İrlandiya parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılacaq

İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şon Oferghail İrlandiya parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupunun yaradılması üzərində işin getdiyini diqqətə çatdırıb. O, bunun parlamentlərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Şon Oferghail İrlandiyanın xarici ölkələrə investisiya qoymaqda, iqtisadiyyat və turizm sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, Azərbaycanın regiondakı aparıcı rolu, Avropanın etibarlı enerji tərəfdaşı olması barədə fikirlərini bölüşüb. Nümayəndələr Palatasının sədri iki ölkənin parlamentlərarası və digər sahələrdə əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb, bu sahədə mövcud imkanlardan danışıb.

Milli Məclisin sədri Sahibə Qafarova, təhsil, mədəniyyət, humanitar sahələrdə və parlamentlər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə Sahibə Qafarova Cənubi Qafqazda, o cümlədən Azərbaycanda, xüsusilə də Qarabağ bölgəsində vəziyyət haqqında məlumat verib. Bildirib ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirir. Milli Məclisin sədri Ermənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdiyini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini də diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın lokal antiterror tədbirlərindən bəhs edib. Qeyd edilib ki, bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri Azərbaycanın Qarabağ regionundan çıxarmaq olub.

Eyni zamanda, bildirilib ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələr aparılır və artıq Qarabağın erməni icmasının nümayəndələri ilə iki görüş keçirilib. Xankəndiyə humanitar yardım və ərzaq göndərilib. Ermənistana getmək istəyən ermənilərin bölgəni maneəsiz tərk etmələri üçün lazımi şərait yaradılıb, Qarabağda yaşamaq istəyən insanlar orada qalırlar. S.Qafarova nəhayət sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Sonra Sahibə Qafarova parlamentin xatirə kitabını imzalayıb.

Daha sonra Milli Məclisin sədrinin İrlandiya Respublikası parlamentinin Nümayəndələr Palatasının və Senatının iclas zallarında salamlama mərasimi keçirilib.

Xudaferin.eu

 

16:34