“İstər kişi olsun, istərsə qadın, Onunçun şərəfdir ləkəsiz bir ad.”

Filalogiya elmləri namizədi, professor,dosent Müzahirə xanım Paşayevanın axırıncı və axarıncı kitabı olan”Praktikal course of English” kitabında tərcümə olunmuş bu bir beyt şeir diqqətimi cəlb etdi. Şərəfli ömür yolu keçərək ömrünün son bahar illərinə qədəm qoyan Müzahirə xanım həm ziyalı xanım, həm də bir ana kimi yüksək dəyərlərə malik xüsusiyyətləri vardır.

Öz ürəyinin aynası kimi saf, təmiz bir ürək, öz ömrünün baharı kimi günəşli, ətirli, duyğulu bir ömür bəxş edən varlıqdır ANA! Gözəlliyin gözü, özəlliyin özü, hər bir insanın ilkin sözüdür ANA! Mehriban, şirin, əziz, doğma, bir cana min can deyən müqəddəs varlıqdır ANA! Vətən deyəndə ANA, ANA deyəndə vətən xatırlanır. Odur ki, heç vaxt bir-birindən ayrılmayan iki böyük dəyərdir ANA VƏTƏN!
Yazıma bu girişlə başlamağım təsadüfi deyil. Əziz oxucum, sizə Azərbaycanın ziyalı bir qadını haqqında söhbət açmaq istəyirəm. Vətən qarşısında misilsiz xidmətləri olan, gənclərin təhsili sahəsində danılmaz əməyi olan ziyalı bir xanım. Bəlkə də onu çoxunuz tanıyırsınız – Müzahirə xanım Məcidağa qızı Paşayeva.
1929-cu ildə Bakıda anadan olmuş Müzahirə xanımın atası Məcidağa Əhmədağa oğlu bəy nəslindən olduğundan
1931-ci ildə represiyaya məruz qalmış, sürgündə vəfat etmiş və ölümündən bir neçə il sonra isə bəraət qazanmışdır. Əmisinin himayəsində böyüyüb boya-başa çatan Müzahirə xanım, 1946-cı ildə 176 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ingilis dili fakultəsinə daxil olmuşdur. Xarici Dillər institutunu fərqlənmə diplomu ilə bitirərək, həmin institutda müəllim vəzifəsində saxlanmışdır. 1955-ci ildə aspiranturaya daxil olma münasibətilə Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutuna keçir.

Aspiranturanı bitirərək, Azərbaycan SSR EA müxbir üzvü Ə.Ə.Orucovun rəhbərliyi altında lüğətçiliklə bağlı namizədlik dissertasiyasını müdafiə etmiş, kiçik elmi işçi vəzifəsində işləmiş və bir sıra elmi məqalələrlə yanaşı Azərbaycan dilinin izahlı lüğətində gedən “R”, “M”, “X” hərflərinin ilkin tərtibçisi olmuşdur. 1967-ci ildə M.F.Axundov adına İnstitutda konkursdan müvəffəqiyyətlə keçdiyinə görə əvvəlcə ingilis dili üzrə baş müəllim, 1968-ci ildən etibarən isə 2 saylı ingilis dili kafedrasının müdiri vəzifəsində işləmişdir. 13 il bu vəzifədə çalışan Müzahirə xanım 1973-cü ildən İnstitutun ayrılması ilə əlaqədar olaraq Xarici Dillər İnstitutunda növbəti dəfə kafedra müdiri vəzifəsində işləmişdir.
Elə həmin ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ingilis dili üzrə dosent elmi adına layiq görülmüşdür. Daha sonra Universitetin leksikologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyətilə yanaşı, elmi-tədqiqat və 40-a yaxın elmi işləri vardır. Bir qismi ikidilli lüğətçiliyin nəzəri məsələləri ilə əlaqədar olan bu elmi işlər dilçiliyin müxtəlif sahələrini əhatə edir. Bunlardan “İkidilli lüğətlərdə frazeoloji vahidlərin tərcümə prinsipləri, “İngiliscə-Azərbaycanca lüğətin tərtibi prinsipləri”, “Rusca-Azərbaycanca lüğətlərdə frazeoloji vahidlərin yerləşdirilməsi prinsipləri”, “İngiliscə-Azərbaycanca lüğətdə ingilis dili leksik-qrammatik kateqoriyalarının verilməsi məsələsi haqqında və s. misal gətirmək olar.
Digər bir qismi leksikologiya məsələlərinə həsr edilmişdir. Məsələn, “Orta və yeni ingilis dilində affiksal sözdüzəltmə”, “Ekstralingvistik amillərin təsiri nəticəsində ingilis dilində baş verən dəyişikliklər”, İngilis və Azərbaycan dillərində qan qohumluğu terminlərinin müqayisəsi tədqiqi”, İngilis dilində işlənən sayların leksik-semantik xüsusiyyətləri haqqında bəzi qeydlər” və s. Üçüncü hissə dil tarixi məsələlərinə aid “İngilis dilinin tarixinin qədim dövrü”, “Orta və yeni ingilis dili dövrü”, “Milli ədəbi ingilis dilinin təşəkkülü haqqında”, “Bəzi ingilis dili coğrafi adlarının yaranması tarixi”ndən və s. bəhs edən kitabların müəllifidir. Şifahi nitq üzrə 219 səhifəlik “Oral Practice Manual (for advand students), 370 səhifəlik “İctimai-siyasi səhifələrə həsr edilmiş “Focus on Newspaper” kitablarının, “İngilis-Azərbaycan Dictionary” lüğətində 1000 səhifəni əhatə edən 4 hərfin və orta məktəb üçün nəzərdə tutulmuş “İngiliscə-Azərbaycanca lüğət”in tərtibçilərindən və 374 səhifəlik yuxarı kurs tələbələri üçün “Practical Course of English” dərs kitabının, şifahi və yazılı nitq praktikası fənni üzrə proqramın müəlliflərindən biridir. Bunlardan əlavə bir sıra kitabların redaktorudur. Bir çox Respublika elmi konfranslarında elmi məruzələrlə çıxışlar etmişdir. Çox sayda layiqli kadrlar yetişdirmişdir.

Onların sıralarında elmlər doktorları, elmlər namizədləri, ali və orta məktəb müəllimləri, hətta səfirlər və nazirlər də vardır. Rəhbərliyi altında bir çox bakalavr və magistr işləri yerinə yetirilir. 2 dəfə medalla təltif olunaraq bir ziyalı kimi 2001-ci ildə çıxan “Azərbaycanlı Qadınlar” adlı kitaba daxil edilmişdir. 2004-cü ildə Dillər Universitetində təntənəli şəkildə qeyd edilmiş 75 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin və Universitetin fəxri fərmanları ilə təltif edilmişdir.
İki qızı və üç nəvəsi var. Böyük qızı Təranə xanım ailəsi ilə birgə ABŞ-nın Riçmond şəhərində yaşayır və işləyir. Kiçik qızı İradə xanım BDU-nun kiçik elmi işçisi kimi fəaliyyət göstərir. Riçmond Universitetini bitirən böyük nəvəsi Sani Vaşinqton şəhərində yaşayır və işləyir, aile gurub ve 2 evlad sahibidir. O biri iki nəvəsi Emil Amerikada və Ləman Azerbaycanda ali mektebleri bitirib oz saheleri uzre ishleyirler.
Tanışlıq üçün qeyd etdiklərimiz bir insanın iş həyatına sadəcə bir baxışdır. Ömrünün 93-cü baharına qədəm qoyan ziyalı bir xanımın ömrü yolundan qalaq-qalaq məqalələr, kitablar yazmaq olar.

Öz əzmi və qüruru ilə onu tanıyanların dərin rəğbətini qazanmış Müzahirə xanımın əzab və çətinliklərlə bol həyat tərzi onu amalından döndərə bilməmişdir. Həyat yollarında gururla addımlayan Müzahirə ana iki gül balasını Təranə və İradəni kipriyinin kölgəsində bəsləmiş, bütün çətinliklərə sinə gərərək onlara gözəl həyat yaşatmışdır.

Heç kəsdən təmənna ummayan mərd ana öz məğrurluğu ilə tanınır, sevilir və ucalır. Uca dağlara tez düşən qar kimi dən atmış saçlarında məğrurluq duyumu var. Həyat adlı mübarizəyə doğru pillə-pillə ucaldıqca, 20 yaşlı gənc kimi ümidverici, 30 yaşlı gəlin kimi həyat dolu, 50 yaşlı insan kimi məğlubedilməz, 80 yaşında isə nə qədər müdrik görünür Müzahirə ana!
Açıq ürəklə arzularını, məhəbbətini övladları ilə bölüb, onlara daim ruh verib. Hər nəvə səsi eşidəndə gülən gözlərinin parıltısı onun gənc yaşlarından xəbər verir.
Balalarının hər uğuruna sevinəndə daha da gəncləşir, dolğunlaşır, gözəlləşir Müzahirə ana. Həyatın axarlı-baxarlı, barlı-bərəkətli, ruzi, elm dolu qapıları üzünə açıldıqca, işığına qərq olub, sevgisiylə bəzənib övladları, eləcə də tələbələri.
Bütün qohumları, iş yoldaşları hər zaman adı ilə, ucalığı ilə, alicənablığı ilə fəxr edib öyünüblər onunla.
Müzahirə xanım bir vətəndaş kimi Vətən qarşısındakı öz sözü, zəhməti və xeyirxah əməlləri ilə əsl Vətən övladıdır desək yanılmarıq. Yaşının neçə olmasından aslı olmayaraq, qoy ürəyi daim gənc, duyğuları təmiz, könlü şad olsun!
Gözəl insan, ziyalı xanım, mehriban anamız Müzahirə xanım, Sizin ad gününüzü ürəkdən təbrik edir və deyirik:
- Müzahirə xanım, biz sizi çox, çox, çox sevirik!

RƏNA MİRZƏYEV

P.S. Biz Xudafərin jurnalı (xudaferin.eu) kollektivi olaraq bu günlərdə gözlərini həyata əbədi yummuş Müzahirə Xanım Zamanovanın doğmalarına və yaxınlarına başsağlığı verir, Allah rəhmət eləsin, nur içində yatsın deyirik.

Xudaferin.eu

19:35