Kanadanın Kalqari şəhərində Azərbaycan Bayrağı ucaldılıb

Kanadanın Kalqari şəhər meriyasının önündə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə üçrəngli bayrağımızın qaldırılma mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (ALACS) və “Azeri Calgary Stars”ın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımızın səmaya ucaldılmasından sonra cəmiyyətin nəzdindəki “Azeri Calgary Stars” və “Spirit of Land of Fire” rəqs qruplarının ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.

Azərbaycan icmasının fəalları mərasimi və konserti maraqla izləyən yerli sakinlərə 105 il öncə türk və müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik və dünyəvi respublikanın elan olunduğu barədə məlumat veriblər. Zəngin siyasi və mədəni irsə malik olan Azərbaycan xalqının bu mühüm tarixi hadisə ilə bağlı qürur duyduğunu diqqətə çatdırıblar.

Tədbir Azərbaycan Bayrağının fonunda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Xudaferin.eu

15:50