Moskvada Azərbaycanın görkəmli diplomatının xatirə gecəsi keçirilib

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda görkəmli diplomat, ictimai xadim, tarix və mədəniyyət tədqiqatçısı Ramiz Abutalıbovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti tərəfindən “Azərbaycan” pavilyonunun köməyi ilə təşkil olunub.

Tədbir Ramiz Abutalıbovun qısa film-müsahibəsi ilə açılıb. Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun görüş iştirakçılarına müraciətini oxuyub.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan, Rusiya və Fransanın fəxri mükafatlarına layiq görülən Ramiz Abutalıbov diplomatik sahədə, o cümlədən UNESCO-da fəaliyyət göstərərək Azərbaycan tarixinin tədqiqatı işinə çox qiymətli töhfələr verib. Bakı şəhərinin İçərişəhər tarixi kompleksinin Ümumdünya irs siyahısına və xalq musiqisinin unikal vokal-instrumental janrı olan Azərbaycan muğamının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi faktı onun məsul vəzifələrdə diplomatik uğuru ilə yanaşı şəxsi xidmətləridir.

Diplomatiyanın patriarxlarından biri olan R.Abutalıbovu şəxsən tanıyanlar öz çıxışlarında onun dərin bilikli, xeyirxah və təvazökar insan olduğunu vurğulayıblar. Görüşdə əsas ideyalardan biri kimi Ramiz Abutalıbovun çoxşaxəli fəaliyyətinin bundan sonra da öyrənilməsi və işıqlandırılması barədə fikir səsləndirilib.

Xatirə gecəsində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının, Rusiya və Azərbaycanın digər ictimai strukturlarının fəalları iştirak ediblər. Tədbirdə Azərbaycandan olan qonaqlar, o cümlədən tarix elmləri doktoru Solmaz Rüstəmova da çıxış ediblər.

Fəridə Abdullayeva

Xudaferin.eu

16:37