İraqlı professor: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə İraq Tədqiqatlar Mərkəzinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Moataz Muhi Əbdülhəmidin bir sıra mətbuat orqanlarında məqaləsi dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Azərbaycanın Müstəqillik Günü və İraq-Azərbaycan əlaqələrinin əhəmiyyəti” sərlövhəli məqalədə cari ilin martında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ilk dəfə Azərbaycana səfər etdiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev ilə İraq Prezidentinin görüşü qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük təkan verib.

Məqalədə bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika olub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət azad və müstəqil dövlətçilik ənənəsi və institutları formalaşdıra bilib. Həmin dövrdə təhsilin, mədəniyyətin, səhiyyənin və ictimai-siyasi həyatın digər sahələrinin inkişafı üçün əsas yaradılıb. Lakin Azərbaycanın təbii sərvətlərinə nəzarəti itirmək istəməyən bolşevik Rusiyasının işğalı ilə demokratik respublika süquta uğrayıb.

Yazıda Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, Ulu Öndər Heydər Əliyevin gənc respublikanı dərin böhran və xaosdan xilas edərək dinamik inkişaf yoluna çıxardığı qeyd olunub. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirdiyi vurğulanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdiyi, hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə karbohidrogen ehtiyatlarını ixrac edir. Azərbaycan TANAP və TAP qaz kəmərləri ilə təbii qazını daha uzaq məsafələrə ixrac etməyə başlayıb.

Məqalənin yekununda vurğulanıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sosial-iqtisadi və ictimai- siyasi baxımdan inkişaf etmiş dövlətlərindən birinə çevrilib.

Xudaferin.eu


 

15:39