MÜLK SAHİBİ, HANI BUNUN İLK SAHİBİ

Hansı qəzeti açıram deyir ki, filankəs filan mülkü, filan torpağı ələ keçirdi. Filankəs filan əraziyə, filan sahillərə sahib çıxdı. Filan yerdə yağmadı, əllərinə gələni, gözlərinə xoş görünəni qamarlayırlar. Bütün ölkədə, xüsusilə paytaxt Bakıda, bahalı Bakıda, bəlalı Bakıda... talandı…

Ah, yazıq Vətən…

Vətəndaşın əmlak haqqını vermədən, halallığını almadan, döyə-döyə, söyə-söyə evindən çıxarıb torpağını zəbt edirlər. Müqavimət göstərən anaların cavan oğullarının cibinə narkotik atıb dama basdırırlar.  Iki qadının üstünə iyirmi polis göndərib döydürür, nə verirəm, bəsindi, al, çıx, get, mən bu torpağı satın almışam, deyirlər. Kimə istəyirsən, get, de, deyirlər, mənim arxamda filankəs durur, mənə heç kəs bata bilməz, deyirlər.

Doğru deyirlər, arxalı köpək qurd basar. Millət basılıb. Haqqı da, abrı da ayaqlar altına salınıb.

Idarəetmədə acgöğzlük günün normasıdır. Bu hal idarəedicilərin, mənsəb sahiblərinin irsi, genetik sayqacıdır, mədəniyyət və mənəviyyat göstəricisidir. Insan acgözlüyünün daşıdığı qandan, mənsub olduğu gendən başqa mənbəyi yoxdur. Sadə və yumşaq  ifadə etsək, deyə bilərik ki, hakimiyyətimiz, hökumətimiz, siyasətimiz kübar deyil, heç plebey də deyil, qaraçısayaqdı, kalitesiz və düşük əyarlıdı.

Bilmirəm, nədənsə, mən bu iztirabların içində əsrin əvvəlindəki Bakını düşünürəm, o zamanın tikinti bumunu, neft inqilabını düşünürəm. 

Məşhur Bakı milyonçularının çoxu zadəgan zümrəyə mənsub deyildi. ( İndiki milyomçuların istisnasız olaraq hamısı kimi.) Onlar sonradan zənginləşmiş, lakin nə qədər varlansalar da, neftxuda olsalar da, aristokrat sayılmamış, bəy deyil, ağa ola bilmişdilər.  O dövrdə “ağa” sözü sahibkar, mülkədar anlamında işlədilir, “bəy” isə mənşə əlaməti, irsi məsələ hesab olunurdu. Əlbəttə, Aşurbəyovlar kimi kübar sayılan neftxudalar az-az da olsa, var idi.

Çox zəngin və bu gün də məşhur  bir şəxsin, neftxudanın (adını soruşmayın, deməyəcəm.) varlanma sirrini bilirəm. Bunu mənə danışan adam bu gün dünyada yoxdu. Günün birində mən də bu dünyadan məmnuniyyətlə köçüb gedəcəm. Amma görklərin itməsini istəmirəm, görk olsun deyə, istəmirəm. Bunu ona görə yazıram ki,  gələnlər getməli,  lakin həyat dərsləri qalmalıdı.

Bakı camaatının yaxşı tanıdığı o kəs, həqiqətən hörmətli və zəhmətkeş bir adam imiş. Az yaşlarından çalışar, bənnalıq edərmiş, dürüst, ağzıbütöv və xeyirxah bir kişi imiş. Yaşı qırxı keçibmiş, oğul-uşaq sahibi imiş. Bir gün Bakının dədə-babadan çox zəngin, çox nüfuzlu, ən qədim mülkədar övladlarından biri onu çağırtdırıb deyir ki, sənə bir işim düşüb, mənimlə gedəcəksən, bir iş var, onu görəcəksən, heç nə soruşmayacaqsan, nə desəm onu edəcəksən, pulunu da artıqlaması ilə alacaqsan. Işdi, ağzından bir kəlmə çıxsa, özünü ölmüş bil. Bənna deyir ki, bəy, bu nə sözdü, məni tanımırsan bəyəm?

Bəy həqiqətən onu yaxşı tanıyırdı və bu şəhərdə, bu işdən ötrü  ondan güvəniləsi birini eşitməmişdi.

Beləcə, biri zəngin, biri kasıb, iki kişi  günü təyin edib, görüşürlər, faytona əyləşib yola düşürlər. Daha doğrusu bəy filan saatda, filan yerdə bənnanı qapalı faytona alır. Atlar yerindən yenicə tərpənmişdi ki, bəy qara bir şal çıxarıb bənnanın gözlərini bağlayır, hara getdiklərini bilməsin deyə. Düz bir saat, bəlkə bir az da çox yol gedirlər. Bənnanın hiss etdiyi yalnız yolun çala-çuxur, daş-kəsək, dolama, döngəli olması idi. Nəhayət, gəlib mənzil başına çatırlar. Faytonçu düşüb darvazanı açır, dönüb faytonu həyətə salır, özü isə darvazadan çıxıb gedir.

Faytonçu gedəndən sonra bəy düşüb alaqapıları içəridən  bağlayır, sonra bənnanı elə gözübağlıca faytondan endirir. Bundan sonra onun gözündəki yekə qara sarığı açır.

Bu, xudmani bir həyət, həyətin ortasında kürsülü bir ev idi. Qapıda şaxlı-şaxəli bir tut ağacı, su quyusu, əl damı vardı. Nə isə, uzun sözün qısası, bəy göstəriş verir  ki, evin pilləkənlərini sök. Bənna dinməz-söyləməz daş pillələri söküb yerə qoyur. Sonra bəy həmin yeri dərininə qazdırır, faytonda gətirdiyi beş-altı sanballı çəkili qızıl küpünü pilləkanın altına basdırıb üstünü torpaqlatdırır. Həmin o daş pillələri yenidən yerinə hördürür. Bu söküb-tikmə axşamın şərindən dan yerinin sökülməsinə kimi sürür. Iş başa çatır. Bəy bənnaya gecə-gündüz çalışarsa bir aya qazanacağı qədər para verir və bir daha tapşırır ki, bu sirri nə dil bilsin, nə dodaq. Bənna da əmin edir ki, bəy, arxayın ol, bu sirr qəbrə qədər mənimlədir, sonrasını da Allah bilər.

Bəy inanırdı, çünkü bu kasıb kişi etibarı və dürüstlüyü ilə tay-tuşundan seçilən adam idi.

Otururlar faytona, bəy yenə bənnanın gözlərini həmin o qara şalla bağlayır, papağı gözünə basıb, özü faytonçunun yerinə atılır, yenə düz bir saat, sübhün ala-toranında, şəhər hələ yuxudan oyanmamış həmin dolama yollarla geri dönürlər.

Bənna ağıllı adam imiş, dilinə sahib olanlardan imiş. Bir daş altda, bir daş üstə, bu iş elə bil heç onun yanında tutulmayıbmış, amma bəzən ürəyində səksəkə çəkərmiş, görən, bu sirr batsın, deyə, bəy onu öldürtməz ki.

Pənah Allaha, bir çətən külfəti var…

Beləcə, illər keçir, bəyin ölüm xəbərini eşidən bənna lap xətircəm olur, amma sözü sözdü, bir kimsə onun dilindən bu hekayəti eşitmir. Öz işində, öz kəsbkarlığında, əlinə, dilinə sahib bir adam olaraq keçinir. Vaxt keçdikcə ailəsi də artıb böyüyür, oğul-uşaq çoxalır, yekəlir, əli də babat gətirir, artıq külfət külfət içinə sığmır, ata evindən ayrılmaq məqamı yetişir.

...Indi bir az dəyişib vəzifələr, əvvəllər arvadlar gecəyazan olarmış, taa səhərə kimi kişinin beynini yeyər, olandan keçəndən, məhlədən, küçədən, ölkəboyu təzə, köhnə, alan-satan nə varmışsa bircə-bircə ərin ovcuna yazarmış.

Bənnanın arvadı ərinin əlində bir az pul görüb qorxuya düşür ki, bu payız kiçik qaynını evləndirməyə qalxsalar bu pullar onun toyuna sovrulacaq, yenə öz külfətinə bir şey çatmayacaq. Bu səbəbdən neçə vaxtdı kişinin beynini yeyirmiş ki, gəl özümüzə ev alaq, ayrı olaq, uşaqlar böyüyüb, yerimiz dardı, sən yaşda adam da ata evində olar? Nə bilim anan belə dedi, bacın elə baxdı, qardaşın arvadı gözün süzdü, uşaq uşağı vurdu.

Bir gün də arvad qayıdır ki, filan yerdə ucuz ev satılır, dəyərindən qat-qat ucuz, demə, arvad  altdan-altdan soraqlaşırmış. Qaynanaların `fağır ilan` dediyi məzlum övrət acizanə yalvarır ki, qurban olum, a, kişi,  get, bax, bəlkə qiyməti bir az da öldürərsən, bəlkə elə bizə yarıyandı, çox uzaq da deyil, qohum-əqrəbaya da, məhəlləyə də yaxındı.

Kişi isə inad edirdi, əlindəki pulu evə vermək istəmirdi, bir işə qoyub pul qazanmaq istəyirdi. Düzdü, yerləri çox darısqal idi, həm də ata-ana bir söz deməsə də çəm-xəmindən hiss edilirdi ki,  böyük oğlun evdən çıxmasını gözləyir ki, kiçik oğulu da baş-göz eləsin. Bir tərəfdən də arvad əl çəkmirdi. Səhər də, axşam da eyni sözü deyib dururdu ki, filan yerdə ev satılır. Bənna da hərəsinə bir bəhanə edirdi, yox, o bahadı, bu uzaqdı, o biri haram adamdı, onun yurdunda xeyir tapmaq olmaz.

Nəhayət, gecəyazan, hər zamankı kimi üstün gəlir, ərin saqqızını oğurlayır. Kişi söz verir ki, bu gün gedib həmin o evə baxacaq. Dediyini bir gün eləmir, iki gün eləmir ki, ay bu gün işim çox oldu, vaxtım az oldu, sabah filan iş çıxdı, gedə bilmədim, axır ki, ilişir, çox bilən quş dimdiyindən ilişdiyi kimi. Arvad toruna düşməyən kişi hələ anasından olmayıb. Bənnanı bərk qısnamış arvadı nəhayət kişini tovlayıb cibinə münasib qiymətə satılan evlərin birinə yollaya bilir.

Bənna həyətə girəndə elə yerindəcə nitqi tutulur. Ev həmin ev. Həyət həmin həyət. Tut ağacı, şaxlı-şaxəli bir qanadı artırmaya dirənmiş, su quyusu, əl damı, hər şey gördüyü kimi. Hörgü də öz hörgüsü… əl belə toxunmayıb…

Demə, o döngələr, o dolamalar yalan imiş, azdırma imiş, bu evlə onun evinin arası yaya getsən heç yarım saatlıq yol yoxumuş.

Amma bu ev bu yoxsul kişinin cibinə əsla uyğun deyildi. Bəs nə etsin. Bənna borc-xərc  evi alır.

Illər keçir…

Yoxsul kişi tələsmədən, təntimədən, toxtaq-toxtaq  davam edir. Qızılı görüb çaşmır, özünü itirmir. Amma Bakı əhlinin də gözündən yayınmır ki, bu dünənki çulsuz bir ucdan qızıl xırdalayır, yavaş-yavaş torpaq alır. Az illər ərzində sinif dəyişdirir, mülk sahibinə çevrilir, Bakıda müflis düşən, ticarəti çökən, bazarı bağlanan, işi yaş olan kim varsa, onun üstünə yüyürür. Aldığı torpaqlar da bir tərəfdən fantan vurur. Sarı qızıl qara qızıl gətirir. Qara qızıl gözqamaşdıran, başgicəlləndirən kəhkəşan doğurur.

Bu arada şəhərdə xəbərlər dolaşır, arvadlar danışır, qəzetlər yazır ki, filan bəyin övladları ata malı üstündə bir-birini məhkəməyə çəkdilər. O deyir, atamın qızılı səndədi, bu deyir, yox, səndədi, o deyir, axırıncı dəfə sənnən görüşüb, bu deyir, yox, axırıncı dəfə sənə nəsə pıçıldayırdı. Qardaş qardaşın qanına susayır, bacı bacıya yağı kəsilir. Hamı bir-birini oğru tutur, qohum-əqrəba, nəsil bir-birinə dəyir. İtimad, etibar əldən gedir. Borclular qapını kəsir, mal verən malın, pul verən pulun geri istəyir. Məsələni məhkəmələr həll edə bilmir, heç kim varı boynuna almır, hər kəs and aman edir, heç kim heç kimin andına inanmır. Qardaşlar ölüb öldürməyə çıxır, salamat qalan borca düşür, evinin xalısını, əyninin cuxasını satır. Mülkiyyət hərraca çıxarılır, fürsətkeşlər əmlakı su qiymətiinə salır, evlərə, dükanlara hökumət əl qoyur. Yüz ilin hörməti-izzəti əldən gedir. Daha nə bəy kimi keçinə bilirlər, nə rəiyyət kimi. Atanın qəfil ölümü, ölüm yatağında dilinin tutulması bütün gəlir şəbəkəsini çökdürür, illərlə sürən məhkəmələrə, qiyamətə qədər çəkən düşmənçiliyə aparır, böyük bir ailəni  məhv edir.

…Bənna artıq adlı-sanlı bir milyonçu olaraq, kənardan durub bu ailə savaşını diqqətlə izləyirdi. Onların vəkillərindən, ev qulluqçularından, digər yaxınlarından `dar gündə kömək əli uzatmaq` adı ilə satın alır ki, hər şeydən vaxtında xəbər tutsun. Amma necə söz vermişdisə elə də edir, susur, susa-susa müflis olmuş, borc girdabına düşmüş bəy oğullarının faciəsinə dinməzcə tamaşa edir. Bir birini güllələmiş qardaşların hüzürünə başsağlığına da gedir.

Qızıl küpləri onun həyatını elə işıqlandırır ki, özündən o tərəfin qaranlıq müsibətini  hgörməyə təhəmmül etmir. Amma xislətində olan xeyirxahlığından da qalmır. Bir tərəfdən bankrot olanların boğazına çöküb torpaqlarına dəyər-dəyməzinə sahib çıxır, digər tərəfdən yetimə, yesirə əl tutur, Avropada uşaq oxudur, “yaxşı kişi” adını qazanır. Topdağıtmaz bir varidat sahibi olur.

Bilirsinizmi?

O dövrdə yaşayan insanlar da indikilər kimi neftxudaya çevrilmiş o bənnanın və digər milyonçuların həşəmətini, əstafürullah, Allah kimi əbədi sayırdılar. Ona rüzgarın yox-e, heç tufanın, zəlzələnin, qasırğanın, sunaminin təsir edəcəyini belə ağıllarına gətirmirdilər. Çünki o qədər topdağıtmaz idi ki… Heç özü də ağlına gətirmirdi ki, bu hüdudsuz zənginliyinə, bu toxunulmaz həşəmətinə haradansa xələl gələ bilər. Elə bilirdi ki varı-dövləti dünya durduqca duracaq, gələcək nəsillərinə, oğul-uşağına qismət olacaq. Qiyamətə qədər törəmələri də, var-dövləti də artıb çoxalacaq. Çünki heç bir tərəfdən, nə yerdən, nə göydən, nə bəni-insandan təhlükə gələcəyi zərrəcə bir yer görünmürdü. Hansı səmtə boylanırdınsa - imperator hökuməti də, onun divanı da, qəzetələri də, məmurları da, qələm əhli də, çalıb-çağıranı, təlxəyi da neftxudanın cibində idi. Öz hökmündə, əmində və amanda idi. Bu halı dəyişməz,  əbədi və mütləq görünürdü. Və hər kəs də, hər bir Bakı əhli də, zalımından fağırına  bu yenilməzliyi göründüyü kimi görürdü.

İllər amansızca keçib getdi. Dağlar çöküb yerlə yeksan oldu. O milyonçunun arvadı bu şəhərdə diləndi. Sözün həqiqi mənasında əl açıb diləndi, ötəndən, keçəndən çörək pulu istədi. O şahanə qadının, dünya gözəli olan o bəyzadənin  Sovetski küçəsindən keçən tramvayda diləndiyini Bakı camaatı öz gözləri ilə gördü. Millətin əli üzündə qaldı, matı, qutu qurudu. Ey, gidi dünya... sənin nə üzlərin varmış…

Mən bu zümrənin ağrılarını bir az bilirəm. Mülkiyyət itkisi mənə tanışdı. Gözümü açandan eşitmişəm ki, Qarabağda filan kənd, filan örüş, filan meşə, filan pambıq zavodu, filan dəyirman bizim olub, vəzir babalarımdan və məşhur Ağayevlər-Ağaoğlu sələflərimdən qalıb. Nənəm ərə gedəndə atası Səməd bəy Ağayev ona on iki kənd cehiz verib, o filan kəndlərdi, adı budu, tapusu, sənədi filan yerdədi, sovet hökuməti o mülkləri əlimizdən alıb, zorla alıb, yox, deyənimizi, etiraz edənimizi atın döşündə Sibirə sürüb, məhv edib, torpaqlarımıza sahib çıxıb.

Mən məktəbli olanda da, gənc olanda da sovet hökumətinin babalarımın əmlakını, nənəmin, yəni mənim cehizimi yağmaladığını, bizi müflis elədiyini bilirdim və bunu tez-tez düşünürdüm. Və o rejimə o rakursdan baxırdım. Bu, mənim şəxsi düşüncəm deyildi, Bunu mənə aşılamışdılar, tərbiyə kimi vermişdilər.

Sonralar başqalarının  hekayələri ilə də tanış olduqda düşündüm ki, bəs nə əcəb o vəhşilər, o nanəciblər bizi küçələrə salıb bəziləri kimi diləndirmədilər. Bilmirəm nə əcəb, amma zənn edirəm ki, bizi Allah qorudu, bəlkə də malımızda haram olmadığı üçün, heç kimin xəzinəsinə kirimişcə sahib çıxmadığımız üçün Tanrım yol vermədi ki, bunlar bizi rəzil etsinlər. çətinliklər, müsibətlər çox oldu, amma Allah abrımızı üstümüzdə saxladı, ayıbımızı evdən eşiyə çıxartmadı, həmişə bir tikə çörəyimizi verdi, ruzumuzu yetirdi.

Tək varis və böyük mülkiyyət sahibi, iniki kənd cehizi olan nənəm Məhbubə xanım danışırdı ki, bir tikəyə möhtac vaxtları olub, amma aclığından-toxluğundan kimsə xəbər tutmayıb. Ətəyinin, yaxasının qızıllarını satıb çörəyə verirmiş, qızıl qurtarandan sonra pal-paltarını satmağa başlayıb, sonra ev əşyalarını... satıb çörəyə verir və dərs oxuyurmuş ki, əlində sənəti olsun, kimsəyə möhtac qalmasın.

Biz bu barədə rəhmətlik Sara xanımla çox söhbət edirdik. Onlar da hər cür müsibət çəkmiş bir nəsil idi, amma, Allah üzlərinin suyunu qorumuş, kimsəyə əl açdırmamışdı.  Sara xanımın da babaları – Aşurbəyovlar mənim babalarım kimi əsas mülkiyyətlərini, yəni torpaqlarını vətən uğrunda savaşda, dövlət xidmətində mükafat olaraq  pay almışdılar. Mənə onunla danışmaq çox xoş idi, çünki o bizi bizdən yaxşı tanıyırdı. O əsilzadə xanım bütün Bakını, bütün xidmətkar nəsilləri yaxşı tanıyırdı.

Belə. Eyy, mülk sahibi, hanı bunun ilk sahibi. Aqillər bilib bunu deyib.

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi,

Mal da yalan, mülk də yalan

Vaar, bir az da sən oyalan.

Istəyirəm, nəhayət, sözümün canını deyim ki, onsuz da əlinizdən çıxacaq. O sahilləri, o torpaqları, o mülkləri  o qədər alıb satıblar ki... növbə indi sizə çatıb. İndi də siz oyalanın, yəni əylənin, baxın, sevinin, elə zənn edin ki, dünya durduqca mülkünüz də duracaq, övladlarınıa nəsib olacaq. Bir ailənin ölüb öldürməsinə tamaşa edən, darda qalanı basan, yıxılanı kəsən, dövləti cibində gəzdirən bənna-neftxuda kimi... O yandı, nə elədi, necə elədisə nəsli kəsildi, yurdunda bayquş uladı. Sizlər nə olacaq, Allah bilir. Mənim bildiyim qununauyğunluq isə budur ki, buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmayıb. Mənim bildiyim budur ki, mülkiyyət əldən ələ keçir, dövr eyləyir, dünya kimi fırlanır. Sonda əldən gedir, sahibinin adını isə ya yaxşıya, ya yamana çıxarıb gedir.

XX əsrin ilk on illərinin tikinti bumundan bir kişi belə salamat çıxmadı. Bir ailə şəxsi malikanəsində oturmağı davam etmədi. Bir adam sahib olduğu mülkə övladını varis edə bilmədi. Bir nəsil qazancını  yemədi. Böyük ədalətsizliyin böyük cəza dövrü başlandı. Kimi kimin əli ilə, kimi kimin dili ilə, kimi kimin feli ilə... göydən yerə bəla gəldi. Paranı özünə Tanrı edənlərin, varını, hökmünü əbədi bilənlərin başlarına daş yağdı. Amma qurunun oduna yaş da yandı. Qəzəbi elə böyük oldu ki, Bakının ən böyük, ən bahalı evlərinin sakinlərini mənzillərindən sürgün edib yerinə erməni, rus, cuhud doldurdular. Bu ən qədim türk şəhərinin, bu islam şəhərinin mərkəzində yaşamaq haqqı türk-müsəlmandan alınıb yalnız yabançılara verildi. Bu, Bakı milyonçularının azğınlığının, hədləri aşmalarının, haqqları tapdamalarının, pul görüb harınlamalarının, azğınlaşıb  insafı əldən vermələrinin əvəzi idi. Bu, bəlalı  şəhərin cəzası idi.

Mən nigaranam. İdarəetmədə olan, sərvətlərin bölünməsində olan bu böyük ədalətsizliyin cəzasını yenədəmi bu ölkə bütövlükdə çəkəcək, yenədəmi bu zalımların bədbəxt övladları çəkəcək, yenədəmi hamımız çəkəcəyik?

Çox nigaranam.

Çünki yenə mülk sahibi ilk sahibi - Allahı görmür, tanımır, idrak etmir, hədləri bilmir.

Xudaferin.eu

20:00