Ölkəmizə düşmən gözü ilə baxanlara cavab

Məlum olduğu kimi, Azərbaycan və Türkiyə arasında hərbi sahədə bağlanmış əməkdaşlıq sazişinə əsasən, iki qardaş ölkənin birgə təlimləri keçirilir. Davam edən hərbi təlimlər Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini də əhatə edir. Müxtəlif qoşun növlərinin şəxsi heyəti və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimlər zamanı ordularımız müxtəlif silah növlərindən istifadə etməklə döyüş bacarıqlarını və baş verə biləcək hər bir təhlükənin qarşısının alınması üçün peşəkarlıqlarını artıracaqlar. O cümlədən çayın üzərindən panton körpülər salınır. Ağır hərbi texnikaların çayın üzərindən dislokasiyası aparılır və çoxşaxəli fəaliyyət təcrübəsi qazanılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, birgə hərbi təlimlərin keçirilməsi həm də Azərbaycana düşmən gözü ilə baxanlara, həmçinin bir müddət əvvəl sərhədlərimizdə geniş hərbi təlimlər keçirən İrana da bir cavabdır. Qeyd edək ki, İran bundan əvvəl Ermənistana dəstək vermək məqsədilə Azərbaycanla sərhəddə Araz çayının üzərindən panton körpülər salmaqla genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Cənub qonşumuz Ermənistanın ərazi bütövlüyünü qırmızı xətt adlandıraraq hərbi təlimlərin keçirilməsini həm də Azərbaycanı qorxutmağa hesablamışdı. Bu gün biz də Türkiyə ordusu ilə birgə hərbi təlimlər keçirməklə heç nədən qorxmadığımızı nümayiş etdiririk. Həm də bir növ İrana adekvat cavab veririk. Bu, o deməkdir ki, Azərbaycan heç bir ölkədən çəkinmir və lazım gələrsə istənilən müdaxiləyə cavab verməyə hazırdır. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə əsasən ordularımız ölkələrimizə qarşı ola biləcək hər bir təhdidə birgə cavab verəcəklər.

Dövlətimizin başçısı bu il noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda bir daha Azərbaycan-Türkiyə hərbi gücünün istənilən təhlükəyə qarşı birgə hazır olduğunu diqqətə çatdırdı: “Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Bəli, Azərbaycan-Türkiyə birliyi regiona yeni bir güc gətirib. Bu yeni güc pozulmuş ədalətin və beynəlxalq hüququn tələblərinin bərpa edilməsinə hər zaman hazırdır.

Xudaferin.eu

16:48