Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Londonun ən mərkəzi və paytaxt zənginlərinin ən çox baş çəkdiyi ərazilərdən birinə - Meyfeir adlanan bölgəyə üz tuturam. Dəfələrlə gəldiyim bu yerə bu gün daha başqa bir gözlə baxıram; çünki bu dəfə təkcə gəzmək üçün gəlməmişəm… Soydaşlarımızdan birinin burada ofisi var, “nə gözəl” deyə fəxr və qürur hissi yaşayıram.

Bugünkü müsahibimiz Rauf Xəlilov 24 ildir ki, Londonda yaşayır və 2013-cü ildən bəridir onun “Mergul Law” adlanan şirkəti Londonda fəaliyyət göstərir. O, həmçinin bir neçə il öncə ingilis dilində iki uşaq kitabı yazıb, Londondakı Azərbaycan məktəbində də həftə sonları azərbaycanlı uşaqlara şahmat dərsi keçir.

Rauf Xəlilov deyir ki, şirkəti müxtəlif sahələri əhatə etsə də, onlar əsasən “dispute resolution”, yəni mübahisələrin həlli üzrə ad-san qazanıblar. Hüquqda mübahisələrin həlli tərəflər arasında münaqişələrin və ya fikir ayrılıqlarının, çox vaxt danışıqlar, vasitəçilik, arbitraj və ya məhkəmə çəkişmələri yolu ilə həlli prosesinə aiddir. Söhbət məhkəmə sisteminin iştirakı ilə və ya iştirak etmədən hər iki tərəfin razılaşa biləcəyi həll yolunu tapmaqdan gedir.

AZƏRTAC-ın London bürosu olaraq, Rauf Xəlilovla Londondakı fəaliyyəti və onu hüquq şirkəti qurmağa aparan yollar barəsində danışırıq.

-Necə oldu ki, hüquq şirkəti açmağa qərar verdiniz?

-Uşaqlıqdan ancaq bizneslə məşğul olmaq, özüm üçün çalışmaq istəmişəm. Vəkillik təhsili alanda əvvəldən bilirdim ki, bu, nə vaxtsa olacaq. Təbii ki, İngiltərədə şirkət açmaq asan deyil. Burada bir çox maneələr var. Onların hamısını aşmaq lazımdır. Birincisi, vəkil kimi mükəmməlləşmək lazımdır. Sonra həm maddi, həm mənəvi və iqtisadi nöqteyi-nəzərdən buna hazır olmaq gərəkdir. Şirkət açmaq riskli bir addımdır. Təkcə hüquq şirkəti yox, hansısa balaca bir biznesi tanımadığın bir ölkədə, bələd olmadığın bazarda açmaq özü bir riskdir.

Xüsusilə hüquq şirkətini açmaq, onu uğurlu idarə etmək üçün cəsarətdən başqa çoxlu amillər gərəkdir. Mən şirkəti açmazdan öncə təhsil aldım, təhsilimi bitirdikdən sonra təcrübə topladım. Təcrübə topladıqdan sonra bəzi kiçik şirkətlərdə departamentlər qurdum. Görəndən, əmin olandan sonra ki, mən bu işi bacarıram, öz şirkətimi qurmaq, müstəqil hərəkət etmək qərarına gəldim. Bu, birdən-birə olmadı. Bütün addımları yavaş-yavaş atmışam. Ümumiyyətlə mən çox böyük risklərə girməyi xoşlayan insan deyiləm. Çünki, çox zəngin bir yerdən çıxmamışam və böyük risklər qəbul edərək nəyisə birdən-birə itirmək lüksüm yoxdur. Ona görə çox səmərəli, çox aram addımlarla irəli getməyi seçirəm. Öz işimdə, peşəmdə, bu şirkəti qurmağımda belə addımlamışam.

-Hüquq şirkəti açmaq, onu işlətmək çox məsuliyyətli bir işdir. Hazırda iş qrafikiniz necədir? Bir gününüz necə keçir?

- Hansısa şirkət sahibisənsə normal iş qrafikin olmur. Həftənin 7 günü, günün 24 saatı işləyirsən. Çox vaxt zaman yetmir. Dostlarımla zarafatlaşanda bəzən deyirəm kaş sutka 24 saat yerinə 25-26 saat olaydı ki, işlərin hamısını həll edə bilərdik.

İşə təzə-təzə başlayanda mən müştərilərlə daha çox təmasda olurdum, bir vəkil kimi onların işləri ilə daha çox məşğul idim. Vəkillik fəaliyyətim demək olar ki, haradasa 80 faiz idi. Ancaq şirkət böyüdükcə, işçilər işə götürdükcə yavaş-yavaş diversifikasiya elədik. Vəkillik fəaliyyətimi azaltdım, daha çox biznes tərəfinə diqqət etməyə başladım. “Business building”ə - biznesi qurmaq işinə daha çox diqqət edirəm. Həm də supervayzer, yəni nəzarətçi işi ilə məşğulam. Bundan əlavə, strateji addımlara diqqət edirəm. Hansısa bir işi aparırıqsa, orada strategiya, plan var. İşi əvvəldən planlaşdırmaq, strategiya qurmaq, hansı addımlar atmaq gərəkdir; bu kimi sferalarda daha çox fəaliyyət göstərirəm. Biznesin hər hansı bir ehtiyacları varsa onlarla məşğul oluram, mühüm görüşlər keçirirəm.

-İşçiləri şirkətə qəbul edəndə onları özünüz seçirsiniz?

-Bizdə fərqli departamentlər var. Hər bir departamentə işçi götürəndə o departamentin rəhbəri ilk müsahibəni aparır. Seçimi onlar edirlər. Ondan sonra məsələni mənimlə müzakirə edirlər. Mən də onların müsbət rəyini aldıqdan sonra namizədlərlə söhbət aparıram. Baxıram ki, şirkət üçün uyğundur, ya yox. Bəzən görürsən ki, vəkil olaraq kimsə yaxşı vəkildir, amma komanda üzvü kimi o, komandaya uyğun deyil.

-İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri hansılardır?

-Sevdiyim tərəfi odur ki, biz insanlara kömək edirik. Çox vaxt insanlar bizə çox müxtəlif problemlərlə gəlirlər: sosial, ailə, ictimai və s. kimi. Bu məsələlərdə insanlara yardım edə bilmək fürsəti, qabiliyyəti xoşuma gəlir. Bu səbəbdəndir ki, mən bu peşəni seçmişəm.

Mən həkimlər ailəsindən gəlirəm. Atam, əmilərim, xalam həkimdir. Bizdə insanlara kömək etmək ailəmizdən gəlir. Mən həkim olmadım, amma vəkil oldum. Bizim peşəmiz belədir ki, biz də insanlara kömək etməyə çalışırıq.

Xoşuma gəlməyən amillər odur ki, bəzən elə vaxtlar olur insanlara kömək edə bilmirəm. Ya da elə məqamlar olur ki, etdiyimiz kömək adekvat kömək olmur. Məsələn, insanlar həyatını itirir, biz o məqamda istəyirik ki, onların uşaqlarına, ailə üzvlərinə təzminat alaq. Bu təzminatı alanda bir müsbət nəticə əldə etsək belə, bununla qane ola bilmirəm. Çünki elə bir itki baş verib ki, onu təzminatla tam qapatmaq mümkün deyil. Ən çox da kiçik uşaqlarla bağlı olan məsələlərdə… Uşaq ona yaxın olan bir insanı itirirsə, o anda əllərimin bağlı olduğunu hiss edib məyus oluram.

-Londonda, Britaniyada bilirəm ki, vəkil tutmaq baha başa gəlir. Səhv etmirəmsə vəkil tutmağın saatı 250 funt sterlinqdən başlayır. Sizin şirkətdə qiymətlər necədir?

-Bizdə fərqli-fərqli xidmət müqavilələri var. Siz dediyiniz “retainer based kontrakt”dır. Orada saatladır.

Bəzən də biz faizlə işləyirik. Hansısa çəkişmədə vəkil və müştəri faizə anlaşır. Vəkil məsələn, uduşdan 30 faiz götürür ya da 40 faiz. Bu, fərqli-fərqli müqavilələrdir. Onun da hamısı risk əsasında hesablanır. Məsələn, bir işlə məşğul olanda vəkil baxmalıdır ki, burda risklər nədir, uduş şansı nə qədərdir və onun əsasında bir qərar qəbul edilməlidir.

İstənilən müştəri şirkətimizə müraciət edərkən biz onlara ən yaxşı variant hansıdırsa onu məsləhət görürük. Bəzən elə bir iş olur, müştəri soruşur ki, bu işi görsəniz “conditional fee agreement” etmək olarmı? Ya da işə baxıram, görürəm ki, mən burada məktub yazsam biz işi udacağıq. Əgər həmin iş yarım milyonluq iddiadırsa onun 30 faizini müştərinin bir məktuba görə ödəməsi düzgün deyil. Ona görə biz bunu müştəriyə əvvəldən deyirik ki, bu sizə sərf etmir. Sizə sərf edər ki, burada ödənişi saathesabı edəsiniz. Mərhələ-mərhələ gedirik. Birinci mərhələdə uda bilməsək, onda yenidən oturur, müzakirə edirik ki, başqa hansı variant sizin üçün daha yaxşıdır.

Sizin dediyiniz saatına 250 funt sterlinq əslində ucuz qiymətlərdir. Bizdə qiymətlər daha da bahadır. Biz bəzən bir saat üçün 450, 500, 600, 1000, 1 500 funt sterlinq alırıq. Prosesdən asılı olur və qiymətə təsir edən amillər çoxdur. Məsələn ortada 10 milyonluq bir iddia varsa, orada 200 funtluq vəkili yanına getmək düzgün deyil. Mən demirəm ki, 200 funt sterlinq alan vəkil yaxşı vəkil deyil. Standard praktika bunu göstərir ki, o işlə məşğul olan vəkillərin özlərinin qiyməti var. Hüquqşünasın ixtisası, peşəsi, təcrübəsi, qələbə nəticələri - bunlar hamısı vacib amillərdir.

Şirkətimizdə biz onlayn marketinqlə az məşğul oluruq. Məsələn, biz şəxsi tövsiyələrə üstünlük veririk. Bizim işimiz həkimlərdəki kimidir. Bu, belə bir peşədir ki, şəxsi tövsiyə olmalıdır. Bilinməlidir ki, bu hüquqşünas, həkim kimdir, hansı işlərlə məşğuldur, hansı uğurları var.

Biz də işə seçim etdiyimiz zaman hansısa bir ixtisasa hüquqşünas, ekspert lazımdırsa ən yaxşısını seçməyə çalışırıq, CV-lərə baxırıq, müsahibələr keçiririk, suallar veririk. Qarşımızdakı suallarımıza cavab verə bilmirsə, ya da yetəri qədər peşəkarlıq göstərə bilmirsə onu işə götürmürük.

-Bir iş, iddia üzrə aldığınız ən böyük təzminat nə qədər olub?

-Məxfilik məsələsinə görə bunu deyə bilmərəm, amma milyonlarla funt sterlinq olub. Hələ elə olmayıb ki, milyardlıq kompensasiya alaq, amma milyonlarla funt sterlinq kompensasiya aldığımız olub.

Bu məbləğ bəzən çox aşağı da olub, bəzən elə olub ki, işdən cəmi min funt sterlinq qazanmışıq. Bəzən də elə olub ki, biz nəticə əldə edirik, iddianı qazanırıq, ancaq orada pul yox, non-monetary (qeyri-pul) təzminatlar alırıq. Onlar da insanlar üçün vacibdir. Məsələn, bir məktəbdə uşağa diskriminasiya edirlər, orada təzminat istəmirsən, amma deyirsən ki, bu addımlar atılmalıdır. Biz belə işlərə də baxmışıq.

-Hər hansı bir iddiada, məhkəmə çəkişməsində uduzanda nə hiss edirsiniz?

-İxtisasımız elədir ki, burada udmaq da, uduzmaq da realdır. Hər bir işi götürəndə, onu uduzmaq şansımızın olduğunu bilərək başlayırıq. Hüquqda, mülki çəkişmələrdə əgər 51 faiz udmaq şansı varsa, o, uğurlu şans sayılır. Yəni o işləri qəbul edə bilərsiniz. 51 faizdən aşağıdırsa müştərinizə deməlisiniz ki, udmaq şansınız azdır. Ona görə, məhkəməyə çıxmasınlar, çalışsınlar işi anlaşma ilə həll etsinlər. Hər bir iş hər bir peşəkarın təcrübəsinə bağlıdır. Bizim işimiz çəkişmədə şahmat partiyası kimidir. Şahmat partiyasına bir qrosmeyster baxa bilər, bir şey görə bilər. Adi bir oyunçu baxıb başqa bir şey görə bilər. Ona görə, bu çəkişmələrdə kim-kimlə savaşır, kim-kimlə oyun oynayır; o, çox önəmlidir. Bizdə elə olub ki, işdə əlimiz çox zəif olub, amma udmuşuq. Yəni burada artıq təcrübə sözünü deyir. Özünü necə aparırsan, necə danışırsan, hüququ nə qədər bilirsən…

Bu gün tanışlarımdan biri məndən kömək məqsədilə məsləhət aldı. Elə bir məsələdir ki, orda oyunu udmaq çətindir. Ancaq ona elə məsləhət verdim ki, dostum həmin məsləhətlə qarşı tərəf üçün ciddi problem törədə bilərdi. Bu zaman o biri tərəf məcbur qalıb bu işi razılaşdırma yolu ilə həll etmək təklifini irəli sürməyə məcbur olacaqdı. Yəni elə bir partiyada elə taktika yaradırsan ki, qarşı tərəf qalır çaşbaş. Bunlar hamısı təcrübə ilə gəlir.

-Siz həm də ingilis dilində uşaq kitabı yazmısınız...

-Bir var insanın peşəsi, bir də var hobbisi. Hobbi insana peşədən daha çox yaxın olur. Hobbim yaradıcılıqdır. Musiqi yazmaq, şeir yazmaq, kitab yazmaq; bu işləri çox sevirəm, xoşlayıram. Londonda “bazar günü” Azərbaycan məktəbi var, uşaqlara orada şahmat dərsi deyirəm. Bəzən şeirlər söyləyirəm, mahnı oxuyuram, bayramlarda çıxışlarımız olur. Çalışıram ki, Azərbaycan mədəniyyətini buradakı uşaqlara çatdırım, onlar da öyrənsinlər.

Uşaq kitabları da yazmışam. Birinci kitabımın adı “Sidrinin əfsanəsi”dir (“The Legend of Sidri”). Bu kitabı oğlum üçün o dünyaya gələndə yazmışdım. Orada mahnılar, nəsihətlər var hansı ki, bir ata olaraq mən öz övladıma çatdırırdım. O prosesin içində belə bir qərara gəldim yazdıqlarımı kitab formasında dərc etmək lazımdır ki, başqa uşaqlar da oxusunlar. Oğluma yaxşı məsləhət verirəmsə, bunu niyə başqa uşaqlar da öyrənməsinlər?! Bunu xeyriyyə proyekti kimi etdik, kitabın satışından əldə etdiyimiz maliyyə vəsaitini iki uşağın tibbi xərclərinə ödədik.

İkinci kitabım isə pandemiya zamanı çap olundu. “Mimi” adlanan bu kitab balaca bir koalanın həyatı və həyatdakı çətinlikləri haqqında olan bir əhvalatdır. O kitabın sayəsində də bir xeyli maliyyə topladıq. O maliyyəni Azərbaycanda fəaliyyət göstərən autistik cəmiyyət var, onlara yolladıq.

-Gənclərə nə məsləhətlər verərdiniz?

-Dünyanın çox yerini gəzirəm, dolaşıram. Bütün ölkələrdə, ailələrdə (buna öz ailəm də daxildir) hara gedirəmsə bir tendensiya görürürəm: insanlar təhsildən uzaqlaşır; insanlar zəhmət çəkməkdən uzaqlaşır; insanlar asan yollara daha çox üstünlük verirlər. Bu da məni narahat edir.

İstərdim ki, insanlar texnologiyanın yaratdığı bu rahatlıqlardan düzgün, səmərəli istifadə etsinlər. Özlərini inkişaf etdirsinlər, özlərində yetəri qədər istedadlar yetişdirsinlər. Əgər istifadə etdikləri texnoloji yardımlar düzgün çalışmasa, ya da istənilən nəticəni verməsə onu təmir edəcək, düzəldəcək bir qabiliyyətləri olsun.

İnsanların bu texnologiyaya, rahatlığa yanaşmaları məni narahat edir. Belə olanda insanlar, onların qabiliyyətləri daha da çox bəsitləşir. Düşünürəm ki, bu da böyük problemlərə yol aça bilər.

 

Aytən Abbaslı

Xudaferin.eu

15:33