Rumıniyanın milli xəbər agentliyi İmadəddin Nəsimi barədə məqalə yayıb

Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “İmadəddin Nəsimi – İnsan kamilliyinə gedən yol” sərlövhəli məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə çoxəsrlik bədii-fəlsəfi fikir ənənələrində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsinin insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyət və aktuallıq kəsb etdiyi bildirilir. Yazıda Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilir.

Qeyd olunur ki, Nəsiminin mənəvi və fəlsəfi ideyaları bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə səsləyir, ədalətsizliyə qarşı mübarizə aparır. Şairin əsərlərinin Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayıldığı, sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyi və əlyazmalarının dünyanın bir sıra kitabxanalarında saxlanıldığı nəzərə çatdırılır. Bildirilir ki, keçmişin böyük filosof və şairlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı fəaliyyət bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və Azərbaycanda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında həmin ilin 11 yanvar tarixli sərəncamları ölkə başçısı tərəfindən mütəfəkkirin ruhuna hörmət və ehtiramın ən yüksək göstəricisi, sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilikdə, Azərbaycan mədəniyyətinə verilən misilsiz dəyərin ifadəsidir. 2018-ci ilin sentyabr ayında Azərbaycanda Nəsimi poeziya, incəsənət və mənəviyyat festivalının ilk buraxılışı baş tutub. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunub.

 

İqbal Hacıyev

Xudaferin.eu

11:48