Şahrun Süleymanlı yazir: Qəhrəman çiçəklər…

Qərənfil adəti üzrə sübh tezdən oyanmışdı. Payızın sonları idi, üzü qışa gedirdi. Payız bu il gecikmişdi xeyli. Elə günəşli keçirdi havalar. Yarpaqlar hələ saralmağa, küləklər əsməyə, yağışlar yağmağa tələsmirdi bu payız. ..

  Qərənfil qırmızı donunu geyinib saçlarına sığal çəkdi, aynada özünə bir nəzər saldı. Gözəl görünürdü.Amma illərdi gözlərinin dibində yuva salmış kədərin izləri görünürdü hələ də... Qəribə bir küskünlük vardı üzündə. Nə qədər allıq olsa da yanaqlarında əvvəlki şuxluğunu çoxdan itirmişdi. Bir məyusluq süzülürdü bənizindən...

   Xəyallardan ayrılıb qırçınlı örpəyini çiyninə saldı, qapını açıb həyətə çıxdı. Bir az hava almaq, əl üzünə su vurmaq istəyirdi. Çölə çıxan kimi ürkək payız günəşinin şəfəqləri gözlərinə düşdü. Solğun gözəlliyi daha cazibədar görünürdü ...
Bulağın başına tərəf yeriyərkən həyətdəki yavaş-yavaş saralmağa başlayan kolların dibində bənövşəyi ilə çəhrayının qarışığı bir rəng dəydi gözünə. Əyilib baxdı. Qəribə bir çiçək gördü orda. Sanki həm gül idi, həm arı, həm də bülbül. Üç canlı bir budaq üstündə qucaq-qucağa oturmuşdu sanki. Qərənfili heyrət bürüdü. Aman allah... Bu ki, xarı bülbüldür. İlin bu fəslində, özü də burada... Yuxumu görürəm görəsən? Deyəsən səsli düşünmüşdü. Qəfil gələn zərif, incə səsdən diksindi:
-Sənə qonaq gəlmişəm , Qərənfil.
-Axı sən yaz çiçəyisən, özü də buralarda yox, uzaqda, cənnət Qarabağda açırsan, bildiyimə görə.
-Hə, doğrudur. Amma bu il hər şey başqa cür oldu. Bilirsən, mən sənin haqqında çox eşitmişdim. Bizim yerlərdə səni heç görməmişdim, Amma sənin gözəlliyin, və küskün taleyin haqqında duymuşdum. Həmişə səni görməyi, səninlə danışmağı atzulayırdım. Deyirlər sənin taleyin bir gecədə, soyuq ,qarllı bir Yanvar gecəsində dəyişib...

   -Elədir... Düz eşitmisən. O gecədən sonra, mən sevgii gülündən matəm çiçəyinə çevrildim... Daha məni heç kim sevgilisinə bağışlamır, büllur güldanlarda ,bayram süfrələrini bəzəmirəm mən daha. İndi mənim bir ünvanım var: məzar üstü. ..
   -Elə mən də bu səbəbdən sənin yanına gəlmişəm. Dedim məni ən yaxşı sən anlayarsan... İndi mən də, sənin kimi şəhid çiçəyi olmuşam.. 
Sən yanvar şəhidlərinin  rəmzisən, mən isə, Qarabağ şəhidlərinin. Bilirsən, bu payız  bir səhər günəşin istisini hiss elədim üzümdə. Sonra pıçıltısını duydum: 
-Oyan,..,oyan..,deyirdi mənə.Gözlərimi ovuşdurub, əl qolumu açdım. Ətrafa göz gəzdirdim. Hər tərəf qıp-qırmızı idi... Ay aman, nə çox yatmışam deyə düşündüm. Bütün lalələr açıb, mən isə yatıb yuxuya qalmışam...
-Hə, çox yatmısan... düz 27 ildir yuxudasan,- dedi mənə günəş. Sonra dedi ki, bir əməlli bax ətrafa, bu qızaran torpağa bax! Lalələr deyil, gözünü qamaşdıran. Bu , Şəhid qanına bürünmüş torpağln rəngidir. 
Ətim ürpəşdi qəfil.

-Nə danışırsan, nə şəhid?!!!
-27 il əvvəl, sənin təzə çiçək açmağa başladığın o may günündən sonra buraları tərk edən igidlərimizdir onlar. Sən o gündən yatmışdın, xəbərin yox idi, yağıların yurdumuzu yağmaladığından. Elə yaxşı ki, yatmışdın. Yoxsa dözməzdin gördüyün dəhşətlərə, çox zərifsən axı!İndi çoxdan bağrın çatlayıb ölmüşdün. Heç mən də bilmirəm, bütün bunlara necə dözmüşəm. Özüm oyatmırdım  səni. Deyirdim qoy yatsın hələ. Vaxtı gələndə oyadaram. İnanırdım bu günün gələcəyinə. Bax, gəldi də.İndi, oyan, çiçəklənib bu torpağın rəngin dəyiş,bahar rənginə bürü onu. Bir o yatan igidlərə bax, qalx ayağa, o zərif əllərinlıə onların tellərini oxşa. Kimisi səni anası, kimisi yarı, kimisi körpəsi sansın yuxuda. Sən də bu gündən şəhid çiçəyi oldun.

   Mən günəşin dediklərini etdim. Bir -bir o gənclərin üzünə qondum. Axı mən uça da bilirəm, köksümdəki arının qanadlarında. Ona dedim ki, nəbadə bu yatan çocuqları sancasan! Onlar şəhidlik yuxusundadırlar. Oyatma onları. Çiçək qanadlarınmla onların üz-gözünü , tellərini oxşadım. Göz yaşlarımla yaralarının qanını yudum Axı evlərinə gedəcəklər. Qoy anaları onları qan içində görməsin. Elə yorulmuşam  ki... Bilirsən necə çox idi onlar? Düz 2783 nəfər. Hamısıyla bir-bir görüşdüm. İlahi, necə də gözəldilər... Hamısının üzündə xoşbəxt bir təbəssüm donub qalmışdı. Qana, toz -torpağa bulaşmış üzlərini yuduqca ordan süzülən nuru gördüm. Sinəmdəki dözülməz ağrı xəfifləməyə  başladı yavaş-yavaş.Anladım ki, rahatdılar onlar. Məmnundular getdikləri yerdən. Axı ora dünyanın  ən uca zirvəsidir...Şəhidlik  zirvəsi...Ora nur içindədir daim. Ordan hər yer ovuc içi kimi görünür. Onlar həmişə ordan öz doğmalarını izləyəcəjklər .Buna görə üzləri gülür. Həm də otuz illik  Vətən borclarını yerinə yetirdikləri üçün çox xoşbəxtdirlər. 

Onların hamısını son mənzilə yola salıb, özüm bura gəldim, sənin yanına. Dərdləşmək istədim səninlə, qərənfil. Axı bizim taleyimiz oxşardır. İndi necə olacaq? Biz heç vaxt gülməyəcəyik, sevinməyəcəyik, geyinib-bəzənib ətirlənməyəcəyik?
-Yox, nə danışırsan. Biz səninlə şəhid çiçəyi olsaq da, əslində Azadlıq rəmziyik ikimiz də. Birimiz xalqımızın  müstəqillik yolunda, birimiz də Qarabağın azadlıq  yolunda bitmişik  . Məncə biz qəhrəman çiçəklərik əslində. Düzdür, ömür boyu yaramız sızlayacaq. Amma azad ,xoşbəxt və bütöv Vətənimizi görüb dərdimizi unudacaq, kədərimizi gözlərimizin dərinliyinə göməcəyik. Ağlama artıq,sil gözlərini. Sən də alışacaqsan, mənim kimi. Dur gedək içəri. Çox yorğunsan. Təzə çay dəmləmişəm. Elə Qarabağ kəklikotusuyla. Gedək içək. O saat yorğunluğun keçəcək.
Onlar əl-ələ verib içəri keçdilər. Hələ bir-birilərinə deyiləsi çoox sözləri vardı...

Xudaferin.eu

01:20