QANUN BOŞLUĞU

(felyeton-hekayə)

 

Yol nişanının "yalnız sola" işarəsi olan yerdə tәcili vә mәcburi sağa döndüm. Dönmedim e, maşını "eşdim" ... Yol polisi saxladı. Saxlamadı e, əlindəki "çörək ağacını" az qala gözümə soxacaqdı.

Yaxınlaşıb məni qaynar sudan təzə çıxarılmış, yolunası qaz kimi yuxarıdan aşağı ağzı sulana-sulana süzüb, böyrümdəki xanımın yanında kişiləndi. Köklükdən qulaq batıran fısıltısına qısa fasilə verib, ağzını şappıldadıb qımışdı və sözləri uzada-uzada dilləndi:

– Niyә "naruşeni" eləyirsinizzz?!

("Niyə qaydanı pozursunuz?"- demək istəyirdi)

– Rәis, qurana әl basıb arvada söz vermişәm ki, bir dә "levi" getməyәcәm!

Gözlәmәdiyi fikirdәn çaşıb qalan, şok terapiya yaşayan yol polisi domba gözlərinin üstündəki qapaqları yerində saxlaya bilmədi. Üstündə yolunmaqdan çürük dişə bənzər kirpiklərlə "bəzədilmiş" göz qapaqları guppultu ilə iki dəfə aşağı düşüb qalxdı. (belə adamlar adətən arvad və ya rəis tərəfindən "xüsusi tapşırıq" əsasında gecə ovuna (oxu: "qazancına") çıxanda yuxuya qalib gəlmək üçün kirpiklərini qurban verirlər)

Elə bil "rəisin" fısıltısı da bir az azaldı...

Polis qağam çaşqın, qeyri ixtiyari, – deyirәm bu qanunlarda boşluq var, heç kim mәnә inanmır, – deyә dimmәzcә sәnәdlәrimi özümә uzatdı...

Fürsəti fotə verməyib:

– Əşi, indi düz söz deyənə qiymət verən var, rəhmətliyin oğlu? – deyib onun qalığına girdim... (oxu: "yaltaqlandım")

– Demə-demə, – deyə başını buladı. Əli ilə işarə elədi ki, "yaxşı yol"... Deyəsən sözüm onu qəhərləndirmişdi...

Təxminən yüz metrə qədər özümüzü saxladıq. Ondan sonrakı şaqqanaq çəkməyimizi eşitdimi, bilmirəm?!

Amma hoteldəki qonşumuzun qaqqıltımıza dözə bilməyib iki dəfə divarı döyməyinin fərqinə vardıq...

Zalım oğlu zalım, bizim yerimizə özü olsaydı bizdən bərk gülərdi. Hotel qonşumuzu deyirəm e...

Bir Dünya pul töküb, bura bir-iki saatlıq deyib gülməyə gəlmişik da. Elə bil sevgilimə arvadımın ayaqlarından tər İyi gəlməyi ilə bağlı mühazirə oxumalıyam.

Bəlkə də özündə "bir şey alınmırdı" deyə əsəbi idi... (Elə yerdə Allah hamının köməyi olsun)

Nə isə ki, amma biz daha gülmədik.

Daha doğrusu gülüb qonşunu narahat etməmək üçün içində dinc dayanmayan dil olan ağzımızın dodaqlarını bir-birinə sıxmağa məcbur olduq...

Arvadımdan gözəl olmasın, amma gözəl bir sevgilim var!.. Əlindən hər şey gəlir. Zalımın qızı elə bil əməlli kurs keçib...

O bir Allahdan arzu edirəm ki, cəmi arzusunda olan kişilərə qismət olsun...

Bir də bu hotel divarlarını niyə belə nazik edirlər, - bilmirəm?!

Yəqin bu yerə çatıb deyəcəksən ki, - "noolsun," qanun boşluğu"nun bu yazıya nə dəxli var?"

Necə nə dəxli var, balam?!

Sayıram; Mənim maşınla sağa dönməyib... fısıldayan və ağlında çat olan adamın əynində polis paltarının olması... yanımdakı xanımın mövcudluğu... arvadımın ayağından tər iyinin gəlməsi... hotelə girişimizin mümkünlüyü... hoteldə mən arvadımdan, sevgilimsə ərindən oğurladığımız vaxtdan "səmərəli" istifadə etmək əvəzinə qaqqıldaşmağımız... tərəfimizdən qonşunun rahatsız edilməsi və həmin qonşunun bizim azadlığımızı məhdudlaşdırma cəhdi... Ən nəhayət mənim qanunda boşluq axtardığıma görə hələ də azadlıqda olmağım!

Buyur, bu da sənə qanundakı boşluqlar! Axırıncı dəfə olsun ki, mənim ağlıma şübhə ilə yanaşırsan!

Xudaferin.eu

16:27