Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi regiona sülh və sabitlik gətirəcək – Təhlil

Qardaş Türkiyədə prezident seçkilərinin ikinci turu da keçirildi və Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildi. Azərbaycanda da diqqətlə izlənilən bu seçkilərdə Ərdoğanın yenidən Prezident seçilməsi heç də təsadüfi xarakter daşımır. Qardaş Türkiyənin məhz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi illərində keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, xalqın rəğbətini qazanan liderin növbəti siyasi qələbəsi qaçılmaz idi. Belə ki, son illər Türkiyə dünyada cərəyan edən qlobal siyasi proseslərə təsir göstərmək iqtidarına malik olub.

Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsini dəyərləndirən Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçik deyib ki, qlobal xarakterli siyasət yürüdən dövlətlərin istəyi baş tutmadı. O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi ilə türk xalqı qazandı, PKK, FETÖ kimi terror təşkilatlar isə məğlub oldu. Bu gün Ərdoğanın Qərb tərəfindən sevilmədiyinin əsas səbəbi rəsmi Ankaranın müstəqil siyasət yürütməsidir. Türkiyənin Suriya və Liviyada baş verən gərgin siyasi hadisələrə dair ədalətli mövqeyi, terrorizmə qarşı barışmaz mübarizəsi, böyük siyasi güclərin geosiyasi oyunlarına ələt olmaq istəməməsi və milli maraqlardan bir addım kənara çıxmaması beynəlxalq aləmdə ona böyük rəğbət qazandırıb. Terrorizmə qarşı mübarizədə Qərb Türkiyəyə nəinki yardım etmədi, əksinə, “demokratiya” adı altında terrorçuları dəstəklədi. Bunu müşahidə edən türk xalqı öz lideri ətrafında daha da sıx birləşdi.

İllər boyu qardaş türk xalqının Ərdoğanı dəstəkləyərək onu milli lider kimi qəbul etməsinin də əsas səbəbi Türkiyənin dünyanın nüfuzlu dövlətləri sırasına çıxmasıdır. Bu gün Türkiyə qlobal siyasi aktor olduğunu sübut edib. Qardaş ölkədə ən müasir texnologiyaların tətbiqi ilə “Bayraktar” PUA-larının istehsalından başlayaraq turizmədək bütün iqtisadi sahələrin inkişafı məhz Rəcəb Tayyib Ərdoğanın xidmətləridir.

Regional siyasətə təsir imkanı əldə edən Türkiyə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycana önəmli siyasi dəstək göstərdi, Ermənistanı dəstəkləyən bəzi qlobal güclərin reaksiyasına əhəmiyyət vermədi.

Türkiyənin keçmiş Baş nazirlərindən biri olan xanım Tansu Çillər sosial şəbəkə hesabında yazıb ki, vaxtilə Türkiyənin siyasi rəhbərlərini qəbul etmək istəməyən Qərb dövlətlərinin başçıları bu gün Ərdoğanla görüşmək üçün sıraya düzülüblər. Təbii ki, belə bir lideri türk xalqı hər zaman dəstəkləyər və onun ətrafında sıx birləşər. Məhz bu birliyin nəticəsidir ki, Türkiyə bir çox dünya dövlətlərinə örnək olacaq tərzdə inkişaf edir. İstər demokratiya, istərsə də iqtisadi və hərbi sənaye sahələrini yüksək inkişaf səviyyəsinə çatdıran Türkiyə ilə hesablaşır, hər bir siyasi prosesdə onun nüfuzunu nəzərə alırlar.

Hələ 20 il əvvəl Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi ilk illərdə ölkəsində həyata keçirdiyi islahatlar rəsmi Ankaranın dünya siyasətində aparıcı rol oynamağa hazırlaşdığını göstərirdi. Türkiyənin siyasi tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci tura qalması da səbəbsiz deyildi. Türkiyəyə müdaxilə edib, onu Yaxın Şərqdə geosiyasi oyunlara cəlb etmək istəyən qlobal güclər, ölkənin daxilində bir çox müxtəlif proksi qruplara dəstək oldular, siyasi təxribatlar törətdilər, demokratiya adı altında terrorçuları müdafiə etdilər, söz azadlığı adı altında isə heç bir əsası olmayan böhtanlar yazıb yalan təbliğat apardılar. Hətta “rəngli inqilab” etməyə cəhd göstərməkdən də çəkinmədilər. Lakin Türkiyə Yaxın Şərqin və Avropanın bəzi dövlətləri kimi “Banan” dövlət olmadığını ortaya qoydu. Bütün bunlar Rəcəb Tayyib Ərdoğanın siyasi qələbəsini - yenidən prezident seçilməsini şərtləndirmişdi.

Ərdoğanın qələbəsi bütün türk xalqının, Türk dünyasının zəfəridir. Təsadüfi deyil ki, o, türkdilli dövlətlərdə dünyamiqyaslı siyasi xadim kimi sevilir, rəğbətlə qarşılanır. Türkiyə Prezidenti Türk dünyası dövlətlərinin birliyinə, onların vahid mövqedən çıxış etməsinə çalışan liderdir. Onun nəinki Mərkəzi Asiya, Azərbaycan və Qafqaz respublikalarının xalqları, hətta Rusiya, Ukrayna, ABŞ vətəndaşları, eyni zamanda, Avropa dövlətlərinin əhalisi arasında da böyük nüfuzu var.

Rəcəb Tayyib Ərdoğanın siyasətə gəlişi və zirvələr fəth etməsi heç də asan olmayıb. O, böyük qüvvələrin Türkiyəyə necə siyasət aparacağını diktə etdiyi zamanda siyasət meydanına daxil oldu və mövcud vəziyyətlə razılaşmayıb özünün siyasi platforması ilə xalqın inamını qazanaraq hakimiyyətə gəldi. Bu yolda o, böyük məhrumiyyətlər yaşadı. Hətta iş o yerə çatdı ki, mitinqdə söylədiyi bir şeirə görə onu həbs etdilər və partiyasını bağladılar. Lakin Ərdoğan tutduğu yolun haqq yolu olduğunu bilir və buna inanırdı. Əmin idi ki, xalq onun siyasətini birmənalı şəkildə dəstəkləyəcək. Bu dəstəyin bariz nümunəsi 2015-ci ildə Türkiyədə dövlət çevrilişinə cəhddə özünü göstərdi. Xalq dövləti devirmək üçün küçələrə çıxarılan tankların qarşısını kəsdi və dövlətini qorudu. Belə demək mümkündürsə, R.T.Ərdoğanı devirib yerinə “sözəbaxan” şəxsin gətirilməsi planını xalq pozdu.

Beləliklə, əminliklə söyləmək olar ki, R.T.Ərdoğanın yenidən prezident seçilməsi Türkiyənin daha da inkişafına, icrasına başlanılmış nəhəng beynəlxalq iqtisadi layihələrin uğurla sona çatdırılmasına, eləcə də təhlükəsizliyinin daha mükəmməl şəkildə təmin olunmasına gətirib çıxaracaq. Türkiyənin təhlükəsizliyi isə Azərbaycan üçün olduqca əhəmiyyətlidir. İki qardaş dövlətin strateji müttəfiqliyi regiona da sülh və sabitlik, iqtisadi inkişaf gətirəcək.

Xudaferin.eu

23:23