Professor Necdət Ünüvar: Heydər Əliyev ali insani keyfiyyətləri ilə hər zaman ətrafındakıları heyran qoymağı bacarırdı

Ümummilli lider Heydər Əliyev Azərbaycanı, Türkiyəni, Vətənini və dövlətini ürəkdən sevən, dostluq və qardaşlığımızın inkişafı üçün yorulmadan çalışan böyük təcrübəyə malik dövlət adamı idi. Mən Heydər Əliyevlə ən son görüşən Türkiyə nümayəndə heyətinin tərkibində olmuşam. Bu görüşün təfsilatını heç zaman unutmamışam.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Universitetinin rektoru, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sabiq rəhbəri, professor Necdət Ünüvar ifadə edib.

Ulu Öndərimizin “Bir millət, iki dövlət!” kəlamını nəsillərə örnək olan qardaşlıq çağırışı kimi dəyərləndirən professor Necdət Ünüvar deyib: “Heydər Əliyev ali insani keyfiyyətləri ilə hər zaman ətrafındakı insanları heyran qoymağı bacarırdı. Düşüncəsində hər nə vardısa onları təbii formada ifadə edir, heç zaman hərəkətlərində və danışığında sünilik yaratmırdı”.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasını mühüm tarixi hadisə kimi dəyərləndirən Ankara Universitetinin rektoru deyib ki, Ulu Öndərimizə məxsus irsin daha dərindən tədqiqi, müəyyən etdiyi inkişaf strategiyasının mükəmməl öyrənilməsi olduqca vacib və əhəmiyyətlidir.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sabiq rəhbəri deyib: “Tarixi şəxsiyyətlərin missiyasına ilk növbədə tarix qiymət verir. Hesab edirəm ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ən böyük nəticəsi Qarabağ Zəfəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq Qələbə bütün türk dünyasının qürur mənbəyidir. Azərbaycan və Türkiyə olaraq bizi qarşıda daha böyük zəfərlər gözləyir. Bu uğurlar ortaya çıxdıqca Heydər Əliyev şəxsiyyətinin göründüyündən daha da ucalarda olduğu təkrar-təkrar təsdiqini tapacaq”.

 
Sabir Şahtaxtı
Xudaferin.eu

15:10