Polşalı azəri gəlin...

Bu gün M.Ə.Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda Rozanska) vəfat günüdür.
Məmmədəminin Leylası...Bu adı ona Rəsulzadə vermişdi. Sonralar öz xatirələrini danışan Vanda xanım Rəsulzadənin ona “Leyli və Məcnun” poemasını oxuduğunu və bu səbəbdən Leyla adını ona verməsini kədərlə xatırlayırdı.

Təbii ki, bu iki insanı birləşdirən ortaq dəyərlər çox idi. Ən böyük dəyər isə onları birləşdirən milli mücadilə və azadlıq sevgisiidi...

Vanda xanım o zaman Polşanın rusların əsarətində olan torpaqlarında dünyaya gəlmişdi. Ailəsi də müstəqillik qazanmaq üçün Rusiyaya qarşı çox mübarizə aparıb. Sibirə sürgün edilmişdilər. Burada təhsil ancaq rus dilində aparıldığından doğma lex dilində danışmağa imkan verilmirdi. Bu və digər məhdudiyyətlər Vandanın ruslara olan nifrət hissinin yaranmasına, böyüməsinə səbəb oldu. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı heç vaxt qəbul etmədi.

Bizim xasiyyətimizdir də hamıya, hər kəsə dil uzadırıq. Bəzi ağzıgöyçəklər Rəsulzadəyə də dil uzadaraq onu ailəsini qorumamaqda günahlandırırlar. Ailəsini Azərbaycanda qoyub başqası ilə evlənməkdə suçlu bilirlər. Bu mənada mərhum tarixçimiz Nəsiman Yaqublunun müəllifi olduğu “Rəsulzadə ensiklopediyası”nda Məmmədəmin Rəsulzadənin ailəsi haqqında iki qeydini nəzərinizə çatdırmaq istərdim.

Birinci qeyddə yazılır: “M.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Lakin bütün bunlara baxmayaraq Bakıda gizli fəaliyyət göstərən müsavatçılar imkan daxilində M.Rəsulzadənin ailəsinə müəyyən köməklik ediblər”.

İkinci qeydində isə belə yazır: “M.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Lakin onların bu evlilikdən övladları olmayıb.

Vanda xanım 1895-ci ilin 23 iyununda Varşavada anadan olub, Varşava Universitetini bitirib.1974-cü ilin 21 mayında Ankarada dünyasını dəyişib və elə bu şəhərdəki “Cəbəçi” məzarıstanlığında dəfn edilib”.
Bu qeydlər bir daha sübut edir ki, Rəsulzadə polyak əsilli qadınla Bakıdakı həyat yoldaşı vəfat etdikdən sonra ailə həyatı qurub.

Vanda xanım Rəsulzadənin xilaskarı da olub. 1944-cü ildə Sovet ordusunun artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyərək Rumıniyaya yaxınlaşdığını görən Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçməyi qərara alır. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə onlara icazə vermir. Bu arada amerikanlar da yaxınlaşır. Vəziyyətin dəyişəcəyinə güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir...

O zaman müttəfiqlər antisovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də belə acı tale gözləyirdi. Lakin ...onu buraxırlar. Məmməd Əmin Rəsulzadənin dediyinə görə onu xilas edən həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları olur...

Lakin Vanda xanımın özü rus MTN-nin də diqqətindən yayına bilməyib. Mərhum tarixçi alim Mayis Alizade-nin mənə bildirdiyinə görə "1960-cı illərdə TASS müxbiri kimi Ankarada işləmiş KQB polkovniki Əsildar Hüseynov, Vandanın müxtəlif taktikalarla danışdırmışdı.

1990-cı illərin əvvəllərində Bakıda sovet kəşfiyyatının nəzarətində bir təşkilat yaradıb yenidən Rəsulzadə əleyhinə təbliğatlar aparmaq istəsə də baş tutmadı.

Buxarestə 35 illik dostu, Türkiyənin keçmiş təhsil naziri hamdullah Suphi Tanrıöverin yanına gedərək(səfir idi) bir müddət orada qaldı, Truman razılaşmasına görə, 1947-də Türkyəyə gələ bildi. Ondan sonra isə legionerlər gəldilər. Mərhum Ali Rıza Turan əmi mənə danışmışdı ki,Türkiyəyə getməsi ərəfəsində evinə getdim, yatmışdı, xanımı da görmədən ayaqqabısını ölçdüm, ayaqqabı və pal-paltar alıb apardım ki, Türkiyəyə təzə paltar və ayaqqabıda getsin. 1931-də Türkiyəni tərk etmək məcburiyyətində qalanda Mustafa Kemal Paşa xarici işlər naziri Tevfik Rüşştü Arasa təlimat vermişdi ki, hansı ölkədə olsalar, Türk səfirlikləri kömək etsin, ehtiyacı olanlara pasport da verilsin".

...Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır..

Nə qədər acınacaqlı və qəribə də olsa həqəqəti deməliyəm: Leyla xanım səfalət üzündən dünyasını dəyişib...Leyla xanım bir köhnə binanın zirzəmisində yaşayıb. Həddən artıq yoxsul olub. Onun evinə heç vaxt günəş şüaları düşmürmüş. Rütubətli-nəmli bir zirzəmi olub. Çox ləyaqətli, qürurlu qadın olub. Heç kimdən yardım istəməyib. Doğrudur, Türkiyədəki Azərbaycan dərnəklərinin üzvləri onun yanına gəlib-getsələr də Leyla xanım heç vaxt onlaradan yardım istəməyib.
Leyla xanımın kasıb evində yalnız bir sandıq olub. İçərisində sənəd və şəkillərin olduğu güman edilirdi. Kədərlə deməliyəm ki, Leyla xanım vəfat etdiyi zaman gələn rəsmilər o sandığı, evdə olan bütün sənədləri, rəsimləri götürüblər. Sandığın və sənədlərin taleyindən bu gün də xəbər yoxdur...

Vanda (Leyla) xanımla bağlı əlimizdə olan digər qaynaq isə “Azerbaycan” dərgisinin 1974-cü ildə çap olunan 210-cu sayındakı nekroloqdur. Həmin nekroloqda Leyla xanımın necə fədakar qadın olduğuna diqqət çəkilir. Maraq doğuracağını nəzərə alıb nekroloqun tam mətnini, Rəsulzadə ilə Leyla xanımın birgə fotolarını təqdim edirəm:

"May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi.

Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi.

Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin kriz vaxtlarında başı ucundan bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq etmişdir. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun”

Sözardı: Leyla xaımın məzarı bura gələn azərbaycanlılların, o cümlədən müsavat Başqanı İsa Qəmbərin müsavatçılarla birlikdə ziyarət yerinə çevrilib. Bu ziyarət 2017-ci ilin 24 dekabrında baş vermişdi.

Məzar isə burada yaşayan jurnalist Könül Şamilqızı tərəfindən aşkarlanıb. O, Leyla Rəsulzadənin məzarının "Əsri" qəbiristanlığında olduğunu sənədlərlə sübut edib.

Baba Allahnəzərov

Xudaferin.eu

20:24