“News of Bahrain”: Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz liderini yüksək əhvali-ruhiyyə ilə dəstəkləyib

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetinin redaktoru Puravanqara Unnikrishnan fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkiləri haqqında geniş məqalə ilə çıxış edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, müəllif bir jurnalist kimi növbədənkənar prezident seçkilərində səsvermə prosesini işğaldan azad olunmuş Qarabağ regionunda müşahidə etdiyini, seçicilərin fəal iştirakını və şəffaf mühitin yaradıldığını xüsusi vurğulayaraq, gənclərin bu mühüm tədbirdə aktivliyinin əhəmiyyətindən bəhs edib.

Redaktor Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərində erməni vandalizminin izlərini gördüyünü, həmin torpaqlarda mina təhlükəsinin davam etdiyini və ermənilərin tarixi abidələrə, qəbirlərə qarşı vəhşiliyinin təsəvvür edilməz səviyyədə olduğunu vurğulayıb. O, mina ilə çirklənmiş ərazilərin təmizlənməsi və həyat üçün əlverişli hala gətirilməsi üçün uzun illər tələb olunduğunu qeyd edib.

Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazandığını bildirən müəllif əlavə edib ki, prezidentliyə digər namizədlər səsvermənin nəticələrini məmnuniyyətlə tanıyıblar. Məqalədə seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən də alqışlandığı, həmçinin səsvermənin şəffaf, ədalətli və geniş ictimai maraq mühitində baş tutduğu bildirilib.

Jurnalist diqqətə çatdırıb ki, seçkiləri mediada işıqlandırmaq üçün müxtəlif ölkələrdən dəvət olunmuş jurnalistlərə hər cür şərait yaradılıb. Onlara seçki məntəqələrinə məhdudiyyətsiz daxil olmaq, səsvermə prosesini müşahidə etmək və seçicilər ilə sərbəst ünsiyyət qurmaq imkanı verilib.

Redaktor qeyd edib ki, seçicilər Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində öz xalqının qürurunu qoruyan liderini - Prezident İlham Əliyevi yüksək əhvali-ruhiyyə ilə dəstəkləyib. Məqalədə, eyni zamanda, müharibədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən bəhs edilib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür.

Xudaferin.eu

13:25