QANUN YALNIZ SÜKAN ARXASINDA OTURANLAR ÜÇÜN DEYİL?!

Bakıda olduğum müddətdə məni ən çox narahat edən, hətta əsəbləşdirən məsələlərdən biri şəhər küçələrində gördüyüm qanunsuzluq və məsuliyyətsizlikdir.

Və daha çox əsəbləşdirən isə qanunsuzluğun özü yox, ona qarşı laqeyd münasibət bəsləyən insanlardı…

Azərbaycanda sürücülərə qarşı cərimələr kifayət qədər sərtdir. Sürət həddini keçdin - cərimə. Yol hərəkəti qaydasını pozdun - cərimə. 

Amma piyadaya gələndə nədənsə qanun və cərimə səsi eşidilmir.

Piyada haradan gəldi yolu keçir. Piyadalar piyada keçidinin yanından keçir. Qırmızı işıqda yolu keçirlər. Maşınların arasından özlərini maşınlara sürtə-sürtə ölümün ağzına atanlar kifayət qədərdi…

Bəzən bütün bunlar polisin gözünün qabağında baş verir. Daşdan səs çıxır, polisdən yox.

Və… susur. Polis susur…

Niyə?

Məgər qanun piyadaya şamil edilmir?

Yoxsa Azərbaycanda qanun yalnız avtomobilin dövlət nömrə nişanını görəndə “oyanır”? Yada qanun pusquda durub bir sürücünü “ovlamaqdır” bəlkə?

MAŞINDAN ZİBİL ATMAQ — NORMALDIR?

Bakının küçələrində başqa bir mənzərə də var. Maşının pəncərəsi açılır və plastik butulka heç nə olmamış kimi küçəyə atılır.

Siqaret kötüyü yola atılır. Siqaret qutusu pəncərədən çölə uçur. Bəzən sürücü maşından çölə tüpürür. Bəzən sərnişin bunu edir…

Və bütün bunlar sanki gündəlik normal bir işidir.

Bəs bunun üçün cərimə? Yoxdur!!! Bəs polis? Görmür…

Bəs ictimai qınaq? Vay!!! Azərbaycanda içtimai qınaq yoxdur!

Çünki bizdə çoxları öz avtomobilinin salonunu təmiz saxlamağı mədəniyyət hesab edir, amma şəhərin küçəsini zibil qutusuna çevirməyi ayıb saymır. Çoxları evlərimdə də belədir. İçi bəzək, çölü təzək…

Bu, sadəcə tərbiyəsizlik deyil. Bu, vicdansızsasına cəmiyyətə hörmətsizlikdir.

YERSİZ SİQNAL MƏDƏNİYYƏTSİZLİKDƏN ÇOX, EŞŞƏKLİKDİR.

Azərbaycanda siqnal məsələsi heyvərəliyin bir göstəricisidir.

Bəzi sürücülər elə bilirlər ki, avtomobilin siqnalı onlara şəhərin bütün sakinlərini narahat etmək hüququ verib.

Səhər tezdən, gecə vaxtı, heç bir zərurət olmadan siqnal verirlər. Bu bütün sakit və sadə cəmiyyətin üzünə tüpürmək deməkdir. 

Azərbaycanda yersiz siqnal verənə qarşı cərimə mövcud deyil. Əvvəllər Avropada bəzən yersiz siqnal verənin əngini belə əzərmişlər. İndi yersiz diqnal yoxdur. Hamı sakit yaşayır.

Sakit yaşamaq hüququ yalnız Avropa vətəndaşlarına məxsus deyil. Azərbaycan vətəndaşının da rahat, sakit yaşamaq haqqı var.

AVROPADA KÜÇƏ MƏDƏNİYYƏTİ ÖZ-ÖZÜNƏ YARANMAYIB

Mən 36 ildi yaşadığım Avropada gördüyüm bir həqiqəti yaxşı bilirəm:

Orada küçə mədəniyyəti yalnız cərimə ilə formalaşmayıb.

İnsanlar öz şəhərlərinə sahib çıxıblar.

Küçəyə zibil atanı görəndə susmayıblar.

İctimai əmlaka zərər verənə qarşı sərt münasibət göstərilib. Bəzən təhqiramiz…

Başqasının haqqını tapdalayanın davranışı ictimai qınağa, bəzən isə zorakılığa məruz qalıb.

Yəni vətəndaş anlayıb ki:

“Bu şəhər mənimdir, evimdir, ailəmdir və mən bu şəhərin qaydasına da sahib çıxmalıyam.”

Əlbəttə, heç bir vətəndaşın qanunu öz əlinə alaraq kimisə döyməsi, təhqir etməsi və ya zorakılıq göstərməsi qəbuledilməzdir. Hərçəndir bəzən baş verir…

Amma cəmiyyətin tamamilə susması da çıxış yolu deyil.

Dövlət hər zibil atan, yerə tüpürən insanın yanında polis yerləşdirə bilməz.

Hər siqaret kötüyünü yerə atanın arxasınca polis göndərmək mümkün deyil.

Hər küçədə bir polis dayanmayacaq.

Deməli, vətəndaş məsuliyyəti olmalıdır. İçtimai nəzarət. Vətəndaş nəzarəti.

VƏTƏNPƏRVƏRLİK SÖZLƏ DEYİL, DAVRANIŞLA ÖLÇÜLÜR

Biz vətənpərvərlikdən çox danışırıq.

Bayraqdan danışırıq.

Torpaqdan danışırıq.

Qarabağdan danışırıq.

Şəhidlərdən danışırıq.

Amma bir şeyi də öyrənməliyik:

Vətəni sevmək onun küçəsini zibilləməməkdən başlayır.

Vətənpərvərlik maşının pəncərəsindən butulka atmamaqdır.

Vətənpərvərlik siqaret kötüyünü küçəyə tullamamaqdır.

Vətənpərvərlik yerə tüpürməməkdir.

Vətənpərvərlik piyadaya yol verməkdir.

Vətənpərvərlik piyadanın da qaydaya əməl etməsidir.

Vətənpərvərlik gecə saat ikidə boş yerə siqnal verib yüzlərlə insanın yuxusunu pozmamaqdır.

Vətənpərvərlik polis görməyəndə də qanuna əməl etməkdir.

Əsl vətənpərvərlik tribunada deyil, küçədə görünür.

POLİSİN VƏZİFƏSİ NƏDİR?

Bir polis əməkdaşı qaydanı pozan piyadanı görür və heç nə etmir.

Bir sürücünün küçəyə zibil atdığını görür və susur.

İctimai qaydanın pozulmasına göz yumur. Deməli həmim polis özü cinayətkardı.

Əgər ölkədə belə polislər çoxluq təşkil edərlərsə biz hansı hüquqi cəmiyyəti quracağımızı gözləyə bilərik?

Qanun pozuntusuna göz yuman polis əslində qanun pozuntusunun təkrarlanmasına şərait yaradan canidir.

Çünki insan cinayətə qarşı cəza görmədiyi hərəkəti mütləq təkrar edəcək.

ŞƏHƏR SƏNİN EVİNDİR ZİBİLXANA DEYİL!

Bu gün bir butulka atır.

Sabah siqaret qutusu.

O biri gün daha böyük zibil.

Sonra isə şəhərin küçəsi onun üçün zibilxanaya çevrilir.

QANUN SEÇİCİ OLA BİLMƏZ!

Mənim tələbim çox sadədir:

Qanun hamıya eyni tətbiq edilsin!

Sürücü qaydanı pozursa - cərimələnsin.

Piyada qaydanı pozursa - cərimələnsin.

Maşından zibil atan - cərimələnsin.

Küçəyə siqaret kötüyü atan - cərimələnsin.

İnsanların rahatlığını yersiz siqnalla pozan sürücü - məsuliyyət daşısın.

Piyadaya yol verməyən sürücü - məsuliyyət daşısın.

Piyada keçidindən istifadə etməyən piyada - məsuliyyət daşısın.

Amma bir şərtlə: hamıya eyni ölçü tətbiq edilsin!

Tanışa başqa, tanımadığa başqq yox!

Varlıya başqa, kasıba başqa yox!

Sürücüyə başqa, piyadaya başqa yox!

Heç kimə başqa qanun, heç kimə başqa ədalət yox, eyni qanun!

BAKI BİZİM EVİMİZDİR

Bakı sadəcə binalar, prospektlər və avtomobillərdən ibarət deyil.

Bakı bizim evimizdir.

Amma evinin içinə zibil atan adam küçəyə çıxanda niyə şəhəri zibil qutusuna çevirir?

Öz evində sakitlik istəyən insan niyə gecə küçədə yersiz siqnalla başqalarının rahatlığını pozur?

Öz övladının təhlükəsizliyini istəyən valideyn niyə piyada keçidindən keçən insanları buraxmır? 

Bizim ən böyük problemimiz bəzən qanunun olmaması deyil, qanunun gündəlik həyatımıza çevrilməməsidir.

Və bunun üçün həm dövlət, həm polis, həm də cəmiyyət məsuliyyət daşıyır.

SON SÖZ

Avropanı sərt cərimələr və ciddi içtimai nəzarət xilas etdi.

Avropanı qanuna hörmət edən, şəhərinə sahib çıxan, ictimai məsuliyyət daşıyan insanlar dəyişdirdilər.

Bizim də belə bir cəmiyyətə ehtiyacımız var. Çünki biz də Avropanın bir parçasıyıq.

Cəmiyyət o zaman dəyişəcək ki, insan küçəyə zibil atan zaman “polis görürmü?” deyə yox, “Mən niyə öz şəhərimi çirkləndirim?” deyə düşünəcək.

Sürücü piyadaya yol verəndə cərimədən qorxduğu üçün yox, insan həyatına hörmət etdiyi üçün dayanacaq.

Piyada yolu keçəndə polisə görə yox, öz həyatına və başqasının təhlükəsizliyinə hörmət etdiyi üçün keçiddən istifadə edəcək.

Və polis qaydanı pozanı cərimələyəndə onun kimliyinə, puluna, tanışına, vəzifədə işləyən qohumuna, bölgəsimə baxmayacaq.

Çünki dövlətin gücü cərimənin çoxluğunda deyil, qanunun hamıya eyni tətbiq olunmasındadır.

Bunu bacarmasaq, şəhərlərimiz nə qədər gözəl, yollarımız nə qədər geniş, binalarımız nə qədər möhtəşəm olsa da, küçələrdəki mədəniyyətsizlik bizi yenə də ifşa edəcək.

Şəhərin əsl siması asfaltında yox, insanının davranışındadır.

Və artıq bu davranışı dəyişməyin vaxtıdır!!!

Qanun hamı üçündür!
Küçə hamımızındır!
Bakı hamımızındır!

Və bu şəhəri zibilxanaya çevirməyə heç kimin haqqı yoxdur!!!

Elman Mustafazade

Xudaferin.eu

09:56