Niderlandın Leiden Universitetində Azərbaycan ilə bağlı təqdimat olub

Niderlandın nüfuzlu universitetlərindən biri olan Leiden Universitetinin tələbə və müəllim heyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar.

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin ikinci katibi S.Verdiyeva Universitetin beynəlxalq əlaqələr fakültəsinin tələbə və müəllim heyəti qarşısında təqdimat keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təqdimatda iştirakçılara Azərbaycan, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici siyasəti, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri barədə məlumat verilib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Müzakirələrdə Azərbaycan–Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli prosesi ilə bağlı aparılan danışıqlara xüsusi yer verilib. Eyni zamanda, Azərbaycanın Formula-1 yarışları, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları kimi tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb. S.Verdiyeva Beynəlxalq Sərgilər Bürosunun “EXPO-2025” sərgisinə ev sahibliyi etmək üçün Bakının namizədliyinin irəli sürüldüyünü qeyd edib.

Təqdimatın sonunda tələbələrə Azərbaycan ilə bağlı müxtəlif broşürlər və məlumat kitabçaları paylanıb.

21:21