İspaniya mətbuatı Azərbaycan Prezidentinin Rumıniyaya qaz tədarükü barədə bəyanatını yayıb

İspaniyanın EFE xəbər agentliyi, “Lavanguardia” nüfuzlu ispandilli qəzeti, “SWI swissinfo.ch” nəşrinin ispandilli versiyası Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya planlaşdırılmış qaz tədarükü barədə bəyanatını yayıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, materiallarda Prezident İlham Əliyevin rumıniyalı həmkarı Klaus Yohannislə görüşdə Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya qaz tədarük edəcəyini bəyan etməsi diqqətə çatdırılır.

“Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək”, - deyə EFE nəşri Prezident İlham Əliyevin sözlərini sitat gətirib.

Qeyd olunur ki, Azərbaycanın dövlət başçısının sözlərinə görə, iki il bundan əvvəl Cənub Qaz Dəhlizi layihəsinin inşası başa çatıb. Trans-Adriatik qaz kəmərinin bir hissəsi olan bu layihə sayəsində Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevrilib.

İspandilli mətbuat Prezident İlham Əliyevin cümə günü öz rumıniyalı həmkarı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının açılış mərasimində iştirak edəcəyini elan etməsini də diqqətə çatdırır.

Xudaferin.eu


 

17:08