Laçın rayonu tezliklə Şərqi Zəngəzurun mühüm mərkəzlərindən birinə çevriləcək

Qırx dörd günlük Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Onun sözlərinə görə, artıq 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, 30 il işğal altında qalmış ərazilərdə həyatın yenidən canlanması Azərbaycan xalqı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir məsələdir.

“Prezident İlham Əliyev 2022-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdi ki, 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Dövlətimizin başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad olunan ərazilərimizdə tətbiq edilən yeni idarəetmə üsulunun nəticələrindən bəhs etdi və vurğuladı ki, öz sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir.

İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə öz standartlarını yaradıb və bu, dirçəlişin Azərbaycan modelidir. Belə ki “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir”, - deyə A.Məmmədov qeyd edib.

Deputat bildirib ki, dövlətimizin başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək görülən işlərin yüksək keyfiyyətlə aparılmasının, ətraf mühitin mühafizəsinin və qanunvericiliyə əməl olunmasının vacibliyinə diqqət çəkdi. Prezident İlham Əliyev Laçın şəhərində görülən işlərin fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır. İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.

“Prezident İlham Əliyev, həmçinin laçınlılara xoş xəbərlər də çatdırdı. Belə ki, bu ilin sonuna kimi Laçın şəhərinə minlərlə insan qayıdacaq. Bu, onu deməyə əsas verir ki, laçınlıların öz doğma yurdunda xoşbəxt həyatı uzaqda deyil. Ölkəmizin başçısının vurğuladığı kimi birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir.

Beləliklə, ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək”, - deyən Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

15:22