Müdafiə Nazirliyi Azərbaycan Ordusuna aid məlumatların təhrif olunmuş şəkildə yayılmasına münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad edilmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin feysbukdakı rəsmi səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində zəfər qazanmış qalib Ordu haqqında Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad olunmadan bu cür məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar, eyni zamanda, Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və “fakenews” əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.

“Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlanmasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək Orduya dəstək olmağa çağırırıq”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Xudaferin.eu

16:07