O Tək İstedadlı Müğənni Deyildi Həm Də Böyük İnsan İdi...

Zöhrə xanımın vəfatına görə çox pis oldum.
Çox kədərlənmişəm...
O, çox istedadlı və gözəl səsli müğənni olmaqla yanaşı, yaxşı insan idi. Həm də Vətənini, xüsusilə doğma Şuşasını çox sevrdi.
Əvvəllər də onunla bir neçə dəfə görüşmüş, müəyyən tədbirlərdə birlikdə iştirak etmiş, ondan müsahibə almış və haqqında ayrıca yazı da yazmışdım. Axırıncı dəfə isə Şuşa işğaldan azad olunandan sonra ATV kanalında bir verilişdə birlikdə iştirak etdik. Gözəl danışdı, Şuşaya getmək arzusunu bildirdi və oxudu...

Onun vəfatı barədə dünəndən yayılan xəbərləri və haqqında gedən müxtəlif səciyyəli məlumat və yazıları oxuduqca bəzi əhvalatları da mən xatırlayıram. Birini burada qeyd etmək istəyirəm.
Adını çəkmək istəmədiyim bir nəfərin övladının toyuna o vaxtlar süni təbliğatla şişirdilən bir əcnəbi aktrisanı da dəb xatirinə çağırmışdılar. O da mikrofonu götürüb fonoqramla iki mahnı "oxudu". Yəni səsi havaya buraxıb özü də dodaqlarını tərpətdi. İkisi bir yerdə təxminən 15 dəqiqə. Sonra da pulunu alıb çıxıb getdi.
Bir az sonra Zöhrə xanımı çağırdılar. Mikrofonu götürüb əvvəlcə ailə quran gəncləri təbrik etdi. Ardınca da dedi:
- Ay ... , görün nə günə qalmışıq ki, səsi, sənəti olmayan barmaq boyda filankəsə 15 dəqiqə fonoqramla dodağın tərpətməsinə 500 dollar pul veririsiniz! ... Mən də müğənniyəm, oxuyanam. Məni də bu toya oxumağa dəvət ediblər. Ancaq mən indi pulsuz oxuyacağam...
Sonra da necə oxudu!!!
Bah! Bah!
Təbii ki, canlı...
Bir neçə mahnı və bir muğam parçası ifa elədi...
Oxudu, sonra yenə gəncləri təbrik edib pul almadan çıxıb getdi.
Ondan sonra rəhmətlik Məhəbbət Kazımov da eyni cür hərəkət elədi. Mikrofonu götürdü, təbrik elədi və dedi ki, mən də pulsuz oxuyacağam.
Gözəl də oxudu...

Bir müddət sonra Zöhrə Abdullayevadan bunun səbəbini soruşmaq imkanım oldu.
- ...Heç nəyə görə 500 diollar pul verən adam mənim sənətimə qiymət verə bilməz, - dedi. - Söhbət heç də məbləğdən getmir. Neçə desəm, o qədər də verərdi, pulu çoxdur. Amma mənə o cür qiymət lazım deyil. Əgər o adamın mənəviyyatı yoxdursa, onun maddiyyatı da mənə gərək deyil.

Allah rəhmət eləsin.
Heyf ki, ən böyük arzusuna çatmadan, Azad Şuşanı görmədən getdi bu dünyadan...

Kərim Kərimli

Xudaferin.eu

12:15