MARAQLI ARAŞDIRMA…

MARAQLI ARAŞDIRMA…

Şəxsiyyət psixologiyası sahəsində aparılmış bəzi araşdırmalarda insanların xarakter xüsusiyyətlərinə görə dörd əsas qrupa ayrılması təklif olunur.

Bu təsnifata dair yayılan məlumatlarda diqqət çəkən məqamlardan biri də „nümunəvi” adlandırılan qrupa aid insanların başqaları tərəfindən daha çox bəyənilmə ehtimalının yüksək olmasıdır.

Bəs bu insanları digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır? Digər üç kateqoriyaya kimlər daxildir?

Gəlin birlikdə bu dörd xarakter tipinin xüsusiyyətlərinə nəzər salaq.

1. ORTA

Bu qrupa emosional qeyri-sabitliyi və ünsiyyətcilliyi yüksək, yeni təcrübələrə və fərqli fikirlərə açıqlığı isə nisbətən aşağı olan insanlar daxildir. Onlar stressə və mənfi emosiyalara daha həssas ola bilərlər. İlkin araşdırmada bu kateqoriyada qadınların kişilərlə müqayisədə daha çox olduğu qeyd edilib.

2. NÜMUNƏVİ

Bu qrupa emosional baxımdan daha sabit, ünsiyyətcil, mehriban, məsuliyyətli və yeni təcrübələrə açıq insanlar aid edilir. Tədqiqatın nəticələrinə görə, bu xüsusiyyətlərin yaş artdıqca daha çox müşahidə olunması mümkündür. Həmçinin araşdırmada qadınların bu kateqoriyada kişilərlə müqayisədə daha çox təmsil olunduğu qeyd edilir.

3. UTANCAQ

Bu qrupa emosional baxımdan sabit, lakin ünsiyyətcilliyi və yeni təcrübələrə açıqlığı nisbətən aşağı olan insanlar aid edilir. Onlar adətən sakit, təmkinli və şəxsi həyatlarına üstünlük verən şəxslərdir. Yeni insanlarla ünsiyyət qurmağa və tanımadıqları mühitə uyğunlaşmağa daha çox vaxt ayıra bilərlər. Bununla yanaşı, mehribanlıq, əməkdaşlıq, məsuliyyətlilik və yardımsevərlik kimi xüsusiyyətləri ilə seçilirlər. Emosional sabitlikləri onlara çətin vəziyyətlərdə soyuqqanlı davranmağa və qərarlarını tələsmədən verməyə kömək edə bilər. Ünsiyyətə az meyilli olmaları isə onların mütləq özünəinamsız və ya sosial bacarıqları zəif olduqları anlamına gəlmir. Bəzi tədqiqatlarda bu kateqoriyada kişilərin daha çox təmsil olunduğu qeyd edilir.

4. EQOİSTLƏR

Ünsiyyətcil görünə bilərlər, amma səmimiyyət, şəffaflıq və düzgünlük baxımından elə də etibarlı deyillər. Öz maraqlarını hər şeydən üstün tutar, başqalarının hisslərini və düşüncələrini çox vaxt nəzərə almazlar. Araşdırma müəlliflərindən birinin bu kateqoriyaya verdiyi ən sərrast qiymət belədir: “Bu insanlarla vaxt keçirmək istəməzsiniz.”

Maraqlıdır ki, bu kateqoriyada qadınların üstünlük təşkil etdiyi bildirilir.

DİNLƏRLƏ BAĞLI ARAŞDIRMA…

Psixoloq və sosioloqlar insanların dinə münasibətini, dini aludəçiliyin xarakterə və davranışlara təsirini müxtəlif aspektlərdən araşdırırlar. Bu mövzu müxtəlif dinlərə mənsub cəmiyyətlər üçün aktual olduğu kimi, Azərbaycan cəmiyyəti üçün də düşündürücüdür. Görəsən, bu mənzərədə özümüzü və ətrafımızdakıları nə dərəcədə tanıya bilirik?

Əvvəlcədən qeyd edim ki, aşağıdakı təsnifat elmi kateqoriyalar deyil, psixoloq və sosioloqlar, eləcə də cəmiyyətdə müşahidə olunan bəzi davranış tiplərinin təsviridir.

Bu yazıda həmin tipləri şərti olaraq belə adlandırmışam:

İnanclılar, Dindoşlar, Dindullalar və Həya Kompleksi Olmayan Dinçilər.

Gəlin tanış olaq…

Psixoloqlar insanların xarakter xüsusiyyətlərini müxtəlif kateqoriyalar üzrə araşdırırlar. Bəs görəsən, Azərbaycanda din pərdəsi arxasında gizlənənlərin də özünəməxsus təsnifatını aparsaq, hansı nəticəyə gələrik?

Təbii ki, bu, elmi təsnifat deyil, cəmiyyətdə müşahidə olunan bəzi tiplərin satirik təsviridir.

Gəlin tanış olaq: İnanclılar, Dindoşlar, Dindullalar və Həya Kompleksi Olmayan Dinçilər.

1. İNANCLILAR

Bunlar mərhəməti, vicdanı və ədaləti hər şeydən üstün tutan insanlardır. Hətta içki içsələr belə, qəlblərində Allaha sevgi, insanlara mərhəmət yaşadarlar. Qadına ana, bacı, qız gözü ilə baxar, geyimlərində sadəliyə üstünlük verər, vulqarlıqdan uzaq durarlar.

Bütün xalqların dilinə, mədəniyyətinə və adət-ənənələrinə hörmətlə yanaşarlar. Ateistlərlə dindarlar arasında fərq qoymaz, insanları dini baxışlarına görə deyil, intellektinə, əxlaqına və əməllərinə görə qiymətləndirərlər. İnsanpərvərlikləri göstəriş üçün deyil, daxili mənəviyyatlarından qaynaqlanar.

Gözəl ailə həyatı qurar, uşaqları çox sevər, onlara qayğı və məhəbbətlə yanaşarlar. Dillərindən təhqir, kobud söz çıxmaz, hər zaman nəzakətli və təmkinli olarlar.

Siyasətə kor-koranə bağlanmaz, sadə xalqın yanında durar, hakimiyyətin yanlışlarını tənqid etməkdən çəkinməzlər.

Ziyarətlərini və ibadətlərini nümayişə çevirməzlər. Çünki onlar üçün inanc dildə deyil, əməldə, insanlara münasibətdə və vicdanda özünü göstərir.

2. DİNDOŞLAR

Bunlar dini titulları ilə öyünər, ibadətlərini nümayiş etdirər, din pərdəsi altında sərvət və nüfuz qazanmağa çalışarlar. Dindən siyasi və iqtisadi məqsədlər üçün məharətlə istifadə edərlər. Başqalarına əxlaq dərsi verər, amma öz əməllərinə gələndə susarlar. Onların əsas istedadı dinlə şəxsi maraqları arasındakı sərhədi görünməz etməkdir.

3. DİNDULLALAR

Bunlar maraqlarına uyğun olaraq məzhəbdən məzhəbə, təriqətdən təriqətə keçərlər. Harada qazanc varsa, orada görünərlər. Pul üçün mərsiyəxanlıq, cadugarlıq, dilənçilik və falçılıq etməkdən çəkinməzlər. Bu gün bir dini cərəyanın müdafiəçisi, sabah başqasının təbliğatçısı olarlar. Onların qibləsini bəzən inanc yox, maraq müəyyən edər.

4. HƏYA KOMPLEKSİ OLMAYAN DİNÇİLƏR

Utanmağı zəiflik, həyasızlığı cəsarət sayanlar. Dünən dediyini bu gün danan, günahını başqasına yıxan, amma hamıya əxlaq dərsi keçən üzsüzlər. Vicdanları susub, dilləri isə hələ də hökm kəsir.

Bu kateqoriyanın qəhrəmanları həyatının bir dövründə fahişəxana və qadın alveri kimi qaranlıq mühitlərlə əlaqəli olmuş, illər keçdikdən sonra isə qəfildən mənəviyyat carçısı libasına bürünən şəxslərdir. Dünən başqa həyatın içində olanlar bu gün əxlaq hakiminə çevrilir, keçmişlərini unutdurmağa çalışaraq cəmiyyətə dindarlıq nümayiş etdirirlər. Əlbəttə, hər kəsin dəyişmək və mənəvi dönüş yaşamaq haqqı var. Amma səmimi tövbə ilə keçmişi ört-basdır etmək, mənəviyyat qazanmaqla mənəviyyat maskası taxmaq eyni şey deyil.

Bu kateqoriyada qadınlarla yanaşı, kişilərə də rast gəlmək mümkündür. Çünki ikiüzlülüyün cinsi yoxdur, səmimiyyətin isə reklama ehtiyac yoxdur.
Bu təsnifatın məqsədi dini və ya qadınları təhqir etmək deyil, dindən şəxsi maraqları naminə istifadə edənlərin riyakarlığını tənqid etməkdir.

Çünki insanın dəyərini nə saqqalı, nə hicabı, nə dini titulu, nə də dilindən düşməyən Allah kəlməsi müəyyən edir.

İnsanın əsl siması zahiri görünüşündə deyil, əməllərində, vicdanında və başqalarına münasibətində üzə çıxır.

Araşdırmalar davam edir…

Müxtəlif müxtəlif dillərdə nəşr olunmuş sosioloq və psixoloqların elmi məqalələri əsasında hazırlanıb:

Elman Mustafazade

Xudaferin.eu

14:44