olar ki, əksəriyyəti Azərbaycanla bağlı bu və ya digər formada açıq, bəlkə də məxfi mübarizə aparan ziyalı toplusudur. Onların içində jurnalistlər, iş adamları, elm adamları, həmçinin sıravi insanlar da var. Qrupu yaradandan sonra, orada bir il savaş getdi. Bilmirəm kimlər tərəfindən idi bu savaş. İnanın ki, bizi duelə çağırırdılar, ölümlə hədələyirdilər. Hətta elə məqam oldu ki, mən Bakıdakı dostlarıma müraciət etdim. Bildirdim ki, bizi yalançı qazi adından hədələyirlər, təhdid edirlər. Hətta həmin adamın şəkillərini yolladım. Sonra elə oldu ki, həmin adam özü qrupumuzdan çıxdı. Bizə qarşı bu dərəcədə böyük təhdidlər var idi.

Mən 31 ildir qürbətdə yaşayıram. Azərbacan vətəndaşıyam, istər mən olum, istər başqası olsun, bu qrupda olan insanları təhdid etmək olmaz. Bu insanlar (araqarışdıranlar) bir-bir çıxdılar. Mənə elə gəlir ki, o araqarışdıran insanların bir çoxu Rusiyanın əks-kəşfiyyatına xidmət edirdi. İçində erməni əks-kəşfiyyatına xidmət edənlər də var idi. Bunların hamısının məndə siyahısı var. Onlar müxtəlif formalarda özlərini “qazi”, “Qarabağ mücahidləri” kimi qələmə verir, millətin arasında nifaq salırlar. İndi qismət olar, Bakıda olanda bunu milli maraqlar naminə müzakirə edərik.

- "Ya Qarabağ, ya ölüm!" qrupunun fəaliyyəti nədən ibarət idi?

- Qrupun içində biz tərcümə mərkəzi yaratdıq. 18 dildə, o cümlədən erməni dilini bilən insanları o mərkəzdə topladıq və beynəlxalq mediada Azərbaycana qarşı çıxan materialları izləməyə başladıq. Çalışırdıq ki, bu materiallar barədə səfirliklərimizlə, Diaspor Komitəsi ilə əməkdaşlıq edək. Sağ olsunlar, bir neçə səfirliklər var ki, bizim göndərdiyimiz materiallara gözəl reaksiya verdilər. Amma Nazim İbrahimovun dövründən Diaspor Komitəsi bizimlə əməkdaşlıq etmir, göndərdiyim materialları "yumor"la qarşılayırdılar. Bilmirəm nədən?! Amma Heydər Əliyev Fonduna məktubar göndərmişik, cavab almışıq. Eləcə də Azərbaycanın bir çox siyasi xadimlərindən, qürbətdə yaşayan şəxslərdən hər zaman müraciətimizə cavab almışıq. Hətta bir məsələ ilə bağlı Prezident Aparatına müraciət etdik, oradan da cavab aldıq. Amma çox təəssüf ki, Diaspor Komitəsində Nazim İbrahimovun qoyduğu kurs hələ davam etdirilir. Təbii ki, bizim Diaspor Komitəsi ilə heç bir işimiz yoxdur. Yalnız və yalnız uğurlar diləyirik. Biz öz fəaliyyətimizi davam etdiririk, yalnız vətənimiz, millətimiz naminə. Nə bir kəsdən mükafat umuruq, nə də “sağol”a ehtiyac yoxdur.

Mən qürbətdə yaşadığım 31 ildə Qarabağ uğrunda mübarizə aparmışam. Hakimiyyəti də sərt tənqid etmişəm. Bu gün isə, Qarabağın xilasından sonra, ölkə rəhbərini dəstəkləyirəm. Mən onun yanındayam. Çünki söz vermişdim ki, kim Qarabağı alsa, hətta o, afrikalı olsa belə, onun yanındayam. Mən Ali Baş Komandanı dəstəkləyirəm, mənim Şuşam azaddır. Mən də prezidentin yanındayam və bunu tam səmimiyyətlə deyirəm.

- Siz bütün siyasi müstəvilərə örnək olan milli davranış, vətənpərvərlik nümayiş etdirir, toplumu birliyə səsləyirsiniz. Hətta Facebook-da son paylaşımınızda "o yerdə ki, Vətən amalı, milli maraq var, iqtidarlı-müxalifətli əl-ələ verib qardaş olmağı bacarmalıyıq" fikrini bildirmisiniz. Avropadakı müxalif soydaşlarımız içində bu xəttin dəstəklənməsi nə səviyyədədir?

- Bəli, mən bunu hər zaman demişəm. Hətta Qarabağ savaşından öncə hakimiyyəti tənqid etdiyim zaman da demişəm ki, o yerdə ki, vətən, millət amalı var, milli maraqlar var, atamızın qatili ilə çiyin-çiyinə mübarizə aparmağı bacarmasaq, biz millət kimi məhv olacağıq. Mən bunu digər millətlərdən-litvalılardan, yəhudilərdən, almanlardan öyrənmişəm. Milli maraq, milli amal vətən başqa şeydir. O sözlə olmur: “ay vətən mən sənə qurban olum, millətimə qurban olum”. Xeyr, əməl başqa şeydir. O fikrə görə, bilirisiniz, adamı nə qədər söyürlər... Burada insanlar var ki, iç üzlərini çıxardırlar. Bu gün Azərbaycan hakimiyyətini - İlham Əliyevi və Mehriban Əliyevanı sevdirən ən çox onları söyən “qürbətçi müxalifətçilər” oldu. Çünki onlar gözümün qabağında oldu. Mən bunların işinə qarışmıram. Bunların hamısını tanıyıram və bunları tanıdıqca "Allah Azərbaycanın ölkə başçısına möhkəm can sağlığı versin" deyirəm. Azərbaycan xalqı sevinsin ki, bu insanlar ölkəni tərk ediblər. Bu gün Avropaya gələn azərbaycanlıların bəlkə də 70-80%-i, səmimi deyirəm, dövlətin inkişafına mane olan şəxslərdir. Amma qalan 20%-in içində elm adamları, hərbçilər, qeyrətli oğullar, öz adıyla, soyadıyla, şəcərəsi ilə yaşayan insanlar var ki, yaltaqlığı bacarmırlar, müxalifətçilik edirlər, amma tərbiyə çərçivəsində. Bunların hamısının artıq yaşları keçib, onları Azərbaycana qaytarmaq, onlara şərait yaratmaq lazımdır. Onlardan biri Mahir Cavadovdur, İsa Sadıqovdur, Belçikadakı şair Saday Şəkərlidir. Saday Şəkərli 44 günlük müharibədə çox iş gördü. Adları yadımdan çıxa bilər. Onların Azərbaycana qayıtması üçün əfv fərmanı çıxarmaq lazımdır. Qurban Məmmədovun özünə də əfv fərmanı çıxarmaq lazımdır. Qurban Məmmədov hökuməti tənqid edib, amma 44 günlük müharibədə nələr çəkib, onu bir Allah bilir. Mən bunu unutmaram. Biz 44 günlük müharibədə kimin-kim olduğunu bildik. Azərbaycanı ələ salan, bir erməninin uğuruna sevinən müxalifətçilər var. 44 günlük Vətən müharibəsi Avropada yaxşı ilə pisi bizə tanıtdı. Ona görə, mən çox istəyirəm ki, Azərbaycanın dəyərli oğulları-qızları vətənə qayıtsınlar. Onlara elementar şərait yaratmasalar belə, toxunmasınlar. Onlara vətən hava-su kimi lazımdır.

Toprağımızın çox hissəsini azad etmişik, bundan sonra bizə güclü diplomatiya lazımdır. Mən də, qrupumuz da bunun üçün çalışır. Qrupumuzda da olan insanlar hər biri yaşadığı ölkədə vətən üçün əlləşir-çalışır. Onlar sıradan insanlar deyil. O cümlədən Rusiyadan. Bu cür insanları qrupa toplamışıq, bu da asan deyil. Ona görə, qrupu yaratmaq üçün 1 il təhqirlərə, hədə-qorxulara məruz qalmışıq. Allaha şükür, bizə heç nə təsir etməz. Biz "buğda yeyib cənnətdən qovulmuş" insanlarıq. Biz inqilab görmüşük, mən özünümüdafiə dəstəsinin komandiri olmuşam. İnsanı nəylə qorxudarlar? Ölümlə. Vətənim uğrunda ölmək mənim üçün şərəf olardı. Amma böhtan, yalan, alçaqlıq, namərdlik yox...

-İranlı din xadimlərinin İran dövlətinin bizə qarşı mövqeyini yansıtan açıqlamaları, sizcə, nədən qaynaqlanır? Fars rejiminin Azərbaycana qarşı nifaqlı təşvişinin səbəbi nədir?

-İran Avropada da sakit oturmur. Bütün Azərbaycan cəmiyyətlərinə bu və ya digər formada öz adamlarını yerləşdirib. Onların ən güclü olduqları yer Berlindir, Parisdir. Parisdə bunların qarşısını ala bildilər. Çünki Azərbaycan hökuməti Parisə çox önəm verdi və orada çox güclü insanlar yetişdi ki, İran məqsədinə nail olmadı. Hətta Parisdə Mirvari xanım var, Fransada təhsil almış şəxslər oranın mətbəxini yaxşı bilirlər və onlar İran casuslarına imkan vermədilər. Amma Berlində durum başqa cürdür. İran casusları Berlində məharətlə işləyirlər. Əvvəl iranlılar erməniyə qarşı patriot yetişdirirlər. Guya erməniyə qarşı şüar verirlər. Bundan sonra İranın cəfəri məscidləri, böyük bir şəbəkədir, onların adamları bizim bəzi səfirliklərin vicdansızlıqlarından, vətənpərvərliyin olmamasından, başları ticarətə qarışmış səfirliklərimizin də olmasından istifadə edib həmin casuslardan bəzilərini "dırnaqarası vətənpərvər" kimi səfirliklərə də yerləşdiriblər. Yəni o səfirliklərin içindən də xəbərləri var. Amma kimin nazir olmasından asılı olmayaraq, vicdanla çalışan səfirliklər də var. Sizə bir örnək verim. 90-cı illərin əvvəlləri idi, Heydər Əliyev Brüsselə gəlmişdi. Öyrədilmiş insanlardan biri - İğdır azərbaycanlısı Heydər Əlieyvə nalayiq sözlər deyirdi... Hətta o zaman vətənpərvərlər Heydər Əliyevin döş nişanını da düzəltmişdilər. Bu adam həmin nişanı çıxarır döşündən, taptalayır. Heydər Əliyev də baxır. Bir azərbaycanlı irəli durub ona demir ki, sən kimsən. O vaxt Aımaniyadakı səfir Rövşən Qəmbərə deyir ki, qoyma, bu nə edir. Rövşən bəy də deyir ki, nə edim, mən yıxılım onun ayağını tutum? Həmin adamın dayısıoğlu da Bakıda tutulmuşdu - Kənan Görər. O vaxt OMON-u qızışdıranların biri də o idi. Təsəvvür et ki, bu adam itdən düşmüş bir adam idi, Nazim İbrahimov gəlib onu quyudan çıxardı. Onu fəal etdi və ona "Tərəqqi medalı" verdi. Mən onda Diaspor Komitəsinə dedim ki, sizin vicdanınızı it yesin, mən Heydər Əliyevin tərəfdarı deyiləm, amma siz bu şərəfsizi niyə belə edirsiniz? Bu adam getdi Azərbaycana. Onun ən böyük düşməni də mənəm, çünki onun cinayətlərini bilirəm. Amma Fuad Muradov gələn kimi bu adamın qarşısını aldı. Fuad Muradov köhnə mafiyaların qarşısını aldı. Nazim İbrahimovda bir xasiyyət vardı, kim Heydər Əlieyvə qarşı mübarizə aparırdısa, ona dəstək verirdi. Bu faktdır. Mən ədalət naminə bunu deməliyəm, deyir igidi öldür, amma haqqını yemə. Fuad Muradov bu kimi İğdırlı dələduzların qarşısını aldı. Bu dələduzlar Azərbaycanın pulu ilə gedib Türkiyədə özlərinə evlər, otellər tikiblər. Bunlar Nazim İbrahimovla birgə böyük pullar yuyublar. Sizi inandırıram ki, bir komissiya yaransa, məndə Azərbaycanın pullarının hara sovrulduğu haqda elə faktlar var ki, onlar qoyaram ortalığa. Amma təşəbbüs göstərən yoxdur. Faktlar var. Sübutlar da var. İndi əlimə gözəl fakt keçib. Özünü OMON-çu kimi qələmə verən biri (halbuki yaşı düşmür) Fuad Muradovun ətrafına yerləşib. Əvvəllər bu adam Əli Həsənovu tərifləyirdi, Ramiz Mehdiyev ona medal verəndə onu qucaqlayıb. İndi Facebookdakı bu şəkilləri çıxarıb, indi səhifəsini İlham Əliyevin şəkilləri ilə bəzəyib. Bu nə deməkdir? Belə çıxır ki, bu ölkəni sök-dağıt, sonra get İlham Əlievi təriflə, bununla iş bitdi. Belə şey olar? Burada qeyrətli oğullar-qızlar var, bilirlər kim-kimdir, onlardan istifadə etmək lazımdır.

Bu gün Azərbaycanın Almaniyada, Belçikada, Fransada, hətta Avropa Şurasında çalışan ləyaqətli oğul-qızları var. Onları Diaspor Komitəsinə cəlb etmək lazımdır. Kimdir bunun qarşısını alan, bimirəm. Bunu düşünmək lazımdır. Ona görə, mən hər zaman deyirdim ki, Diaspor Komitəsinə o adam rəhbərlik etməlidir ki, onun üçün Azərbaycan hər şeydən üstün olsun. Mətbəxi bilməlidir. Maşenniklərin 70%-i Nazimin dövründə aktiv idi, indi də aktiv olanlar var. Yaxşı insanlar da var, onlardan rəhmətə gedənlər də oldu. Gülşən Kazımovaya Allah qəni-qəni rəhmət eləsin, onun Hollandiyada gördüyü işləri bəlkə də heç bir batalyon görə bilməzdi. Amma heyif, vaxtsız xəstəlik onu əlimizdən apardı. Burda Avropada Türkiyənin də dırnaqarası oğul və qızları var. Atatürk düşüncəli, sağlam oğul-qızları da var. Onları da qabağa qoymurlar. Fuad Muradov Nazim İbrahimovun vaxtında Diaspor Komitəsinə daraşmış, pul yeməyə meylli adamları uzaqlaşdıra bilmir. Bir-ikisini uzaqlaşdırıb, qalanlarından məlumatı yoxdur. Amma yenə şükür Allaha ki, Diaspor Komitəsində Almaniyadakı Yaşar Musayev kimi elm adamlarımız da var. Gözəl alimimiz var. Onun varlığına görə mənim ürəyim arxayındı, çünki bilirəm ki, onu heç bir şeylə almaq mümkün deyil. Çünki o, Avropanı yaxşı tanıyır. Yaxşı ki, Fuad Muradov Yaşar Musayevi yanına dəvət edib. Yaşar Musayevin yanında vətənə xəyanət heç cür mümkün deyil.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Mənbə Hurriyyet.az
Xudaferin.eu

23:07