“Rəsulzadə ancaq arzuladığı Azərbaycanda rahat uyuya bilər”

Qulu Məhərrəmli: "Rəsulzadə təkcə Azərbaycanın deyil, bütün Qafqazda siyasi düşüncənin təmsilçisi, özündə  demokratiyanı, dövlətçiliyi və müstəqillik anlayışını ehtiva edən irimiqyaslı şəxsiyyətdir"

 

Bu gün böyük azərbaycanlı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və rəhbəri, İstiqlal məfkurəsinin və Azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi və dövlət xadimi, mütəfəkkir, ədib, publisist Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. AYNA əməkdaşı bu əlamətdar gündə, Rəsulzadənin ev muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən professor, tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli ilə həmsöhbət olub.

 

- Qulu müəllim, bir müddət öncə ziyalılar Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşdü. İstərdik ki, bu təşəbbüsün nəticəsi barədə məlumat verəsiniz.

 

- Bilirsiniz, belə təşəbbüslər əvvəllərdə olub, xüsusən Rəsulzadə araşdırmaçıları zaman-zaman bu məsələni qaldırıblar, lakin hökumət bunu qulaqardına vurub. Amma indi biz situasiyanın dəyişdiyini və cəmiyyətin bu məsələyə daha güclü dəstək verdiyini hiss edirik. Ona görə də biz 5 nəfərlə “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsü ilə ictimaiyyətə müraciət etdik. Dekabr ayının sonunda isə təşəbbüs qrupunun üzvlərinin sayı 101 nəfərə çatdı. Təşəbbüsə qoşulmuş fəal elm və mədəniyyət xadimlərindən ibarət həmin 101 nəfərin iştirakı ilə Üzeyir Hacıbəyovun ev-muzeyində “İctimai Qrup” təsis etdik. Həmin qrup Rəsulzadənin ev-muzeyinin yaradılması istiqamətində işlərin əlaqələndirilməsi ilə məşğuldur. İmkan daxilində bəzi işlər görürük, məsələn, Bakı İcra Hakimiyyətinin bəzi qurumlarına müraciət etmişik ki, vaxtilə Rəsulzadənin yaşadığı evin indi kimə məxsus olması və oranın muzeyə çevrilməsi imkanları öyrənilsin. Təəssüf ki, həmin qurumlar bizim hüquqşünaslara cavab verməkdən imtina ediblər. Amma bir şey dəqiqdir ki, Rəsulzadə Nizami küçəsi 65 ünvanındakı evdə yaşayıb. İndi orada mümkün olmasa belə, başqa bir ünvanda ev-muzeyi yaradılmalıdır. Hazırda bu istiqamətdə işlər gedir. Gördüyümüz işlərdən biri də eyni adlı "Facebook" səhifəsi yaratmışıq və indi həmin səhifənin ictimai platformaya çevrilməsinə çalışırıq.

 

- Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş iki günlük beynəlxalq konfrans da keçirdiniz. Bu barədə qısa da olsa, məlumat verərdiniz.

 

- Yanvarın 30-da konfransımızın təntənəli açılışı oldu, elm adamları, ziyalılar, tanınmış ictimai xadimlər, diaspor nümayəndələri, xüsusən gənclər həmin açılış mərasimində çox şövqlə iştirak edirdilər. "Məhəmməd Əmin Rəsulzadə irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" adlanan bu konfransın həm elmi, həm də bəlli bir siyasi çəkisi, fəlsəfi mənası olduğunu düşünürəm. Hesab edirəm ki, ölkə ictimaiyyətinin diqqətini bir daha Rəsulzadənin siyasi irsinə və ev-muzeyi məsələsinə yönəldə bildik. Konfransda, həmçinin Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edildi. Həmin müraciətdə də xahiş olunur ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın. Çünki Rəsulzadəyə ehtiram göstərilməsi tək bir şəxsə diqqət deyil, Azərbaycan tarixinin parlaq bir səhifəsinə - Cümhuriyyət tarixinə, o Cümhuriyyəti quran insanların xatirəsinə olan ehtiramdır, diqqətdir. Ona görə də bu muzeyin yaradılmasını bir çox cəhətdən vacib hesab edirik.

 

- Konfransın keçirilməsi ilə istədiyiniz nəticəni ala bildinizmi?

 

- Nəticə barədə danışmaq bir az tezdir, amma ümidlər var. Baxın, ölkədə şəxsiyyətlərlə bağlı çox sayda muzey mövcuddur: Nəriman Nərimanovun, Mirzə Cəlilin, Üzeyir bəyin, Səməd Vurğunun və başqalarının ev-muzeyləri vardır. Bunların sayının çox olması da normaldır, çünki biz bununla dəyərlərimizi, tariximizi təbliğ edə bilirik. Amma niyə bu sırada Rəsulzadənin də ev-muzeyi olmasın?  Normal məntiq tələb edir ki, xalqa müstəqil dövlət bəxş edən, onun siyasi düşüncəsini, siyasi məfkurəsini ifadə edən, bütün bunları bir yerdə sistemli şəkildə tarix səhnəsinə çıxaran tarixi şəxsiyyətin mütləq ev-muzeyi olmalıdır.

Təbii ki, konfransda da bu barədə danışıldı. Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya, Rusiyadan konfransa video-görüntü ilə qoşulan Salavat İsakov, Türkiyədən Sevil Kəngərli, Almaniyanın məşhur Humboldt universitetlərinin Azərbaycan tarixi kafedrasının müdiri İva Mariya, eləcə də Polşadan, İrandan, Ukraynadan gələn qonaqlar çox səviyyəli məruzələrlə çıxış etdilər. Gəlinən əsas qənaət bu oldu ki, Azərbaycan tarixində bu miqyasda parlaq şəxsiyyətin olması, amma onun xatirəsinin anılmaması, ona ehtiram göstərilməməsi, ev-muzeyinin yaradılmaması, abidəsinin qoyulmaması ciddi nöqsandır. O baxımdan hesab edirəm ki, konfransımız da həmin təşəbbüs qrupunun həyata keçirdiyi tədbirlərdən biri oldu və bunun effektiv səmərəli nəticəsi olacağını düşünürük. İlk növbədə ictimaiyyətə lazım olan mesajları verdik. Proseslərin bundan sonra necə gedəcəyini isə zaman göstərəcək.

 

- Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı daha bir neçə təklif var. Məsələn, abidəsinin qoyulması, adının Bakı Dövlət Universitetinə verilməsi. Sizcə, yaxın zamanda hansı təklifin reallaşması mümkündür?

 

- Məsələ belədir: Rəsulzadə şəxsiyyətinə yanaşma dəyişib, qısqanclıq çərçivəsindən normal məcraya düşəcəksə, dediyiniz təkliflərin hər birinin reallaşması mümkündür. Yox, yanaşma dəyişməyəcəksə, həmin köhnə zəka öz diqtəsini edəcəksə, bunların heç birini reallaşdırmaq mümkün olmayacaq. Ümid edirik ki, bu münasibət dəyişə bilər, çünki əvvəllər Rəsulzadənin adı gələndə dodağı yeddi yerdən uçuqlayan insanlar konfransımızda məmnuniyyətlə iştirak edirdilər. Demək olar ki, ölkənin bütün telekanalları konfransı işıqlandırdı, o cümlədən AzTV. Həmçinin konfransa xarici ölkələrdən dəvət olunmuş qonaqları bir çox telekanallar efirə dəvət etdi. İctimai təşəbbüsə bu dərəcədə anlayışlı yanaşdıqlarına görə hər birinə təşəkkür edirik. Tədbirin işıqlandırılması belə, çox ciddi hadisə idi.

Rəsulzadənin abidəsi də mütləq nəzərdə tutulduğu yerdə - Kukla tetrı ilə üzbəüz sahədə qoyulmalıdır. Abidə görkəmli heykəltəraşımız Ömər Eldarovun emalatxanasında niyə qalmalıdır?! Və yaxud da niyə Bakı Dövlət Universitetinə Rəsulzadənin adı qaytarılmasın?! Rəsulzadə bir millətin min illik tarixində ortaya çıxmış böyük ensiklopedik zəka sahibi olan çox qüdrətli şəxsiyyətdir. Digər tərəfdən o, universiteti yaradanlardan, ideyanı ortaya atanlardan və yön verənlərdən biri olub. Biz niyə onun haqqını danmalıyıq?

 

- Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı verdiyi sərəncam çərçivəsində Rəsulzadə ilə bağlı görülən işləri qənaətbəxş hesab etmək olarmı?

 

- Təbii ki, ölkə başçısının Cümhuriyyətin 100 illiyi ilə bağlı verdiyi sərəncam bu proseslərdə çox ciddi rol oynadı. Cümhuriyyət və onun qurucuları barədə biliklər çoxaldı, yeni araşdırmalar, kitablar ortaya çıxdı, Rəsulzadə həyatının bir çox dövrlərinə də işıq salındı, filmlər çəkildi. Rəsulzadə şəxsiyyətinin miqyasının böyüklüyünü bir daha gördük. Hesab edirəm ki, bu sərəncam bir ilə sığmamalı, işlər davam etdirilməlidir. Məncə, yanaşmalar, şövq, ruh yüksəkliyi bu şəkildə davam edirsə, biz Rəsulzadənin adına universitet də görə biləcəyik, abidəsinin qoyulmasına da şahidlik edəcəyik, ev-muzeyinin açılışında da iştirak edə biləcəyik.

 

- Bir müddət əvvəl Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi barədə də təkliflər edilirdi. Siz hazırkı məqamda bu təklifə necə baxırsınız?

 

- Mənə elə gəlir ki, məzarın Azərbaycana gətirilməsi üçün o tarixi şərait yetişməyib. Yəni təşəbbüslər nə qədər vətənpərvər səslənsə də, bu təklif tez-tez gündəliyə çıxsa da, məncə bu gün üçün məzarın Azərbaycana gətirilməsi aktual deyil, heç mümkün də deyil. Mən bunun niyəsi üzərində dayanmaq istəmirəm, səbəblər çoxdur… Rəsulzadənin uyuduğu Ankara şəhəri onun ikinci vətənidir. Yəni bu, çox ciddi məsələdir. Rəsulzadə ancaq arzuladığı Azərbaycanda rahat uyuya bilər. Biz demokratik dövlət qurmağı bəyan etmişik, amma hələlik bununla bağlı ciddi problemlərimiz var.  Bu problemlərin aradan qaldırılmasında Rəsulzadə irsi bizə kömək edə bilər. Biz bilməliyik ki, Rəsulzadə yalnız Azərbaycan siyasətçisi və mütəfəkkir deyil,  həm də bütün Qafqazda siyasi düşüncənin təmsilçisi, özündə demokratiyanı, dövlətçiliyi və müstəqillik anlayışını ehtiva edən irimiqyaslı şəxsiyyətdir. Ona görə də Rəsulzadə ilə bağlı atılan hər addım mütləq bir rezonans doğurur. Çox doğru müqayisə edirlər ki, Amerika üçün Corc Vaşinqton kimdirsə, Rəsulzadə də Azərbaycan üçün o adamdır. Məhz buna görə də biz Rəsulzadəyə borcumuzu qaytarmalıyıq, ehtiramımızı davamlı şəkildə ifadə etməliyik.

 

- Əvvəlki sualımıza cavabınızda qeyd etdiyiniz kimi, Rəsulzadənin adından qorxanlar bu gün onunla bağlı paylaşımlar edərək, ehtiramlarını, sevgilərini bildirirlər. Bunları necə qarşılayırsız?

 

- Yaxşı qarşılayıram, o adamların davranışını, yəni haqqı gəlişini təqdir edirəm. İnsanlar çox şeyləri bəzən öz iradəsi ilə yox, müəyyən təzyiq və təhdidlər altında edirlər. Amma indi öz ürəklərinin səsi ilə Rəsulzadəyə sevgi ifadə edirlərsə, bunu alqışlamaq lazımdır.

 

- Bir müddət əvvəl Rəsulzadənin Gəncədəki büstünə torba keçirilmişdi, həmçinin "28 May" metrostansiyasındakı mozaikadan yığılmış rəsmi sökülmüşdü. Ümid edə bilərikmi ki, bir də belə xoşagəlməz hadisələr yaşanmayacaq?

 

- Rəsulzadənin büstünü dustaq etmək, şəklini haradansa silmək və s. hamısı keçici məsələlərdir. Cəmiyyət belə naqisliklərə adekvat reaksiya verir, çünki məşhur ifadədə deyildiyi kimi, Rəsulzadənin yeri ürəklərdir, könüllərdir, qəlblərdir. Bu, pafoslu deyilmiş ifadə deyil, doğrudan da belədir. Bizim təşkil etdiyimiz beynəlxalq konfransın açılışında UNEC-in ikinci kurs tələbəsi Günel Xosrovbəyli adlı tələbənin çıxışı insanları çox kövrəltdi. O dedi ki, Rəsulzadədən sonra gələn 3 nəsil onun xatirəsini əbədiləşdirə bilməyib. Bizə müraciət edərək bildirdi ki, “əgər siz onun ev-muzeyini açmasanız, abidəsini qoymasanız, bunu bizim nəsil edəcək”. Yəni yeni nəsil gəlir, onlar Rəsulzadəni olduğu kimi duyur, onun demokratizmini, bu millət, vətən qarşısında xidmətlərini dərindən dərk edir, haqqında çox şey bilirlər. Onlar fərqli enerji ilə hərəkət edəcəklər. Amma indidən biz bunu ağıllı şəkildə edib, cəmiyyyətə o mesajları versək, Rəsulzadəyə lazım olan ehtiramı göstərib ona olan borcumuzu qaytarsaq, bir o qədər tarixə xidmət etmiş olarıq.

Biz ardımızca gələn nəsilləri unutmamalıyıq, bu işi görməliyik, bir cəmiyyət olaraq, hər bir vətəndaş, özünü ictimai milli şüurun məhsulu hesab edən hər kəs Rəsulzadəni özünə doğma bilməlidir. Bizim bir millət kimi varlığımız, bir dövlət kimi mövcudluğumuz Rəsulzadənin adı ilə yanaşıdır. Dünyada 3 minə yaxın xalq olsa da, yalnız 200-nün dövləti vardır. Bu dövləti isə bizə bəxş edən Məhəmməd Əmin Rəsulzadədir, onun məsləkdaşlarıdır. Ona görə də biz Qurucu babalarımızın, Cümhuriyyəti yaradanların ruhu qarşısında baş əyirik, onlara olan ehtiramımızı göstəririk. /ayna.az/

18:44