Keniyanın baş prokuroru Qarabağda bərpa-quruculuq və minatəmizləmə işləri barədə məlumatlandırılıb

Fevralın 13-də Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin baş prokuroru Renson Mulele İngonga ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, keçən il Azərbaycanın Keniyada səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirən baş prokuror diplomata fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin uğurlu inkişaf istiqamətlərindən məlumatlı olduğunu qeyd edən Renson Mulele İngonga qarşılıqlı hüquqi yardım, korrupsiya və terrorizmlə mübarizədə təcrübə mübadiləsi və prokurorluq əməkdaşlarının birgə təlimlərə cəlb edilməsi üzrə işbirliyinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.

S.Hacıyev öz növbəsində diqqətə çatdırıb ki, cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunması dinamik inkişaf edən əlaqələrin daha da möhkəmlənməsi üçün münbit zəmin yaradır. O, Azərbaycanın dövlətçilik tarixi, müstəqillik dövründə qazandığı nailiyyətlər, 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması haqqında məlumat verib. Qeyd edib ki, ölkəmiz postmünaqişə dövründə ərazilərdə bərpa, yenidənqurma və minatəmizləmə üzrə genişmiqyaslı işlər aparmaqdadır.

Səfir Azərbaycanda növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və nəticələri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan 2024-cü ildə COP29-a, 2026-cı ildə isə WUF13-ə ev sahibliyi edəcək.

Xudaferin.eu

13:24