Nikola Selakoviç: Serbiya Azərbaycanın, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir

Serbiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ona hörmət edir. Azərbaycan Serbiyanın vacib strateji tərəfdaşıdır. Bu görüş imkan verdi ki, biz əməkdaşlıq imkanlarını müzakirə edək. Biz iki ölkə arasında hər il siyasi dialoqların keçirilməsini təklif etdik”.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Təkbətək görüşdə iki ölkə arasında iqtisadi münasibətləri müzakirə etdiklərini vurğulayan N.Selakoviç deyib: “İqtisadi əməkdaşlıq sahəsində artım tendensiyası var. Bu ilin ilk beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım olub. Serbiyada həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətləri iştirak edirlər. Bizim ortaq dəyərlərimiz var. Bu, beynəlxalq hüquqda da əksini tapan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət və dəstəkdir. Serbiya Azərbaycanın, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Biz beynəlxalq platformalarda bir-birimizə dəstək vermişik və bu dəstək davam edəcək”.
İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Serbiyanın xarici işlər naziri deyib ki, görüşdə Bakı ilə Belqrad arasında birbaşa hava reyslərinin açılması, viza liberallaşdırılması, turizm və iqtisadiyyat sahələrində mümkün imkanlar geniş müzakirə olunub.

Xudaferin.eu

19:02