Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılacaq

Noyabrın 3 də Moskvada, Rusiya хalqlar dostluğu universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçiriləcək.
Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.
Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

Elə bu baxımdan Nizami Gəncəvi tək Azərbaycanın deyil bütün dünyanın mənəvi sərvətidir. 

Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri  onun təsiri ilə Xəmsələr yazmışdır.
Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılmışdır.

Rusiyada Azərbaycan diasporunun ünlü simalarından biri Elşən İbrahimov Xudafərin jurnalına xəbər verir ki, tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyatıdır (MVAMMM).   

Auditoriyanın məqsəd və təyinatı zəngin irsi olan milli ədəbiyyatı təbliğ etməkdir. Məlumat stendlərində azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyatımızın dünya mədəniyyətindəki rolu xüsusi vurğulanır. 
Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyası RXDU-nun Filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, filologiya elmləri doktoru, professor Viktor Barabaşın dəstəyi və yaxından iştirakı ilə gerçəkləşib. Layihənin məzmun və dizaynını Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, Avrasiya Xalqları Assambleyasının üzvü Nizami Əliyev, dosent Anar Həsənov və MVAMMM- ın sədri Elşən İbrahimovla birgə tərtib ediblər. 

Təntənəli mərasimə Azərbaycan və Rusiya dövlətlərinin müvafiq hakmiyyət orqanlarının təmsilçiləri, universitetin elmi-pedaqoji kollektivi, məzunları, dövlətlərarası, qeyri-hökümət təşkilatlarının nümayəndələri, diaspor fəalları və KİV mənsubları dəvət edilib.

Nərmin Zakirqızı
Xudaferin.eu

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi
 

16:30