Şahi-Zində... yox-yox, Şəhidi-Zində

Bu ortaçağ dalanında bir əbədiyyət, bir dirilik qoxusu dolaşır

Ən qədim şəhərlərlə - Rum, Afina, Babillə həmyaşıd olan Səmərqəndi “Dünyanın parlayan ulduzu”, “Şərqin Rumu”, “Müsəlman dünyasının qutsal varlığı” adlandırmışlar.

Bu gün... Səmərqəndin başqa bir qutsal məkanına, Əfrasiyab təpəsinin güney yamacında yerləşən Şahi-Zindəyə gəldik.
Şah, məlum, zində - o da məlum, diri deməkdir. Bizim ölkəmizdə də bu adda yerlər var. Məsələn, Xıdır-zində. Yəni diri Xıdır, Xıdır-İlyas, Xızır peyğəmbərin qutsal yeri.

Faziləddin hoca ara-sıra təkrar edir; əslində bu yerin adı Şahi-Zində deyil, Şəhidi-Zindədir. Şəhid sözü zamanla təhrif olaraq, şah həddinə düşüb. O deyir, mən heyrət içində ətrafa baxıb dinləyirəm. Nə qədər heyrətdə olsam da, gördüyümü, eşitdiyimi kəsdirə bilməsəm də, deyəsən, hocam bu dediyini artıq yeddinci dəfə sözarası israr edir; şəhid-zində, şəhid zində... görünür o, bu təhriflə heç cür barışa bilmir.

Qəbul edirəm, şah niyə diri olsun ki, şah şəhid olarsa, bu başqa məsələ, diri sayıla bilər. Məntiq bu israrı qəbul edir.

Yaxşı, bəs diri olan bu şəhid kimdir?

Peyğəmbərimizin əmisi həzrət Abbasın oğlu Kusam ibn Abbas.

Mənbələr yazır, fəzilət və təqva sahibi olan Kusam Səid Osmanla birlikdə Səmərqənd səfərinə qatıldı və orada şəhid oldu. Başqa bir hədisdə deyilir; Peyğəmbərimiz dedi, Kusam, zahirən və qəlbən başqalarından daha çox mənə bənzəyir. Daha başqa bir hədisdə deyir; atası həzrət Abbas oğlunu əzizlərkən dedi; ey üstünlüyün və seçkinliyin uca sahibi peyğəmbərimizə bənzəyən Kusam.

Beləcə, Üstün və Seçkinə bənzər Kusam ağır səfərə - Turan ellərinə İslamı yaymağa yollanır. Amma məkanın öz dini, öz imanı vardı, qolay-qolay vaz keçəsi deyildi minillik inancından.

Çox yerlərdə olduğu kimi Səmərqənd atəşpərəstləri də öz ocaqlarını müdafiə etmək üçün yeni din, yeni üsul gətirən, ‘bundan belə o cur yaşama, bu cür yaşa’ deyən, yadellilərə müqavimət göstərirdilər.

Bu qarşıdurmada Kusam şəhid olur. Onun şəhidliyi haqqında 7-ci əsrdən bu günə müxtəlif rəvayətlər, əfsanələr, inanclar mövcuddur. Hətta... o, döyüşdə ölmədi, dedilər, başına qılınc enən anda qadir Allah önündəki qayadan üzünə bir qapı açdı, o qapıdan içəri girib cənnətə keçdi. Bəziləri də dedilər, yox, Kusam başını itirdi, amma özünü itirmədi, bir quyuya enib qeyb oldu. O qayıdacaq.

Xalq bu inancları sözü, könlü ilə bəsləyib dildən-dilə, nəsildən-nəslə, əsrdən-əsrə ötürmüş və 1400 il yaşatmışdır. Çox ciddi sürəcdir.
Xalqın inanclarına isə istəyirsən inan, istəyirsən inanma, bu, heç nəyi dəyişmir. İnananlar və inanmayanlar gəlir, gedir. Hipotez qalır. 
Hadisənin təqvimi 676-cı il kimi göstərilir. Həmin tarixdən 400 il sonra, ilk dəfə məzar abadlaşdırılaraq, üstündə məqbərə tikilir. Sonrakı dövrlərdə gələn hakimlər də İslama xidmətini sərgiləmək üçün bu yeri abadlaşdırmışlar.

... Pillələr qələbəlikdi. Bütün ziyarətgahlarda, bütün muzeylərdə olduğu kimi yerlilər gəlmələrdən çoxdur. Amma bu nağıl dalanda hər kəsə yer var, hər kəsə pay var...

Hava əcaib xoşdur, günəş və rüzgar həmahəng olaraq bu cənnət məkanın da, sənin də xidmətindədir. Biri isidir, o biri sərinlədir. Əbədi dirilər ruhunu dindirir.

Ətraf əfsanələr ələmidir, hansı səmtə baxırsan bax, zamanını tapmazsan, sanki orta çağlardasan.

Başı dalan olan bu zaman zolağını bir-birindən tac-tağlar ayırır, sanki dərəcələrə bölür. Hər dərəcənin öz sakinləri var.

İrəliləyirəm... hər tərəf işıqlı, hər tərəf naxışlı... sakit və təmiz...

Demişdim axı, özbəklər səs-küyçü deyillər. Üzləri daş kimi ifadəsiz görünür bəzən; amma dindirərsənsə ilıqlıq, istiqanlıq görəcəyinə əmin ol. 
Bir yerdə dalanın kəlləsinə, şəhid Kusamın uca məqbərəsinə yürüməkdəyik...

Şəhidin məzarına ziyarətçiləri 40 pillə qaldırır. İşin içini bilənlər gedəndə və dönəndə bu pillələri sayır. İnanca görə eyni rəqəm alınarsa niyyətin hasil olacaq.

Pillələri yanaşı çıxdığım insanlar, uşaqlı-böyüklü inadla sayırdılar; bir, iki, üç... iyirmi yeddi... otuz doqquz... hər kəsin gözü təkidlə basamaqlara dikilib.

Hər kəs inamla saymaqdadı. Hər kəs sayda caymaqdan üşənir...

Mən də onlara qoşuldum, addım-addım... saydım-saydım... mahiyyətimiz niyyətlərimizdə deyilmi...

...13-cü əsr monqol yürüşlərində cah-cəlallı Türküstan şəhərlərinin yerində arpa əkildi. Qalalar viran edildi, abadlar bərbad oldu, əziz məbədlər dağıdıldı. Yerli camaatın ruhani nəyi vardısa tar-mar edilirdi. Bu istilanın mahiyyətinə zidd olsa da, monqollar Kusam ibn Abbasın məzarına toxunmadılar. Allahın intiqamındanmı qorxdular? Bilmirəm. Görünür, yerli inanc o qədər güclü olub və elə geniş bir alana yayılıb ki, heç nəyi saymayan, heç nədən qorxmayan moğollar bu inancla hesablaşıblar.

... Əmir Teymurun üstünlüyü elm-irfan, bilik sahibi olduğu kimi həm də böyük inanc sahibi olması idi. O, etiqadlı bir müsəlman olduğu qədər Turanın əski türk-moğol ənənələrinə bağlı idi. Onun qələbə məclislərində müqəddəs kəlmələr səslənməklə yanaşı içki də içilirdi. Əmir millətlərin məişət vərdişləri, örf-adətləri, daşlaşmış inancları üzərindən qara xətt çəkəcək qədər sadəlövh deyildi. O, universallaşmanın, uzlaşmanın ustadı idi, idarəetməsi də bu təməl üzərində idi.

Şəhid Kusamın məzarı ilk dəfə Əmir Teymurun zamanında şahanə abadlıq görür. Əmir hərb yürüşlərindən geri dönərkən sarayına girməzdən öncə Səmərqəndin bir neçə məkanını ziyarət edərdi. Yürüşlərə o yerlərdən gedər, o yerlərdən dönərdi. Həmin müqəddəs yerlərdən biri Kusamın məzarı idi. Bu möhtərəm yerdə Əmir bacılarını, xanımı Tümən əkəni, süd anasını da dəfn etmişdi.

... İynə atsan yerə düşməz. Sanki şəhər bütünlükdə burada - Yer üzünün bu misilsiz ortaçağ dalanındadır...

Dalan pillə-pillə ucalır, basamaq-basamaq yoxuşa qalxır. Ora bir getmək, bir də qayıtmaq var, sağı, solu, duracağı, dönəcəyi yoxdur. Şərafətli məqbərələr, ehtişamlı qapılar, mavi naxışlı günbəzlər önündən keçib gedirsən. Qapılardan içəri boylanarsansa, bəyaz sərdabələrdə uyuyanlara salam edib yubanmadan yoluna davam edəcəksən.

Nəhayət, başda və sonda Şəhid Kusamın sərdabəsi əzəmətli təhri ilə səni gözləyir. Bu əzəməti görmək üçün öncə alçaq, dar qapıdan əyilib keçəcəksən. İçəridə avazla quran oxunur... sən də bu havaya donacaqsan... harada olduğunu, nə baş verdiyini anlamayacaqsan...

... Getdiyin kimi geri dönməlisən.

Dalandan çıxışa aparan yolda «ustadına bərəkallah» dedirdən məqbərələr sıralanıb. Bu məqbərələrdəki sərdabələrin içində minilin ölüləri yatır. Amma bura ölü bir yer deyil. Qətiyyən qəbiristanlıq halında deyil bura. Burada sükunətin, dincliyin, faniliyin işarəti belə yoxdur. Burada zamansız bir həyat var. Buralar həyatın qaynadığı, eşqli və həyəcanlı qəlblərin dolaşdığı yer kimi görünür.

Demək, şah diridir, deyirlər, hoca; şəhid diridir, deyir. Baxıram ətrafa, sanki bu yerin özü diridir, şahı ilə, şəhidi ilə, hətta məzarları ilə. Buraya gələn insanların üzlərində o qədər əminlik var ki...

Yox, bu yerin özü canlıdır. Hər şeyi ilə, günəş şüaları altında bərq vuran göy-mavi naxışlarıyla belə bu yer nəfəs alıb nəfəs verirdi...

Bu körüklənən nəfəslərin içində bir təşnə nəfəs də sezilməkdə idi;

Uca Əmir zəfər yürüşündən dönmüşdü. Yorğun və məmnundu.

Əldən düşmüş qoşun qənimətilə yüklənərək yolboyu köyünə, evinə dağılıb. Minbaşılara, tümənbaşılara, sərkərdələrə «mürəxxəs» deyilib.

Yollar yorğunu, illər yorğunu Əmir sarayına, taxtına, rahatlığına tələsmir. Sevimli Səmərqəndindən öncə şəhid Kusamın hüzuruna gəlib.

Bu ehtişamlı dalanda üzüyuxarı yürüyür.

Əzəmətli və axsaq ayağı mərmər basamaqlara külüng kimi vurulur.

Dünya-aləmin baş əydiyi Əmir şəhidə baş əyməyə yüksəlir.

Əmir 40-cı pilləni çıxır... şəhidə müjdə gətirir... deyiləcək sözü, qılınacaq namazı, ediləcək duası var...

Böyük qənimətdən bu yerin ayrıca payı var...

... Şəhidə yaxın səmtdə Əmir Teymurun ailəsindən bir neçə nəfər dəfn edilib. Əmirin bacıları, xanımı Tümən əkə, dövrünün məşhur din xadimi Xoca Əhməd...

25 məqbərə varmış. 1400 ilə cəmi 25 nəfərə ehsan edilib bu yer...

Teymurun sərkərdəsi Burunduk.

Burunduk son dərəcə şücaətli və yenilməz döyüşçü olub. Əmir ona inanar, güvənər, xətrini əziz tutarmış. O, Teymur əyanlarının ən zəngini imiş.

Görünməmiş səxavət sahibi Əmir döyüşlərdən gətirdiyi qənimətdən ona ürəkli bəxşişlər edərmiş...

Lakin onun məzarı bu cəh-cəlalın içində ən sadələrindən biridir.

Bəlkə bu sadəlik Burundukun öz vəsiyyəti olub.

Başqa səbəblər də var; heç bir məqbərə şəhidin məqbərəsindən zəngin və uca ola bilməzmiş.

Əmirdən sonra Səmərqəndin hakimi Uluqbəy Şahi-Zindənin girəcəyində əzəmətli piştağ - alaqapı tikdirir. O, da şəhidə və yanaşı yatanlara ehtiramını ifadə edir.

Eləcə də burada, ən aşağı başda əziz dostunu, nücum alimi Rumini dəfn edir. Alimin məqbərəsini bütün məqbərələrdən uca yapdırır, hətta şəhidin məqbərəsindən belə.

Bəli, məhz, Şahi-Zindənin bütün məqbərələrindən alimin məqbərəsi uca olur..

Böyük dini bilikləri olan, azyaşlarından hafiz olan Uluq bəy, bunu İslamın təməl qanunlarına əsaslanaraq etmişdi. O qanun belə idi; 
Peyğəmbərimiz dedi; mənim varislərim alimlərdir.

Belə! Həqiqi İslamın, eləcə də Əmir Teymurun, alim-hakim Uluqbəyin alimə verdiyi qiymət bu yerdə bu sayaq rəmzləşib!

Şahi-Zində dünyada misli olmayan, özündə zamanları yaşadan qutlu və mutlu bir məkandır. Burada, bu ortaçağ dalanında bir əbədiyyət, bir dirilik qoxusu dolaşır...

Mehriban VƏZİR

Musavat.com

 

13:38