Mərkəzi Asiya və Trans-Xəzər marşrutu: Təsir dairəsi uğrunda rəqabət güclənir

Mərkəzi Asiyaya artan maraq belə bir qənaətə gəlməyə əsas verir ki, bu regionun zəngin resursları uğrunda rəqabət yeni mərhələyə qədəm qoyub.

Qazaxıstan hökumətinin məlumatlarına görə, bu ölkənin ərazisində müvafiq kəşfiyyat işlərinin aparılacağı təqdirdə ümumi dəyəri təxminən 46 trilyon dollar qiymətləndirilən 5 min yeni yatağın kəşf ediləcəyi gözlənilir.

Bu yaxınlarda məlum olub ki, G7 ölkələri Mərkəzi Asiyanın infrastruktur layihələrinə təxminən 200 milyard dollar sərmayə qoymağa hazırdır. ABŞ-ın Qlobal infrastruktur və investisiyalar Proqramının xüsusi əlaqələndiricisi vəzifəsini icra edən Helaina Mats iyulun 22-də Astanada bəyan edib: “Qazaxıstan belə layihələrin həyata keçirilməsi üzrə əsas istiqamətlərdən biridir”.

Yaponiyanın Baş naziri Fumio Kişida, öz növbəsində, Mərkəzi Asiya ölkələri üçün iqtisadi yardım paketini elan etməyi planlaşdırır. Buraya Xəzər dənizi üzərindən Avropaya ticarət marşrutunun yaradılması da daxildir. Kişida bu planı avqustun 9-12-də regiona səfəri çərçivəsində Mərkəzi Asiyanın beş ölkəsinin liderlərinə təqdim edəcək.

Belçika Krallığının Qazaxıstandakı səfiri Anri Vantiqem iyulun 25-də bildirib: “Qazaxıstan və Mərkəzi Asiya Avropada bizim sənaye səviyyəsini dəstəkləmək üçün həqiqətən də vacib hesab etdiyimiz tərəfdaşlardır”. Onun sözlərinə görə, əgər Avropa ölkələri Asiyadan daha çox mal idxal etmək istəyirsə, Qazaxıstan və Mərkəzi Asiyadan mühüm xammalın tədarükü üçün onların daşınması lazımdır. Diplomat vurğulayıb: “Trans-Xəzər nəqliyyat marşrutu Mərkəzi Asiyaya çıxış əldə etmək üçün bizə lazımdır”.

Səfirin şərhində yer alan “lazımdır” sözü diqqəti çəkir. O, diplomatik şəkildə qeyd edə bilərdi ki, onlar Trans-Xəzər marşrutunda iştirak etmək istəyirlər, lakin o, daha qəti formada – “lazımdır” deyib və bu dəhlizdən məcburi istifadəni nəzərdə tutub.

Heç kimə sirr deyil ki, resursların Mərkəzi Asiyadan kənara daşınması üzrə marşrut olmadan, bu sahəyə böyük maliyyə resursları yatırmağın mənası yoxdur.

Bir misal gətirək: Azərbaycan “Əsrin müqaviləsi”ni imzalayandan dərhal sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini çəkməyə başladı, çünki ona enerji resurslarını dünya bazarına çıxarmaq üçün marşrut lazım idi. BTC-nin həyata keçirilməsi iqtisadiyyatların inkişafında nəqliyyat arteriyalarının həlledici rolunu aydın şəkildə göstərir.

Yanvarın 29-30-da Brüsseldə keçirilən “Global Gateway” investisiya forumunda Avropa və beynəlxalq maliyyə institutlarının Avropa İttifaqı ölkələri ilə Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələrinin inkişafına 10 milyard avro vəsait ayıracağı açıqlanıb. Xüsusən, tərəflər Trans-Xəzər marşrutu boyunca logistikanı inkişaf etdirmək niyyətindədirlər.

Bu günlərdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel də Mərkəzi Asiya ölkələrinə səfərə çıxıb.

Borelin ölkəmizə və xalqımıza qarşı qərəzli mövqeyi kontekstində AZƏRTAC-ın müxbiri və bir etnik azərbaycanlı kimi onun səfəri məndə maraq doğurdu.

Deyə bilərik ki, bu məmuru yalnız 44 günlük müharibədən sonra sosial şəbəkələrdə birdən-birə Azərbaycan əleyhinə bəyanatlar dərc etməyə və keçmişdə qalmış, geri qaytarılması mümkün olmayan məsələlərlə bağlı Azərbaycana qarşı ağlasığmaz tələblər irəli sürməyə başlayandan sonra daha yaxından tanıdıq.

Yeri gəlmişkən, iyunun 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borelin növbəti qərəzli bəyanatına cavab olaraq bildirib ki, öz yurdlarından zorla qovulmuş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ-nin 30 il müddətində narahatlıq ifadə etməməsindən təəssüflənir.

Borelin Mərkəzi Asiya ölkələrinə səfərinə qayıdaq. Əgər Aİ-nin baş diplomatı Mərkəzi Asiya ölkələri ilə İttifaq ölkələri arasında iqtisadi-ticari əməkdaşlığı inkişaf etdirmək niyyətindədirsə, o zaman bunu dəqiq şəkildə necə həyata keçirəcəyini düşünməlidir. Bu zəncirdə Azərbaycanı və onun milli maraqlarını nəzərdən qaçırmaq mümkün deyil.

Astanaya səfəri zamanı Cozep Borelin mediada diqqətimizi çəkən sitatlarından birini təqdim edirik: “Əlaqə, təchizat zəncirləri kritik sahələrdən biridir. Qarşıdan gələn sərmayələr Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını dəstəkləyəcək və quruda əlaqəni yaxşılaşdıracaq”.

Bu əsnada əsas məqama gəlirik: Aİ-nin şimalda Rusiya və cənubda İranla gərgin münasibətlərini nəzərə alsaq, Mərkəzi Asiyadan Avropaya yeganə marşrut Azərbaycandan keçir. Ona görə də Azərbaycana qarşı çıxmaq təkcə Avropa İttifaqının regiondakı siyasətinə xələl gətirmək deyil, həm də səfiri Trans-Xəzər marşrutuna ehtiyac olduğunu açıq şəkildə bəyan edən Belçika kimi ölkələrin maraqlarına məhəl qoymamaq deməkdir. Bu nəqliyyat marşrutunun yaradılması məhz Avropanın özü üçün böyük əhəmiyyət kəsb edir.

Xəritəyə baxmaq və sadə bir həqiqəti anlamaq lazımdır; əsas marşrut Azərbaycandan keçir və bunu nəzərə almaq vacibdir.

Aİ diplomatiyasının rəhbəri vəzifəsində Borelin mandatının üç aydan sonra başa çatdığını nəzərə alsaq deyə bilərik ki, onun fəaliyyəti heç də nəzərəçarpacaq fayda gətirməyib və ən azı qlobal layihələrin həyata keçirilməsinə əngəl törətməmək məqsədəuyğun olardı.

Elşən Rüstəmov

Xudaferin.eu

16:27