Qarabağın payızına payız gəldi

Payız gəldi, çoxdan uçubdu quşlar…

Emin Sabitoğlunun “Payız gəldi” (“Payız gəldi, uçdu getdi quşlar”) mahnısını gənclik illərindən sevirəm. Özü də Xədicə Abbasovanın ifasında. İmkan düşdükcə dinləyirəm. Amma bu mahnı indi məndə tamam başqa bir ovqat yaradır. Elə bilirəm mahnıdakı sözlər dəyişib: “Payız gəldi, çoxdan uçubdu quşlar” kimi oxunur …

İlk avtomat, ilk top səsindən diksinən quşlar qanadlarını geniş, çox geniş açıb bacardıqları qədər uzaqlara uçub getdilər. Qorxdular barıt qoxusunda boğulmaqdan. Ocağının istiliyini uzaqlarda tapa bilməyən adamlar təki quşların da bəziləri yaxınlıqda özlərinə müvəqqəti yuva qurdular. Ara sakitləşən kimi güllədən yayınmaq üçün lap hündürdən uçaraq sərhədi keçib öz yurduna, dağılmış yuvalarına baxıb qayıdırlar. Quşlar bizdən xoşbəxtdirlər.

Pахıllığım tutur quşlаrа -
göydə qаnаd çаlırlаr.
Yuvаlаrınа dönmək üçün
nə tikаnlı məftil tаnıyırlаr,
nə burахılış vərəqəsi.
Təkcə səngər görəndə
yüksəkdən uçurlаr…

Hərəkət edə bilən bütün canlılar tərk etdilər o yerləri. Ağaclar, kollar, torpaqlar, dağlar, … qaldı. Torpağa bizdən daha çox bağlı olanlar.
Ayrılıqdan, xiffətdən ağacların yarpaqları sapaldı. Dağlar bozardı. Ağappaq ağaran evlərin yerə sərilən daşları mamır bağladı. Lalələr də dərd çəkdiyindən üstündəki qara xalı qırmızı rəngindən böyük görsəndi. Nişangah kimi.

Qarabağa hər mənada payız gəldi. Qarabağın baharı sonbahara döndü.
Daha oraların narı qızarmır. Qoz da qabıqdan gecələr düşür. Qorxur səsi eşidilər, tutular atəşə.
Ağacların yarpaqları payız yarpaqlarının başqa rəng çalarlarını almır. Qara buludlar saralıb tökülən yarpaqların üstünə göz yaşı töküb isladır ki, külək əsəndə xışıltı səsi salmasın.
Tutu araq dadır. Arxlarından hələ də qan axır. Buralarda qızaran ancaq qan rəngidi.
Lal bir sükut var. Gecələr ancaq atəş səslərinin pozduğu lal-ölü bir sükut.
Dəli külək dərddən üzülən cığırların izlərini itirib. Saralmış otlar, kol-koslar yolların üzünü qapayıb. Qatara həsrət dəmiryol relsləri sarala bilən nə varsa, onların arasında ard-arda düzülmüş ilan sürüsü kimi qaralır. Üzüqoylu uzanmış künbəz sınıq-sökük baş daşlarını qucaqlayıb ağı deyir. Dağlar bizim yerimizə çəkdiyi xəcalətdən kiçilib. Dərələr çuxura düşmüş gözə dönüb. Təpələr düzən olub, düzəni çala yerdə.

Qarabağın payızına payız gəldi.
O yerlərə öz istəyiylə ancaq payızla qış gəlir. Özü də daha sərt. İlımlı heç nə yoxdur oralarda. Dərdə dözə bilməyib infark keçirən torpağın sinəsi cadar-cadardı.
Bu yerlərin üstünü kabus kimi alan bulud balasını itirmiş ana təki aramsız göz yaşı tökür. Qəmin, kədərin göz yaşı duzlu olduğundan düşdüyü yeri sapsarı saraldır.
Hər dəfə soyuqlar başlayanda; yağış, qar yağanda mənə elə gəlir ki, oralar da mənim kimi üşüyür. O yerlərə yağan qar sanki içimə yağır. Əsim-əsim əsirəm. Titrədirəm.
Amma o yerlər soyuqdan daha çox yiyəsizlikdən üşüyür. Yetim kimi. Atılmış kimi...

Göynərtisi sinəmizi göynədən, acısı yuxumuzu ərşə çəkdirən bu həsrət üzəcək bizi.
Payız ömürlü yurdun durnalara qoşulub gedən quşları biz gələn yazı gözləyir. O yerlərə bahar sevincin şirin göz yaşlarıyla gələcək.

Həsrətə rəng qatmaq zamanıdı. Yaşıl rəng sarı ilə mavinin qarışığından alınır. Sarı ümid, mavi isə azadlıq rəngidi.
Azadlığa olan ümid Qarabağa yaşıllıq, həyat gətirəcək…
Rəfail Tağızadə

Xudaferin.eu

13:54