Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb. Sahibə Qafarova parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, Altıncı çağırış Milli Məclis dövründə Çex parlamenti ilə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, VII çağırış dövründə də bu əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib, parlamentlərin dostluq qrupları, həmçinin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu deyən Milli Məclisin sədri parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

COP29-a hazırlıq prosesindən söz açan Sahibə Qafarova deyib ki, bu konfransın qlobal bir problemə və həmrəylik tələb edən bir məsələyə həsr olunduğunu nəzərə alaraq, tədbirin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir. Bildirilib ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində tədbirə qatılacaq parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə geniş fikir mübadiləsi aparmaq və birgə mövqedən çıxış etmək imkanı yaradacaq Parlament toplantısı keçirməyi planlaşdırır.

Səfir Milan Sedlaçek ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini bildirib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib, bu tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

15:40