Kanada mətbuatı Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsindən yazıb

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Azərbaycan diaspor gəncləri yay düşərgəsində iştirak edir” və “Xaricdəki Qarabağ məktəbləri: yəhudi gündüz məktəblərinin Azərbaycandakı analoqu” sərlövhəli məqalələr dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı “Azərbaycan diaspor gəncləri yay düşərgəsində iştirak edir” adlı məqalədə Komitənin irimiqyaslı layihələrindən olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsindən bəhs olunub.

2018-ci ildən bu müsbət təcrübəni uğurla həyata keçirən Komitənin 2018-ci ildə Şəkidə, 2019-cu ildə isə Şamaxıda analoji tədbirlər təşkil etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan üçüncü düşərgə pandemiya ilə əlaqədar təxirə salınıb. Bu tədbir 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi mədəniyyət paytaxtı Şuşa şəhərində cari ilin avqustunda keçirilib.

Bildirilib ki, Azərbaycanda “Şuşa İli” çərçivəsində start verilən layihə xaricdə yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək məqsədi daşıyır. Dünyanın 51 ölkəsindən 115 diaspor gəncinin qatıldığı III Yay Düşərgəsini açıq elan edən Komitə sədri Fuad Muradov tədbirin Qarabağın incisi olan Şuşada keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Qarabağ məktəblərindən bəhs olunan digər məqalədə isə qeyd olunub ki, Kanada, ABŞ və İsraildən başqa digər ölkələrdə yəhudi məktəblilər və tələbələr ivrit dili, yəhudi xalqının tarixi və mədəniyyəti, ümumilikdə yəhudi irsi ilə tanış olmaq üçün gündüz məktəblərində oxuyurlar. Müəllifin fikrincə, 2018-ci ildən xaricdə fəaliyyət göstərən Qarabağ məktəbləri yəhudi gündüz məktəblərinin Azərbaycan variantıdır və bu hal özlüyündə sözügedən modelin uğurlu olduğunu sübut edir. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər öz milli kimliklərini gücləndirmək üçün Qarabağ məktəblərində təhsil alırlar. Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi olan ilk belə məktəb İsveçrədə təşkil olunub. İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuş məktəbdə Azərbaycan dili, tarixi, milli rəqslər və fortepiano dərsləri peşəkar müəllimlər tərəfindən tədris edilir.

Məqalədə, həmçinin Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən “Qardaşlaşmış Qarabağ məktəbləri” adlı yeni layihəyə start verilməsindən bəhs edilib. Qeyd olunub ki, bu yaxınlarda layihənin tərkib hissəsi kimi İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları bir həftə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində səmərəli vaxt keçiriblər.

 

Xudaferin.eu

13:55