Rusiya diplomatı: Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin layihəsi əsasən razılaşdırılıb

Bakı ilə İrəvan arasında sülh danışıqları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə üçtərəfli razılaşmaları kompleksi məcrasında davam edir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

Diplomat deyib: “İki tərəf arasında aparılan danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər kompleksinə uyğun olması vacibdir. Gələcək sazişlə bağlı razılığa gəlməkdən əlavə, söhbət həm də nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası və demarkasiyasından, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulmasından gedir”.

Səfir qeyd edib ki, Moskva sülhün tezliklə bağlanacağına ümid edir: “Tərəflərin rəsmi bəyanatlarına əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi praktiki olaraq razılaşdırılıb. Rusiya Prezidenti Vladimir Putinin dövlət səfəri zamanı vurğuladığı kimi, Moskva onun imzalanmasına töhfə verməkdən məmnun olacaq. Ümidvaram ki, bu, mümkün qədər tez baş verəcək, çünki sazişin imzalanması Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq yolunda mühüm addım olardı”.

Mixail Yevdokimov Ermənistanın təhlükəsizlik sahəsində Qərblə əməkdaşlığından narahat olduğunu bildirib. “Ümumiyyətlə, Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur. Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq, bir qayda olaraq, yaxşı heç nəyə gətirib çıxarmır. Biz əminik ki, Cənubi Qafqazda istənilən problem kənar müdaxilə olmadan region dövlətlərinin özləri tərəfindən həll edilməlidir. “3+3” Məşvərətçi Regional Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda xarici işlər nazirləri səviyyəsində bu platformanın növbəti görüşünün vaxtı razılaşdırılır”, - deyə rusiyalı diplomat əlavə edib.

Fəridə Abdullayeva

Xudaferin.eu

16:46