Ömür hekayəsi itənlər...

Bu günlərdə yazıçı Mehriban Vəzirin “Əhməd bəy Cavanşir” kitabı nəşr edilib.

Kitabın təqdimatı Ağcabədi rayonu, Kəhrizli kəndində, Həmidə xanım Cavanşirin ev muzeyində keçirilib. Bu muzey Həmidə xanımın atası Əhməd bəy Cavanşirin doğulduğu, yaşadığı və dünyasını dəyişdiyi, eləcə də özünün tikdirdiyi imarətdir. “Əhməd bəy Cavanşir”  kitabının təqdimatı da məhz həmin evdə keçirildi.

Kitab ictimai tanıtım xarakterlidir.

Əhməd bəy Cavanşir dövrünün görkəmli ictimai xadimi, milli-mənəvi dəyərlərin gerçək təmsilçisi, ünlü şəcərə və nümunəvi bir kimlik sahibidir. Əhməd bəy Qarabağ xanlıq dövlətinin qurucusu Pənah xan Cavanşirin nəticəsi, hünərli sərkərdə Məhəmməd bəy Batmanqılıncın nəvəsidir. O, eləcə də Azər­baycan ictimai fikir və tərəqqi tarixinin fədailərin­dəndir. “Qarabağnamə” kimi mühüm tarixi əsərin müəllifidir.

Bir sıra mütəfəkkirlərimiz kimi Əhməd bəyin də ömür hekayəsi itmiş, ictimai xidmətləri, ədəbi irsnin böyük qismi dəyişən formasiyaların xarabalıqlarına gömülmüşdür.

Ömrünü ictimai xidmətə, mədəni tərəqqiyə, maarifə, milli-mədəni irsin toplanmasına və bütün bunlarla yanaşı fiziki mövcudluq uğrunda savaşa həsr etmiş Əhməd bəy Cavanşir əzmli bir müqavimət, mənəvi dirəniş, həyata tutunma timsalıdır. Oxumağa, öyrənməyə dəyən bir ömür örnəyidir.

“Əhməd bəy Cavanşir”  kitabı xatırlanmağı haqq edən, lakin unudulmuş bir şəxsiyyətin tanıtımıdır.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Höku­mət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardı­mı ilə “19-cu əsrdə Qarabağda ictimai-siyasi durum və Əhməd bəy Cavanşirin (1823–1903) həyatı” layihəsi çərçivəsində Azərbaycan Qadınla­rı­nın Siyasi Mədəniyyət Mər­kəzi İctimai Birliyi tərəfindən hazırlanmışdır.

“Əhməd bəy Cavanşir” kitabının müəllifi yazıçı Mehriban Vəzirdir.

Bu kitaba müəllifin Qarabağın 19-cı yüzildəki ictimai-siyasi durumuna və Əhməd bəy Cavanşirə həsr edilmiş “Mövcudluq Uğrunda” tarix-sənədlii romanından bir hissə, Həmidə xanımın atası ilə bağlı xatirələri və Əhməd bəy Cavanşirin tarixi öçerkləri salınmışdır.

Azərbaycan ictimai jurnalistikasının banilərindən biri olan maarifçi ədib Əhməd bəy Cavanşirin çoxşaxəli fəaliyyəti və misilsiz ömür hekayəsi ilk dəfə olaraq oxuculara təqdim edilir.

Kəhrizli kənd muzeyində keçirilən təqdimatda məktəb müəllimləri, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, eləcə də yuxarı sinif şagirdləri iştirak etmiş, muzeyin direktoru Zeynəb Quliyeva “Əhməd bəy Cavanşir” kitabı haqda məlumat vermişdir.

Mehriban Vəzir Həmidə xanım Cavanşirin ev-muzeyə Əhməd bəyin Ədəbiyyat Muzeyinin arxiv fondundan çıxardığı çərçivəli fotosunu hədiyyə etdi. Əhməd bəy bu fotonu 70 yaşında, Tiflisdə çəkdirmişdir. Yazıçı fotonun tapılmasında əməyi keçən AMEA Ədəbiyyat Muzeyinin  rəhbərliyinə də minnətdarlığını ifadə etdi.

Tədbir iştirakçıları olan Kəhrizli camaatı Əhməd bəy və qızı Həmidə xanım Cavanşir haqda yaşlı nəsildən eşitdikləri xatirələri danışdılar. Kəhrizli kənd orta məktəbinin müəllimi Solmaz Quliyeva çıxış edərək

Əhməd bəy Cavanşirin tanıtımı və Kəhrizlidə baş vermiş tarixi hadisələri işıqlandırdığına görə müəllifə minnətdarlıqlarını ifadə etdilər.

Tədbir iştirakçılarına kitab hədiyyə edildi.

19:56