Mehriban Vəzir yazırdı…

Elçi Bəyə həsr edilmiş dünənki toplantıda bir fikir səsləndi; bizim səhvimiz Surətə ad və vəzifə vermək idi. 

Yadıma tarixdən bir əhvalat düşdü. Cavad xan qəhrəmanca savaşdığı son döyüşdə bilirsinizmi ruslara niyə məğlub oldu? Halbuki güclər bərabər idi. Hətta üstünlük Gəncədə idi, çünkü möhkəm istehkamı, galası vardı. 

Gəncənin süqutuna və Cavad xanın məğlubiyyətinə şiddətli döyüş gedən məqamda həmin ana kimi sadiq və etibarlı sərkərdə sayılan Nəsib bəy Şəmsəddilinin öz döyüşçüləri və Gəncə erməni qoşunu ilə birlikdə rusların tərəfinə keçməsi səbəb oldu. 

Nəsib bəy Şəmsəddilli Dağıstan hakimi Ummə xanın yeznəsi Əli Sultan bəy Şəmsəddillinin qardaşı oğlu idi. Cavad xanın hökumətində etibarlı mövqe qazanmış cəsur döyüşçü idi. Öz mahalından gətirtdiyi çeri (ödənişli) döyüşçü dəstəsinin başında dururdu. Lakin axır məqamda ruslarla gizli əməkdaşlığa girmiş, son döyüşdə silahı gəncəlilərə qarşı çevirmişdi. 

Gəncənin süqutundan sonra ruslar ona mayor rütbəsi verdilər və  Gəncənin naibi təyin etdilər. 

Daha sonra ruslar mülkiyyət üstündə ona etimadsızlıq göstərdilər, çünkü Nəsib bəy imperiyanın yeni mülkiyyət qanununu qəbul etmədi, işğalçının onun şəxsi torpaqlarını müsadirə etməsinə etiraz etdi. Ruslar da bu etirazçının hər şeyini əlindən alıb sürgünə yolladılar. 
Gəncənin süqutunun baiskarlarından biri, hər iki dünyada üzü qara olmuş Nəsib bəy sürgündə, Voronejdə öldü. 

Belə nümunələr tarixdə saysız-hesabsızdır. Və bütün xalqların, bütün dövlətlərin, bütün hakimiyyətlərin  bu kimi xəyanət hekayələri var.

İndi Nəsib bəyin təyinatını Cavad xanın səhvi saymaq olarmı? Axı Nəsib bəy həmin xəyanət gününə kimi ən cəsur, ən sadiq dövüşçü idi... hətta sərkərdə rütbəsi daşıyırdı... divanda Cavad xanın sağ dışında, əmirlərin sırasında mövqe tuturdu…

Mehriban Vəzir 

21 iyun, 2018-ci il. 

Xudaferin.eu

11:29