NƏSİB BƏY YUSİFBƏYLİNİN QIZI ZÖHRƏ XANIMLA İSTANBULDA GÖRÜŞÜM ( 1990-CI İL, DEKABR)

Azərbaycan Cümhuriyyətinin   Baş Naziri Nəsib bəy Yusifbəylinin   qızınını Türkiyədə yaşadığını bilirdim. Lakin ünvanını əldə etməmişdim. İstanbulda görüşdüyümüz adamlar da onun harada yaşadığından xəbərsizdi. Dostum Yusif Gədikli Əlimərdan bəy Topçubaşovun nəvəsi − Zərifə xanımın telefonunu öyrənə bilmişdi. Ümid edirdik ki, Zərifə xanımdan Məhəmməd Əmin Rəsulzadə haqqında bəzi  məlumatlar  öyrənəcəyik. Axşam Zərifə xanıma zəng vurduq. Sabah saat ikidə evində bizi gözləyəcəyini dedi. 
...Zərifə xanım mehribanlıqla bizi içəri dəvət edir. Otaqda yaşlı bir qadın da var. Zərifə xanım deyir:
− Tanış olun, Zöhrə xanımdır, Nəsib bəy Yusifbəylinin qızıdır.
Təəccübdən donub qalıram. Zöhrə xanımı tapmaq üçün neçə ünvana üz tutub soraqlamışdıq. İndi qəribə təsadüf bizi görüşdürür.
Zöhrə xanım ötənləri xatırlayır:
− Mən o vaxt uşaq idim. Çox şey yadıma gəlmir. Amma sonradan bildim ki, atamla Məhəmməd Əmin Rəsulzadə möhkəm dost olublar. Mən Əmin bəyin qızı Lətifə ilə yaxın olmuşam, demək olar ki, uşaqlığımız bir yerdə keçib. 1920-ci ilin 27 aprel faciəsi də yadımdadır. Atam gecə vaxtı evə gəlib həyəcanla dedi: “Biz bədbəxt olduq!”. Ondan sonra atamı görmədim. Sonradan faciəli ölümünü eşitdik. Bolşeviklər Bakıya girəndə biz gedib Məhəmməd Əmin Rəsulzadəgildə qaldıq. Hər gecə yük maşınları ilə gəlib camaatın evindəkiləri soyub, talayıb aparırdılar. O maşının uğultusu indi də qulağımdadır. O maşının səsi eşidiləndə hamı evdə həyəcan keçirirdi. Qıztamam adlı xidmətçimiz vardı. Evimizdəki pal-paltarları satıb bizi birtəhər dolandırırdı. Sonra min bir əziyyətlə Türkiyəyə gəldik.
Əmin bəy haqqında isə həmişə eşidirdik. Bilirdik ki, dərgilər çıxarır, böyük işlər görür.
...Zöhrə xanımla ötən illərdən, Azərbaycan Cümhuriyyəti  dövründə yadında qalanlardan çox söhbət etdik. Zərifə xanım isə babası Əlimərdan bəyin şəkli çap olunan “Prometey” jurnalını bizə bağışladı. 
Sonra Zöhrə xanım bizi evinə dəvət edir. Birlikdə gedirik Zöhrə xanımgilə. Yol boyu ötənlərdən danışırıq. Zöhrə xanım çox səmimi və mehriban insandır. İlk dəfə görüşdüyümüzə baxmayaraq, sanki çoxdan tanıdığım doğma bir adamla ünsiyyətdəyəm. Evindəki söhbətdən isə bir həqiqəti aşkarlayıram: Bu adamlar hamısı itirdikləri Vətənin − Azərbaycanın ağrısını çəkir, onun yenidən azadlığa çıxacağı həsrəti ilə yaşayırlar. Yoxsa Zöhrə xanım bu qoca yaşlarında ürəyindəki ağrıları şeir misralarına çevirib deməzdi ki:
Bu qaranlıq gecələrdə
Yazı ağlar, Araz ağlar.
Şami qəriban ağlar.
Qara bağlar analar,
Qara bağlar “Qarabağlar”.
Gül, bənövşə pərişan,
Qərənfillər qan ağlar.
Vətən həsrətli bu ağrılı sözlər  Azərbaycan Cümhuriyyəti  hökumətinin Baş Naziri Nəsib  bəy Yusifbəylinin  qızının misralarıdır.
Sonra Zöhrə xanım mənə atası N.Yusifbəylinin 1905-ci ildə dostları ilə Baxçasarayda çəkilmiş bir fotosunu və “Odlu Yurd” jurnalının 1931-ci ildəki rəngli formada verilmiş xüsusi nüsxəsini bağışladı.

Nəsiman Yaqublu.

12:20