Politoloq: Brüssel görüşü Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqdan kənar bir reallığın olmadığını bir daha sübut etdi

Müasir dünya yol ayrıcındadır. Əsas oyunçular arasında artan rəqabət gündən-günə alovlanır. Bütün bu gərginliklər fonunda bir sıra qlobal problemlər kəskinləşməklə yanaşı, təbii resursların qıtlığı reallığı və enerji təhlükəsizliyinə artan tələbat ona olan marağı artırırsa, ehtiyac fonunda bunu daha labüd edir. Eyni zamanda, təəssüf ki, çoxalan rəqabətin müxtəlif səviyyələri mənfi tendensiyaları da artırır. Bu ssenarinin həyata keçirilməsinə töhfə vermək üçün dolayı yollarla bəzi kiçik aktorlardan istifadə edilir ki, bu da onların əlləri ilə az və çox olmaqla müxtəlif tərəflərin maraqlarını təmin etmiş olur. Bu mənada dövlətlərin əsas məqsədi böyük güclərin hədəflərinə gedən yolda alət olmamaqdırsa, digər mühüm məsələ konstruktiv, balanslı olmaqla yanaşı, bir o qədər də müstəqil xarici siyasət yürütməyə qadir olmaqdır ki, öz milli maraqları təmin olunsun. Dünya düzəninin mərkəzində münaqişələrin həllinin təşviqi, müharibələrin qarşısının alınması, təhlükəsiz, beynəlxalq mühitin yaradılması dayanmalı, məhdudlaşdırıcı xətlərdə və parçalanmalarda daha rahat, demokratik, idarə olunan alətlər istifadə edilməlidir. Tarixin ən ağır siyasi nəticələrini dəf edə bilən Azərbaycanın dövlət başçısı İlham Əliyevin dünyanın siyasi mənzərəsinə yaxından bələd olması, ən əsası isə siyasi Lider kimi şəxsi keyfiyyətləri Azərbaycanın bugünkü uğurlarının təməlində dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, beynəlxalq münasibətlərin qaçılmaz xaosuna arxalanmaq beynəlxalq hüququn aliliyini əsas tutan heç bir dövlətin xarici siyasətinin başlanğıc nöqtəsi olmamalıdır. Dünyanın sürətlə dəyişməsi sübut edir ki, gecikmə ölkənin suverenliyinə xələl gətirir, xarici siyasətini məhdudlaşdırır, dar alətlər toplusuna endirir. Bu baxımdan da geriliyi aradan qaldırmaq bir çox dövlətlərin dünyada mövqeyini müəyyən edən strateji vəzifədir. Dünyanın müasir çağırışlarına çevik cavab verməyi bacaran Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan fəal xarici siyasət yürüdərək xaricdə öz maraqlarını ardıcıl müdafiə etdiyi üçün nəinki regionun, eyni zamanda, beynəlxalq düzənin ən aparıcı dövlətlərindən biridir.

Dövlətlərin etibarlı şəkildə qorunduğu real hərbi təhdidlərlə müqayisədə ölkənin suverenliyi və bütövlüyü üçün daha böyük təhlükə iqtisadiyyatın və idarəetmə institutlarının inkişafındakı geriləmədir. Bu problemlərin həlli üçün əlverişli beynəlxalq mühit və praktika yaratmaq lazımdır. Qloballaşan və gərginləşən dünya fonunda beynəlxalq güclərə yaxınlıqda eyni məsafəni təyin etməklə inkişafı, milli maraqları təmin etmək mümkündür. Bu gün dövlətlər geniş xarici siyasət manevri imkanı saxlamaq, təhlükəsizlik maraqlarını qorumaqla öz inkişafının maraqlarına uyğun olaraq qloballaşmadan bəhrələnmək üçün optimal formulun işlənib hazırlanmasında təcili ehtiyacla üzləşir. Qloballaşmada iştirak, təhlükəsizlik məsələlərində strateji müstəqilliyi qoruyub saxlamaqla inkişaf maraqlarına uyğun xarici siyasət yürütmək ölkənin beynəlxalq fəaliyyətinin əsas məzmununu təşkil edir. Bu məqsədə nail olmaq bir deyil, bir-biri ilə əlaqəli bir neçə vəzifənin həllini tələb edirsə, həm də siyasətdə kəmiyyət yox, keyfiyyət dəyişiklikləri tələb olunur. Ənənəvi, çərçivəli xətlərin aradan qaldırılması, qeyri-regional tərəfdaşlarla əməkdaşlıq vasitəsilə müəyyən olunmuş paradiqmadan kənara çıxmaq siyasi iradə, konstruktivlik və balanslaşdırılmış siyasət yürütməyi tələb edir. Bu gün dünyada aşağı səviyyədə siyasi etimad ilə hətta zəif iqtisadi qarşılıqlı əlaqə arasında disbalans mövcuddur. Münasibətlərimizin iqtisadi əsaslarını keyfiyyətcə möhkəmləndirmək, dəyişkənliyin artım dinamikasından geri qalmamaq, yeni inkişaf tendensiyalarına adekvat, bir o qədər də çevik cavab vermək maraqlarımızın prioritet olaraq müəyyənləşdirilməsi ilə paralel şəkildə aparılmalıdır. Bir çox dövlətlərin zəif həlqəsi iqtisadiyyatın strukturu və ixracatın darlığı ilə məhdudlaşırsa, həlqəni güclü edən hissə mövcud strukturla məhdudlaşma alətləri arasında elastikliyin təmin edilməsidir. Bu xüsusda deyə bilərik ki, Azərbaycan, sadəcə, zəngin karbohidrogen resurslarına malik olmaqla kifayətlənmir, balanslı siyasət yürütməyə paralel olaraq, əsas məsələ onlardan səmərəli və heç bir kənar məqsəd güdmədən istifadə etməyə şərait yaradır, bu da Azərbaycanın dünya bazarlarında enerji təhlükəsizliyinin təmin olunmasında və sabitləşdirilməsində mühüm rol oynayır. Bir tərəf üçün enerji siyasətinin şaxələndirilməsi digər tərəf üçün xarici siyasət alətlərinin diversifikasiyası deməkdir.

Ş.Həsənova diqqətə çatdırıb ki, siyasi qarşıdurmalar, iqtisadi təlatümlər, qlobal enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik kimi strateji sahələrdə BMT-nin əsas rolunu saxlamaq, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmək, beynəlxalq təşkilatlarla münasibətləri gücləndirmək ümumi problemlərin həllinə öz töhfəsini verəcək. Dövlətlər həm də xarici siyasəti daxili vəziyyətləri və inkişaf vəzifələri ilə sıx əlaqələndirməlidirlər. Bütün bunların öhdəsindən gəlməyi regionun güclü dövləti Azərbaycan bacardısa, digər region dövləti olan Ermənistanın üzərinə olduqca böyük yük düşür. Belə ki, daxildə revanşist meyillərin olması hadisələrin axarının qarşısını kəsir. Bu baxımdan, xarici siyasətdə iki ifrat alternativdən qaçmaq lazımdır - bunlardan birincisi, ölkənin özünü təcrid etməsi, iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsi, daim yeni münaqişə vəziyyətlərinə cəlb olunmaq fonunda ciddi mərkəzləşməsidir. İkincisi isə xaotik vəziyyətin bilərəkdən, şüurlu və məqsədli şəkildə saxlanmasıdır ki, daxildən və xaricdən olan təsirlər vasitəsilə belə bir fon yaradılsın ki, guya kəskinləşmiş daxili problemlərin təsiri altında mövqe dəyişikliyinin mümkünsüzlüyü göstərilsin. Hər iki alternativ ölkə üçün, burada daha dəqiq mənada Ermənistan üçün fəlakətlə doludur. Keyfiyyətli daxili sıçrayış olmadan Ermənistan regionda və dünyada periferik rola məhkumdur. Perspektivli irəliləyiş üçün əlverişli regional şəraitə adekvat cavab vermək Ermənistanın xarici siyasətinin strateji prioriteti olmalıdır. Bu məqsədlə Azərbaycan tərəfi dəfələrlə Ermənistan üçün tarixi şans yaradıb. Bu şansın növbəti dəyərləndirilməsi masası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüş ətrafında baş tutdu. Görüş bütövlükdə 5 saat çəkdi. Zaman çərçivəsi onu deməyə əsas verir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub. Belə ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən diplomatiyası nəinki Azərbaycan üçün müsbət nəticələndi, bütövlükdə regionun inkişafının təmin olunması baxımından yenə öz sözünü dedi.

Görüşdə müzakirə olunan məsələlərə toxunsaq, ilk növbədə, onu vurğulamaq lazımdır ki, bu dəfə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi. Tarixin arxivinə göndərilən status məsələsindən isə ümumiyyətlə danışılmadı. Yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə söhbət açıldı. Qarabağ ermənilərinin hüquqları məsələsinə gəldikdə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər kəsin təhlükəsiz şəraitdə yaşamasını Azərbaycan dövləti təmin edir, Qarabağ ermənilərinin təhlükəsizliyi də Azərbaycanın işidir. Bunu ən ali səviyyədə dəfələrlə bildirmişik. Hətta Prezident İlham Əliyevin özü qeyd etmişdi ki, oradan çox müsbət mesajlar da alırıq. Bu mesajlar olduqca ciddidir. Erməni əhali artıq dərk etməlidir, ya da bu dərketmə qarşısında süni maneələr yaradılmamalıdır. Azərbaycan dövlətinin onlara verəcəyi dividentlər digər aktorların vədlərindən qat-qat artıq olmaqla yanaşı, onların təhlükəsizliyi də təmin ediləcək.

Dövlətimizin başçısının 2022-ci il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, həmin ayın sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirmişdi. Bu baxımdan, mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdə yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazidə sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsinin razılaşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, komissiya olduqca mühüm bir işlə, yəni, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı formada necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Deməli, Avropa İttifaqı ilə Azərbaycanın mövqeyinin üst-üstə düşdüyü bir daha məlum oldu.

İkitərəfli münasibətlərdə maneələri ardıcıl olaraq aradan qaldırmaq lazımdır və bunun vaxtı çoxdan gəlib çatıb. Azərbaycanın yaratdığı reallıq nəticəsində Cənubi Qafqaza sülh və təhlükəsizlik çoxdan qədəm qoyub. İndiki məqamda isə əsas siyasi problemlərin və iqtisadi məsələlərin həllində ardıcıl kompromislərə nail olmaq lazımdır ki, Cənubi Qafqazda bu sülh və təhlükəsizlik davamlı və daimi olsun. Münasibətlərin ruhu polisentrik dünyada qarşıdurmadan qarşılıqlı faydalı əməkdaşlığa dəyişdirilməlidir. Bu baxımdan, üçtərəfli görüşdə sərhəd idarəçiliyi, təhlükəsizlik, rüsumlar, habelə beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinməsi olduqca vacib məqamdır. Çünki müəyyən vaxtlarda Ermənistan bu məsələ ilə bağlı süni maneələr yaradaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılmasının icrasını yubadırdısa, artıq Ermənistan dərk edir ki, bu məsələ qaçılmazdır, habelə onun özü üçün də vacibdir.

Humanitar normalara riayət olunmasını, itkin düşmüş şəxslərin taleyinin araşdırılmasını təmin etmək kimi aktual məsələlər dövlətlər üçün son dərəcə zəruri olmalıdır. Beynəlxalq humanitar hüquq tərəflərin üzərində o öhdəliyi müəyyənləşdirir ki, hərbi əməliyyatlardan sonrakı kontekstdə ölmüş şəxslərin cəsədlərinin çıxarılması, insanların taleyinin müəyyənləşdirilməsi, onlara layiqli dəyərin və yaxınlarına məlumatın verilməsi üçün dövlətlər bütün tədbirləri görməlidir. Bu baxımdan, üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub. Azərbaycan xalqının milli maraqlarını hər bir diplomatik masada prioritet kimi müəyyənləşdirən dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyi məsələsi üzərində bir daha dayandı.

Üçtərəfli görüşdə Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olundu. Belə ki, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Münaqişə bitdikdən sonra ümumi proses çərçivəsində sülh sazişlərinin rolu və əhəmiyyətindən söhbət gedəndə öhdəliklərin yerinə yetirilməsi ilə müşayiət olunan “yaxşı” razılaşmalar davamlı sülhlə, “pis” razılaşma sülh prosesinin ləngimələri, uğursuzluqları və ya hətta dağılması ilə nəticələnəcək. Bu baxımdan, vasitəçi tərəf də tərəflər arasında danışıqların yüksək standartlara cavab verməsini təmin etməli, konsolidasiya və barışığa nail olmaq üçün hər bir tərəfin müəyyən müddət ərzində atacağı bütün addımları ehtiva edən dəqiq və əhatəli olduğu kimi, bir o qədər də konkret və dərhal addımların atılmalı olduğu işə nəzarət etməlidir. Görüşdə iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi, Aİ-nin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini bildirməsi bölgə üçün siyasi, iqtisadi, sosial və humanitar məsələlər baxımından olduqca zəruridir ki, Azərbaycan tərəfi də bu məsələlərin vacibliyini hər zaman bildirir, ən əsası, real addımları ilə sübut edir.

Bir sözlə, üçtərəfli görüş Ermənistanın təxribatlarını, daxili şoularının nəticəsizliyini üzər çıxarıb manevr imkanlarını xeyli məhdudlaşdırdısa, Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə yaratdığı reallıqdan kənar bir reallığın olmadığını bir daha sübut etdi və Azərbaycan tərəfinin növbəti diplomatik qələbəsi ilə yekunlaşdı.

Xudaferin.eu

16:46